Əlaqə Arxiv
news Image
2018.06.08
09:40
| A A A
Azərbaycan Avropa üçün daha vacib qovşağa çevrilir
Hikmət Babaoğlu: “Azərbaycan bununla Cənub-Şərqi Asiyadan Avropaya qədər uzanacaq çoxsaylı əməkdaşlıq platformaları yaradır” Musa Qasımlı: “Aİ-nin Azərbaycanla əməkdaşlığı dərinləşdirməsi ölkəmizin istəklərinin reallaşmasına yardım edir, həm də dövlət müstəqilliyimizi möhkəmləndirir”

Azərbaycan beynəlxalq daşımalar və turizm üçün getdikcə daha vacib qovşağa çevrilir və enerji sektorunda artan rolu daha böyük əhəmiyyət daşıyır. Bunu Avropa Parlamentinin beynəlxalq ticarət komitəsinin sədr müavini Yan Zahradil deyib. 

O bildirib ki, Avropa İttifaqı Azərbaycanın etibarlı və stabil tərəfdaş qismində strateji geosiyasi əhəmiyyətini diqqətdən kənar qoya bilməz. Avropa İttifaqının  Azərbaycanın strateji geosiyasi əhəmiyyətinə xüsusi diqqət yetirməyə başlaması və ölkəmizlə əməkdaşlığı dərinləşdirməsi siyasi, iqtisadi müstəvidə ölkəmizə hansı üstünüklər vəd edir?
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Aİ-nin Azərbaycanın geosiyasi və strateji əhəmiyyətinə xüsusi önəm verməsi ölkəmizə siyasi və iqtisadi mənada bir çox üstünlüklər verəcək: “Bilirsiniz ki, Avropa İttifaqı Azərbaycanla mühüm strateji saziş imzalamaq ərəfəsindədir. Bu yaxınlarda həmin məsələ öz həllini tapacaq. Həmin sazişin imzalanması hər iki tərəfin beynəlxalq hüququn subyektləri olaraq maraqlarını təmin edən ciddi siyasi razılaşmadır. Elə bu gün də Avropa İttifaqına üzv olan ölkələr Azərbaycanın əsas, ən böyük  ticarət tərəfdaşıdır. Azərbaycan eyni zamanda, Avropa İttifaqına üzv olan ölkələrin enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm enerji kommunikasiya layihələrini həyata keçirib. Bura “Cənub Qaz Dəhlizi”, Bakı-Tiflis-Ceyhan neft kəməri daxildir. Buna paralel olaraq Azərbaycan tarixi ipək yolunu bərpa etməklə yeni tərəfdaşlıq platforması yaradıb. Nəticədə enerji dəhlizinə nəqliyyat dəhlizi də əlavə etmişik ki, bu da çox mühüm bir hadisədir. 
Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev  Müqəddəs Ramazan bayramı münasibətilə keçirilən iftar mərasimində sözügedən layihələrin adını çəkərək onları tarixi layihələr kimi səciyyələndirdi. Eyni zamanda, nəzərə alaq ki, hazırda Azərbaycanda böyük iqtisadi zona yaradılır. 
Ələt İqtisadi Zonasının birbaşa İpək Yoluna qoşulması ilə yeni dəmiryolu dəhlizi yaranır ki, Cənub-Şərqi Asiyadan başlamış Avropaya qədər uzanacaq həmin dəhliz çoxsaylı əməkdaşlıq platformalatrı yaradır. Bütün bunlarda Azərbaycanın təşəbbüskar olması və Avropa İttifaqının marağı ilə özünün milli maraqlarını uzlaşdırması həmin iki subyekt arasında yeni perspektivlər yaradır. Ona görə də düşünürəm ki, imzalanan sazişlər yeni nüanslar nəzərə alınmaqla həm Azərbaycanın milli maraqları, həm də Avropa İttifaqına üzv ölkələrin maraqları baxımından mühüm bir saziş olacaq. Əlbəttə ki, bütün iqtisadi və siyasi layihələrdə, ölkəmizin yürütdüyü xarici siyasətdə də ölkəmizin prioritet kimi müəyyənləşdirdiyi əsas məsələ Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi məsələsidir. Avropa İttifaqı ilə olan sazişdə mühüm strateji məsələ olaraq məhz Azərbaycanın ərazi bütövlüyünə vurğu edilməsi də həmin qurumla əməkdaşlıq üçün daha geniş perspektivlər yaradır. Əks təqdirdə, əlbəttə ki, əməkdaşlığın heç bir perspektivi olmazdı. Ona görə də düşünürəm ki, qarşılıqlı maraqlar beynəlxalq birliyin hər iki subyektinin mənafeyinə uyğundur. Bütün bu layihələr iki tərəf arasında əməkdaşlığın önümüzdəki mərhələdə də daha da inkişaf edəcəyi və dərinləşəcəyini şərtləndirir”. 
Milli Məclisin deputatı Musa Qasımlı qeyd etdi ki, Aİ-nin Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olması ölkəmizin istəklərinin reallaşması və dövlət müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynayacaq: “Azərbaycan Respublikası Avropa İttifaqının ən yaxın tərəfdaşlarından biridir. Azərbaycan bu ittifaqla geniş əməkdaşlıq edir. Hər şeydən əvvəl Avropa-Qafqaz-Asiya dəhlizi-TRASEKA və digər böyük layihələr “köhnə qitə”ni məhz Azərbaycan vasitəsilə Asiya ilə birləşdirir. Azərbaycan özünün coğrafi mövqeyinə görə, həmçinin əlverişli mövqedə yerləşdiyi üçün  Avropa İttifaqı üçün doğrudan da cəlbedicidir. 
Bundan əlavə, təkcə coğrafi mövqe deyil, eyni zamanda, Azərbaycanın niyyətləri Aİ ilə bir çox məsələlərdə əməkdaşlıq etməyə imkan verir. Cənab Prezident İlham Əliyevin çoxtərəfli, tarazlaşdırılmış xarici siyasət yürütməsi nəticəsində bu gün Azərbaycan Avrasiyanın nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevrilib. Hazırda Azərbaycansız regionda hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Avropa İtifaqında da bunu bilirlər. Ona görə də ölkəmizlə yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.
Bu əməkdaşlıq qarşılıqlı faydaya əsaslanır. Bir tərəfdən, Aİ-nin istəyinin reallaşmasına kömək edir, o biri tərəfdən həm Azərbaycanın istəyinin reallaşmasına yardım edir, həm də  ölkəmizin dövlət müstəqilliyini möhkəmləndirir. Təsadüfi deyil ki, Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ilk yerdə dayanır”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz