Əlaqə Arxiv
news Image
2018.06.01
07:00
| A A A
“Cənub Qaz Dəhlizi” Azərbaycanın təsir dairəsini genişləndirir
Vüqar Bayramov: “Cənub Qaz Dəhlizi” həm ölkəmizin strateji mövqeyinin, imicinin möhkəmlənməsinə və həm də regional məsələlərə təsir imkanımızın genişlənməsinə xidmət edəcək” İlham Şaban: “Bu addım ölkəmizin təsir dairəsinin artmasına, layihənin əhatə edildiyi ölkələrlə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxaracaq”

Aydındır ki, "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirəcək. Qeyd edək ki, artıq uzun illərdir Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa ölkələri özlərinin enerji resurslarına olan tələbatın müəyyən hissəsini məhz Azərbaycandan aldıqları karbohidrogen ehtiyatları vasitəsilə ödəyir. Bu mənada fəaliyyətinə start verildiyi “Cənub Qaz Dəhlizi” də köhnə qitənin mavi yanacağa olan ehtiyacının ödənilməsində mühüm amildir. Azərbaycanın oynadığı bu rol fonunda onun dünya miqyasında imici, nüfuzu da artır. Belə vəziyyət qarşıdakı dövr ərzində Azərbaycan üçün hansı üstünlüklər vəd edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qeyd etdi ki, “Cənub Qaz Dəhlizi”nin işə salınması ilə qarşıdakı dövr ərzində Azərbaycanın regional məsələlərə təsir imkanları artacaq: “Təbii ki, Azərbaycan üçün “Cənub Qaz Dəhlizi”nin işə düşməsi təkcə iqtisadi deyil, həm də siyasi baxımdan əhəmiyyətlidir. Bu addım ölkəmizin regionda mövqeyinin daha da möhkəmlənməsinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəsinin artmasına gətirib çıxaracaq. 
“Cənub Qaz Dəhlizi” digər tərəfdən Azərbaycan üçün gəlirlərin artması baxımından da önəmlidir. Həmin layihənin icrası ilə Azərbaycan dövlət gəlirlərinin 150 milyard dollara qədər artması gözlənilir.     Bu gəlir də kifayət qədər böyükdür. Bu fonda investisiya imkanları genişlənəcək, məşğulluq artacaq. 
Eyni zamanda, atılan addımla tərəfdaş olaraq ölkəmizin imici daha da yüksələcək. Azərbaycan Türkiyə bazarına 6 milyard kubmetr, Avropa bazarına isə ilk mərhələdə 10, daha sonra isə 20 milyard kubmetr qaz nəql edəcək. Bütövlükdə mavi qaz nəqlinin 31 milyard kubmetrə qədər artacağı gözləniləndir. Belə vəziyyət nəticə etibarı ilə bir tərəfdən 
Azərbaycana imkan verəcək ki, Avropanın enerji təhlükəsizliyində daha yaxındaş iştirak etsin. Yəni, bu istiqamətdə ölkəmizin iştirak imkanları genişlənəcək. 31 milyard kubmetrlik qaz onu alacaq ölkələrin milli təhlükəsizliyinin formalaşmasında birbaşa Azərbaycanın iştirak etməsi deməkdir. 
Prosesin gedişində ölkəmizin strateji mövqeyi də güclənəcək. Güc olaraq Azərbaycan mövqelərini artıracaq. Nəticədə proses həm ölkəmizin strateji mövqeyi və imicinin möhkəmlənməsinə və regional məsələlərə təsir imkanımızın genişlənməsinə xidmət edəcək”.  
Neft və qaz məsələləri üzrə ekspert İlham Şaban da düşünür ki, sözügedən layihə ilə Azərbaycanın təsir dairəsi daha da artacaq: “Əvvəllər Azərbaycandan Qərbə yönələn qaz ixrac kəməri ancaq 3 ölkəni əhatə edirdi. Azərbaycan, Gürcüstan və Türkiyəni. “Cənub Qaz Dəhlizi” fonunda isə qaz ixrac kəməri artıq 7 ölkəni əhatə edəcək. Təbii ki, bu fonda da Azərbaycanın əlaqələri 7 ölkə ilə əhatələnəcək. Yəni, əhatə dairəmiz, iqtisadi-siyasi əlaqələrimiz daha da genişlənəcək. Bu isə ölkəmizin təsir dairəsinin artmasına, bu ölkələrlə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxaracaq. Belə də, uzunmüddətli dövr üçün layihənin əhatə edildiyi ölkələrlə münasibətimiz  pozitiv olacaq. 
Həmçinin bu fonda həmin ölkələrin də Azərbayana olan münasibətinin yeni formada olmasına bir zəmin yaranacaq. Bu mənada da layihəyə kommersiya mənasından başqa, digər formada ölkəmizə verəcəyi dəyər prizmasından da yanaşmalıyıq. Məhz bu amillər ölkəmizə əlavə dividendlər gətirəcək. 
Bakı-Tiflis-Ceyhan neft kəmərinin reallaşması ilə Gürcüstanı bir dost ölkə olaraq qazandıq. Nəticədə onun ölkəmizə olan münasibətinin yaxşı mənada dəyişməsini üzərimizdə hiss etdik. “Cənub Qaz Dəhlizi” də bu mənada yaxın perspektivdə Azərbaycanın geosiyasi, geoiqtisadi nailiyyətlərinə təsir edəcək amillərdən olacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz