Əlaqə Arxiv
news Image
2018.06.07
09:40
| A A A
Qeyri-neft sektorunun inkişafı üçün islahatlar davam etdirilir
Rəşad Həsənov: “Hazırda Azərbaycan iqtisadiyyatı üçün çox maraqlı çağırışlar formalaşıb”

"Dünya bazarında neftin qiymətindən asılı olmayaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün islahatlar davam etdiriləcək". Bunu Avropa İttifaqı-Azərbaycan biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib. 

Qeyd edək ki, qeyri-nef sektorunun inkişafı fonunda son illər ölkəmizdə turizm sektoru, kənd təsərrüfatı, İKT və digər qeyri-neft sahələrində əhəmiyyətli nailiyyətlər əldə olunub. Nəticədə qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisində artımlar baş verib. Amma potensial olduğu halda, hələ də bu sahənin iqtisadiyyatda çəkisi ümumən neft sektoru ilə müqayisədə az olaraq qlır.  
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti sürətləndirildiyi halda, qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi çəkisi də artacaq: “Faktiki olaraq, 2014-cü ildən sonra neft iqtisadiyyatında artımın azalması və dayanıqlı iqtisadi modelə keçidlə bağlı müəyyən iradə formalaşıb. Bu fonda iqtisadiyyatın müxtəlif sferalarını əhatə edən,  yəni 12 fərqli sektora aid strateji yol xəritələri qəbul olunub. Hazırda bu istiqamətdə işlər məhz həmin strateji yol xəritələri çərçivəsində həyata keçirilir. Yəni proses strateji yol xəritələrində nəzərdə tutulan hədəflərə uyğun olaraq aparılır. Bu fonda da müəyyən indikatorları görmək mümkündür.
Bu ilin 4 ayında təxminin 20 faiz artım olub, amma bu, hələ kiçik rəqəmdir. Bu rəqəmlər fonunda ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmək istəyiriksə,  prosesin baş verməsi uzun müddət tələb edəcək. Onu deyə bilərəm ki, hazırda Azərbaycan iqtisadiyyatı üçün çox maraqlı çağırışlar formalaşıb. Azərbaycan hökuməti bu çağırışlardan mümkün qədər istifadə edərək, iqtisadiyyatın şaxələndirilməsi siyasətini sürətləndirməlidir. İstənilən halda, neftin hansı qiymətə satılmasından asılı olmayaraq, qoyulan hədəflər üzrə islahatlar davam etdirilməlidir ki, qeyri-neft sektorunun xüsusi çəkisi artsın. Bu istiqamətdə həm institusional, həm də sektoral hədəflər müəyyən edilməli və ona uyğun ölkə iqtisadiyyatının neft vəsaitlərindən sterilizasiyası prosesi baş verməlidir. 
Azərbaycan bildiyiniz kimi, qısa müddətdə iki dəfə neft qiyməti üzrə risqlərlə üz-üzə qaldı. 2014-cü ildən sonra ölkə iqtisadiyyatında staqnasiya, geriləmə müşahidə olundu. 2016-cı ildə iqtisadiyyatımız 4 faizə yaxın itirib. Bunların hər biri dərsdir və onlar istənilən halda unudulmamalıdır. Prosesin konkret hansı hədəflərə aparacağını demək çətindir. Azərbaycanın qeyri-neft iqtisadiyyatı həqiqətən də hazırda geridə qalmış səviyyədədir. Onun inkişaf etdirilməsi ciddi və dərinləşdirilmiş islahatlar aparılmasını tələb edir”.   
İqtisadçı-ekspert Yaşar Əsədov da qeyd etdi ki, qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi çəkisinin artması üçün bu istiqamətdə atılan addımlar, aparılan islahatlar yüksək sürət və effektiv şəkildə həyata keçməlidir: “Azərbaycanın hazırda qarşısında duran başlıca məqsəd məhz qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarətdir. Bu istiqamətdə atılan addımlar, keçiriləcək islahatlar yüksək sürətlə və effektiv şəkildə həyata keçirilməlidir».
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz