Əlaqə Arxiv
news Image
2018.06.07
09:15
| A A A
Dövlət-özəl sektor partnyorluğu gözəl nəticələr verir
Azərbaycanda hər bir proqram ümumi yüksəkişin meyarına əsaslanır

Ölkəmizdə regionların inkişafı uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə vəzifələrin icrası Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafına, bölgələrdə kommunal xidmətlərin və sosial infrastrukturun keyfiyyətcə təkmilləşməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı, sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı respublikanın bütün ərazisində əhalinin rifah halının yaxşılaşmasına, ölkənin abadlaşmasına, cəmiyyətdə iqtisadi-psixoloji ab-havanın genişlənməsinə böyük töhfələr bəxş edib.

Bu günlərdə Prezident İlham Əliyevin Goranboy rayonuna səfərin zamanı işə salınan yeni obyektlər ümumi inkişafın nümunəvi inciləridir. Rayonda istifadəyə verilən “Region Agropark” ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən subyektdir. Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni tikilmiş zavod, fabrik və digər istehsal müəssisələri mövcud  potensialın miqyasını açıb göstərir. Müasir texnologiyalarla yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr sahibkarla dövlət tərəfindən verilən güzəştli kreditlər əsasında meydana gəlir. Bu səbəbdən sahibkarlıq sürətlə genişlənir. Bölgələrin əhalisi bilavasitə işə cəlb olunmaqla ölkənin ümumi inkişafında rol alırlar. 
Aqroparklar qeyri-neft sektorunun kənd təsərrüfatı bölməsində əsas istehsal strukturlarına çevrilir. Çünki, bu müəssisələr ölkənin ərzaq təhlükəsizliyi proqramında dayaq nöqtəsinə çevrilməklə yanaşı ixrac potensialını da genişləndirir ki, bu da xarici iqtisadi fəaliyyətə böyük töhfədir. Çünki, ixrac coğrafiyasını genişdirir, xaricə göndərilən məhsulların çeşidini artırır, kənd təsərrüfatında sənayeləşdirməni gücləndirməklə bu sahədə təcrübəli kadr potensialının intişarına yardım edir. Goranboyun “Region Aqropark”ı da digər analoji müəssisələr kimi kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütöv bir zəncirvari prosesi özündə birləşdirməklə, ərzaq məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə ehtiva edir.  Prosesin ardıcıllıqla bir əldə cəmləşməsi isə məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. 
Yeni müəssisənin açılışında çıxış edən Prezident İlham Əliyev deyib: “Dövlət tərəfindən bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait ayrılmışdır. Bildiyiniz kimi, bu aqroparkın ərazisi 4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi isə burada gözəl işlər görülüb, özəl sektor öz tərəfindən vəsait qoyubdur. Mənə verilən məlumata görə, özəl investisiyaların həcmi 30 milyon manatdır. Beləliklə, biz görürük ki, dövlət-özəl sektor partnyorluğu gözəl nəticələrə gətirib çıxarır. Böyük investisiyalar qoyulur və bu investisiyaların böyük səmərəsi olacaqdır. Burada yüzlərlə iş yeri yaradılır, yerli istehsal təşkil olunur. Burada bir çox kənd təsərrüfatı məhsulları yetişdiriləcək və əminəm ki, ölkə bazarına, xarici bazarlara çıxarılacaqdır”.
Azərbaycan iqtisadiyyatının inkişafında gözəl və səmimi bir ənənə formalaşıb. Ölkə üzrə işlər o dərəcədə dinamik və sürətlə gedir ki, bir bölgədə adətən bir neçə istehsal və sosial obyekt eyni zamanda işə salınır. Dövlət başçısı bu müəssisələrin açılışında şəxsən iştirak edir. Ona görə bütün işlər əlbir fəaliyyət və rəhbərlik sayəsində görülür. Üstəlik, inkişaf proqramları əhalinin təklifləri və ehtiyacları üzərində tərtib edildiyindən Prezident İlham Əliyev hər bir məsələdə yerli mütəxəssislərlə söhbətləşib qərar çıxarır.
Prezidentin Goranboya səfərində hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı “Dəliməmmədli” yarımstansiyasının, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 kilometrlik hissəsinin,  Bayraq Muzeyinin açılışlarında iştirak edib.
Bölgələrə səfər çərçivəsində daha sonra Naftalan şəhərinə gələn Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Xəstəxana binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə müəssisəsinin kollektivi ilə görüşdə çıxış edərək deyib: “Bu xəstəxananın tikintisi son illər ərzində səhiyyə sahəsinə ayrılan diqqətin və qoyulan vəsaitin təzahürüdür. Səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində çox böyük işlər görülüb. Son 15 ildə 600-dan çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub. Biz demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq”. Azərbaycan dövləti sosial mahiyyətlidir və əhalinin sağlamlığı, yaşayışının yüksəlməsi daim diqqət mərkəzindədir. Naftalan şəhərində təbii müalicəvi komponentlər əsasında yaradılmış tibbi-sağlamlıq ocaqları yerli camaatla yanaşı xaricdən gələn turistlərin də geniş marağına səbəb olur. Regionların dinamik inkişafı turizm sənayesinin də inkişafını stimullaşdırır. 
Azərbaycanda gedən bütün bu proseslər bilavasitə müharibə şəraitində baş verir. Ermənistanın işğalçılıq fəaliyyəti ölkə rəhbərliyini sayıqlığı bir an belə itirməmək səyi ilə qarşı-qarşıya qoyub. Buna görə də Azərbaycan Ordusunun davamlı olaraq möhkəmlənməsi, düşmənə anında zərbə vurmaq imkanlarının genişləndirməsi Prezident İlham Əliyevin inkişaf strategiyasının ən mühüm qollarından birini təşkil edir. Təsadüfi deyil, ölkə başçısının Goranboy-Naftalan səfərində  “N” saylı hərbi hissə üçün inşa edilmiş şəhərciyin əsgərlərin istifadəsinə verilməsi mərasimi ilə bitib. 
Bu, bir həqiqətdir ki, Azərbaycanın dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir. Son illərdə sənayenin yeni səmərəli regional strukturunun formalaşması,  
bölgələrdə yaradılan yeni sənaye müəssisələri böyük müvəffəqiyyətlə fəaliyyət göstərir və ölkənin iqtisadi potensialının artmasına sanballı töhfələr verir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz