Əlaqə Arxiv
news Image
2018.06.09
10:45
| A A A
Yeni ticarət müharibəsi Azərbaycan üçün təsisrsiz ötüşəcək

Avropa İttifaqı Komissiyası iyulun 1-dən etibarən ABŞ-dan idxal olunan məhsullara yeni gömrük rüsumu tətbiq edəcək. bundan əvvəl isə ABŞ administrasiyası iyunun 1-dən etibarən Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb. Rusiya, Çin, Cənubi Koreya, Yaponiya da ticarət müharibəsiən cəlb olunub. Belə vəziyyət düyna iqtsiadiyyatı, o cümlədən Azərbaycan üçün hansı təhdidldər yaradır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, ticarət müharəbələri dünya miqyasında mal və məhsulların qiymət baxımından bahalaşması ilə nəticələnəcək. Azərbaycana gəldikdə, ekspert bildirdi ki, ölkəmizə da idxal olunan məhsullar baha başa gələcək. Lakin baş verən proses fonunda neftin qiyməti də bahalaşarsa, qlobal ticarət müharibəsinin ölkəmizə ciddi təhdidləri olmayacaq: 
“Dünyada əslində, ticarət müharibəsi gedir. Ticarət müharibəsinin başlanması isə nəticə etibarı ilə qlobal iqtisadiyyat üçün arzuolunan deyil. 
Nəzərə alaq ki, rüsumların tətbiq edilməsi dünyada məhsulların bahalaşmasına gətirib çıxaracaq. Baxmayaraq ki, rüsum tətbiq edən həmin ölkələrə daha çox vəsait daxil olacaq. Amma bütövlükdə bu ticarət savaşı qlobal bahalaşmaya gətirib çıxara bilər. Söhbət xüsusən də sənaye məhsullarına tətbiq olunan rüsumların artırılmasından gedir. Bu fonda yaşanan durum sənaye məhsulları üzrə qiymət artımlarına gətirə bilər. 
Bu mənada sözügedən ticarət savaşı dünya iqtisadiyyatı üçün arzuolunan deyil. Tərəflər razılığa gələ bilməsə, dünya bazarında qiymət artımları qaçılmaz olacaq. Texnika, avtomobilin qiyməti də hiss edilən dərəcədə bahalaşacaq. Ticarət müharibəsi davam edəcəyi təqdirdə, Azərbaycana idxal edilən məhsulların da qiymətlərində artımlar müşahidə edilə bilər. Bu, həm texnologiya, həm avtomobil, həm də digər sənaye məhsulları ola bilər. Amma qlobal ticarət müharibəsi neftin dünya bazarında qiymətinin artımına gətirib çıxararsa, bu halda neft ölkəsi olan Azərbaycanda gəlirlərin çoxalması üçün yaxşı zəmin formalaşar. Yəni idxal olunan sənaye məhsullarının qiymətində artımlar ola bilər. Amma həmin hal strateji və enerji məhsullarının qiymətinin də bahalaşmasına gətirəcəyi təqdirdə, nəticə etibarı ilə ölkəmiz qlobal ticarət müharibəsindən uğurla çıxa, öz gəlirlərini artırmaq imkanı qazanar. Bütövlükdə qlobal ticarət müharibəsinin Azərbayan üçün təhdid istiqamətində ciddi təsirləri olmayacaq. İnkişaf etmiş ölkələrdə isə bu proses özünü qiymət artımları fonunda göstərəcək”.   

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov isə bu qənaətdədir ki, başlanan qlobal ticarət müharibəsi dünya miqyasında qiymətlərin ucuzlaşması ilə müşayiət olunacaq. Eyni zamanda, həmsöhbətimiz düşünür ki, sözügedən hadisə Azərbaycan üçün hər hansı ciddi bir təhdid yaratmayacaq: “ABŞ hazırkı situasiyada dünya ölkələrinin qlobal ticarət müharibəsinə təhrik edir. Əvvəl ABŞ ticarət müharibəsini Rusiyaya qarşı başladı. Ona münasibətdə iqtisadi sanksiyalar tətbiq etdi. İndi isə vaşinqton ticarət müharibəsini hətta öz müttəfiqlərinə münasibətdə də tətbiq edir. ABŞ Avropanın ən böyük polad alıcısı idi. ABŞ-ın bundan imtina etməsindən sonra Avropanın çıxış üçün iki yolu qalır. Onlar ya polad istehsalını ixtisar etməli, ya da başqa alıcı tapmalıdırlar. Amma hazırda ABŞ-ın yerini tuta biləcək alıcı yoxdur, təkcə Çini çıxmaq şərtilə. Lakin Çinin özü polad ixracatçısıdır. 
ABŞ alüminium və poladla bağlı tətbiq etdiyi rüsum dünyada həmin məhsulların istehsalının azalması ilə müşayiət olunacaq. Başqa sahələrdə də anoloji vəziyyət yaranacaq, dünya üzrə iqtisadi artım templəri aşağı düşəcək. Bu fonda mal və məhsulların qiymətləri də enəcək. ABŞ Avropadan polad alışını ona görə əngəlləyir ki, öz ölkəsində bu sahənin istehsalını stimullaşdırsın. Bu isə o deməkdir ki, Avropa ölkələrinin istehsal etdiyi alüminium və polad bazarda artıq olacaq. Artıq olacağı təqdirdə də, qiymətlər aşağı düşəcək. Bazarda polada təklif artacaq, amma tələb azalacaq. 
Sözügedən qlobal ticarət müharibəsinin Azərbaycana hələlik heç bir təhdidi olmayacaq. Azərbaycana bunun heç bir qorxusu yoxdur. Ölkəmiz əsas etibarı ilə xammal istehsal edir. Hazır məhsul demək olar ki, ixrac etmirik. Əksinə, yaranmış vəziyyətdən Azərbaycan qazana bilər. O mənada ki, ölkəmiz sənaye məhsullarının əsasən idxalçısıdır. Qlobal ticarət müharibəsi fonunda xaricdə sənaye məhsullarının qiyməti mütləq aşağı enəcək”.  
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz