Əlaqə Arxiv
news Image
2018.06.01
10:00
| A A A
ABŞ-da Azərbaycanın dünya enerji bazarında rolu yüksək qiymətləndirilir
Elşən Manafov: “ABŞ-ın Azərbaycan kimi dövlətlə strateji əməkdaşlığa ciddi ehtiyacı var”

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubunda yazır ki,  Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir: "Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir". Okeanın o tayından Azərbaycana verilən bu yüksək qiymət nədən qaynaqlanır və bu fonda ABŞ-la Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsini gözləmək olarmı?

Politoloq Elşən Manafov bildirdi ki, ABŞ prezidenti tərəfindən ünvanlanan məktubda ölkəmizə verilən yüksək qiymət Vaşinqtonun bir çox mühüm məsələlərin həllində Azərbaycana ciddi ehtiyacının olmasından irəli gəlir: “Təbii ki, ABŞ prezidentinin Azərbaycan dövlət başçısına ünvanladığı məktubun məzmunundan Vaşinqtonun bundan sonra da Bakı ilə enerji və beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq etməyə üstünlük və önəm verəcəyi bir daha bəlli olur. Məktubun məzmunundan ABŞ-ın bölgə ilə bağlı geosiyasi maraqları qabarıq şəkildə özünü büruzə verir. 
Digər tərəfdən, Azərbaycan bölgədə strateji üstünlüyə malik olan tərəfdir. Həm Qərbdən Şərqə, Avropadan Asiyaya, həm də Şimaldan Cənuba gedən nəqliyyat-kommunikasiya, tranzit yolları Azərbaycandan keçir. Təbii ki, bu mənada ABŞ geniş tranzit yoluna malik dövlətlə əməkdaşlıq etməyin özünün bölgə ilə bağlı maraqlarında nə qədər əhəmiyyətli olduğunun mahiyyətinə varır. 
Azərbaycan iqtidarının həyata keçirdiyi uğurlu iqtisadi, hüquqi, siyasi islahatlar da okeanın o tayındakı rəsmilərin diqqətindən yayınmayıb. Donald Trampın məktubunda da məhz bu amil özünü büruzə verib. ABŞ prezidenti əmin olduğunu bəyan edir ki, Azərbaycanın neft-qaz sahəsindəki uğurlu siyasəti daha ciddi səmərə verəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Türkiyə və Avropanın enerji təhlükəsizliyində oynadığı rol Vaşinqton üçün ciddi əhəmiyyət kəsb edir. ABŞ bildiyiniz kimi, Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmağa, bölgənin şimal ölkəsindən aldığı enerji asılılığını minimuma endirməyə çalışır. Bu kontekstdə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, imkanlar, TAP, TANAP kimi layihələrin reallaşacağı ilə bağlı amillər də ABŞ iqtidarının diqqətindən yayınmır. 
Aydın məsələdir ki, Rusiya ilə getdikcə güclənən qarşıdurma kontekstində ABŞ-ın Azərbaycan kimi dövlətlərlə strateji əməkdaşlığa ciddi ehtiyacı var. Azərbaycanın neft və qaz yataqlarının gücü də dünya bazarında ona ciddi ehtiyacı olan dövlətlərə bəllidir. Trampın məktubunda bu mənada Azərbaycanın nəhəng neft və qaz yataqlarına malik olması faktının qeyd edilməsi də diqqətdən yayınmayıb. Bu kontekstdə Azərbaycanla bağlı əlaqələrin genişləndirilməsi ABŞ-ın geosiyasi, geoiqtisadi maraqlarına cavab verir. Digər tərəfdən, tədricən güclənməkdə olan ABŞ-İran qarşıdurması fonunda da Vaşinqtonun Tehrana yaxın ərazidə Azərbaycan kimi dövlətlə münasibəti daha da dərinləşdirmək istəyinin mahiyyətinə varmaq lazımdır. Düzdür, Azərbaycan dəfələrlə bəyan edib ki, heç bir vəclə ehtimal olunan bu qarşıdurmada öz ərazisindən İrana zərbə endirməyə imkan verməyəcək. Lakin bütün hallarda Azərbaycanın İranla sərhədə malik olması perspektivdə güclənə biləcək ABŞ-İran qarşıdurmasını fonunda Dövlət Departamentinin diqqətindən yayına bilməz. 
Yəni bölgə ilə bağlı geosiyasi, geoiqtisadi maraqlar, Rusiya və İranla bağlı olan amillər təbii ki, Vaşinqtonu Azərbaycanla münasibətləri daha da genişləndirməyə və dərinləşdirməyə sövq edir. Ən mühüm amillərədn biri də Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar, qanunvericiliyin Avropa standartlarına uyğun çərçivədə götürülməsidir ki, bu da ölkəmizdə həmin istiqamətdə gedən proseslərin ABŞ kimi super dövlətin diqqət mərkəzində olması baxımından diqqətə layiqdir”. 
Rüfət NADİROĞLU  

 

Sizin Reklam Yeriniz