Əlaqə Arxiv
news Image
2018.05.25
07:00
| A A A
Avropalı iş adamları Bakıya axışırlar
Azərbaycanda yaradılmış əlverişli biznes mühiti beynəlxalq səviyyədə sərfəli iş birliyinə təminat verir

İyunun 5-də Bakıda keçiriləcək Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda iştirak edəcək şirkətlərin sayı ötən illə müqayisədə çox olacaq.  Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. Onun sözlərinə görə, 2017-ci ildə keçirilmiş eyni tədbirdə 400 şirkət iştirak edib. Bu il isə 500-dən çox şirkət artıq iştirakını təsdiqləyib. Belə görünür ki, Azərbaycanın biznes mühiti, ölkədə həyata keçirilən islahatlar barədə məlumatlar beynəlxalq aləmdə diqqətlə izlənilir. İndiyədək keçirilmiş 2 biznes-forumda Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanları geniş müzakirə edilib, kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühit texnologiyaları sahəsində maraqlı layihələrin həyata keçirilməsi imkanları üzə çıxarılıb. Bu da ildən-ilə əməkdaşlıq perspektivlərinin genişlənməsinə şərait yaradıb. Bu baxımdan builki tədbirə marağın artması heç də təəccüblü deyil. 

Lakin Aİ-Azırbaycan arasında iqtisadi əməkdaşlığı şərtləndirən daha tutarlı səbəblər var. Buraya ilk növbədə əlaqələri qaçılmaz edən səbəblər daxildir. Bunlardan birincisi enerji resurslarının mübadiləsi proqramları üzrə işin yüksək səviyyədə qurulmasıdır. Xüsusilə, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılmasına çox az vaxt qalməş TANAP və TAP layihələrinin iqtisadi və siyasi dəyəri yüksək qiymətləndirilir. Enerji təhlükəsizliyi kimi böyük əhəmiyyət daşıyan strateji proqramda Azərbaycan Avropaya yeni pəncərə açmaqla öz iqtisadi qüdrətini nümayiş etdirmiş olacaq. Bu həlledici addım Azərbaycana nəinki valyuta, həm də etibarlı və imkanlı tərəfdaş imici qazandırır. Neft ölkələrinin xüsusi çəkisi beynəlxalq aləmdə həmişə ayrıca olaraq fərqləndirilib. Bu istiqamətdə qazanılan uğurlar digər sahələrə də güclü təsir edib.
İkinci mühüm səbəb Azərbaycanın artıq beynəlxalq nəqliyyat qovşağının mərkəzində yer alması ilə bağlıdır. Bu işdə yenə də hökumətin atdığı düşgün iqtisadi addımların rolu qeyd edilməlidir. Bakı-Tiflis-Qars dəmiryol xətti ilə Böyük İpək Yolunun üzvi hissəsinə çevrilən ölkənin polad magistrallar şəbəkəsi 1-2 ilə Şimal-Cənub nəqliyyat dəhlizinin də birləşdirici vəsiləsinə çevriləcək. Bununla da yükdaşıma kimi ticarətin vacib predmeti olan nəqliyyat sistemi çox geniş arealda ölkələri və onların biznesmenlərini özünə cəlb edəcək. 
Üçüncü səbəb ölkənin qeyri-neft sektorunun sürətli inkişaf yoluna qədəm qoymasıdır. Azərbaycan barama, pambıq, fındıq, ərzaq məhsulları, neft sənayesi avadanlığı və neft məhsulları, kimya sənayesi məhsulları istehsal və ixrac edən ölkədir.
Bütün bu saydıqlarımız və üstəlik ölkədəki əlverişli biznes mühiti xarici sahibkarların və sərmayəıdarların cəlb edilməsi üçün fundamental şərtlərdir. Yəni, ölkənin daşımağa xammalı və inkişaf etmiş nəqliyyat sistemi, yeni müəssisələr tikmək üçün xammal bazası və imkanlı tərəfdaşları, ixtisaslı və savadlı mütəxəssisləri, üstəlik də dövlətin dəstəyi var.
Daha bir mühüm cəhət mürəkkəb regionda yüksək sabitlik əmsalıdır və bu da biznesin uğurlu və davamlı olmasının əsas amillərindən biridir. Etiraf edək ki, iş qurmaq istəyənlərdən ötrü bu cür şərtlər ilk addımı atmaq üçün biznes-planların başlıca prinsipləridir.     
Ötən ilin yekunlarına görə, Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi 3 milyard dollardan bir qədər artıq olub. Ölkənin cəmi ixracının 46%-i, idxalının isə 22%-i Avropa İttifaqı ölkələrinin payına düşür. Lakin möbcud imkanlar və siyasi əlaqələr fonunda bu rəqəm çox kiçik görünür. Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı Avropa ilə iqtisadi əlaqələrin gücləndirilməsini tələb edir. Bu gün respublikanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə səmərəli və davamlı əməkdaşlığın inkişaf etdirilməsidir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz