Əlaqə Arxiv
news Image
2018.06.09
13:54
| A A A
Manat ticarət savaşında sabit mövqeədə qalacaq

Məlumdur ki, iyunun 1-dən Vaşinqton Kanada, Meksika və Avropa İttifaqından alüminium və polad idxalına yeni gömrük rüsumlarının tətbiqinə başlayıb. Bundan başqa, ABŞ Çindən idxal edilən bir çox məhsullara da 25% əlavə gömrük vergisi tətbiq edəcək. Adları çəkilən ölkələr də analoji addımı ABŞ-a qarşı atmağı planlaşdırır. Bütün bunlar isə dünyada ticarət müharibəsinin başladığına işarə edir. Ekspertlərin fikrincə, ticarət müharibəsi xüsusən inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına mənfi təsir göstərə bilər. 


İqtisadçı-ekspert Qubad İbadoğlu bildirdi ki, dünyada hazırda əsasən iki ölkə - ABŞ və Çin arasında ticarət müharibəsi gedir: “ABŞ-ın son xarici siyasəti dünya iqtisadiyyatında müəyyən dəyişikləri şərtləndirib. Müxtəlif idxal məhsullarına vergilərin tətbiq edilməsi, uçot dərəcəsinin artırılması istiqamətindəki həyata keçirilən tədbirlər ABŞ-a kapital axınını stimullaşdırmaqla yanaşı, dünyanın ayrı-ayrı bazarlarına da təsir edir. O baxımdan bu siyasət davam edəcəyi halda qlobal maliyyə bazarlarında dəyişikliklər labüddür. Bu dəyişiklərin təsirindən qaynaqlanan məqamlar da lokal deyil, qlobal xarakter daşıya bilər. Bu baxımdan müəyyən narhatçılıq yaranıb”.
Qubad İbadoğlu əlavə etdi ki, yaxın zamanlarda  Azərbaycan üçün böhran gözlənilmir: “Sadəcə, onun müəyyən simptomları yaranıb. Ümumiyyətlə, nəzərə alaq ki, Azərbaycan iqtisadiyyatı beynəxalq iqtisadiyyata az inteqrsiya olunub. Manatın məzənnəsi dünya maliyyə bazarındakı böhran deyil, dünya xammal bazarındakı qiymətdən asılıdır. Neftin qiymətinin hansı səviyyədə olması prosesə təsir etmək gücündə olan əsas amildir. İndiki halda isə neftin qiyməti bahalaşır. Neftin qiymətinin indiki səviyyədə qərarlaşması Azərbaycanın dünya böhranından sığortalanması üçün əsas yaradır”.


İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə fərqli düşünür. Onun fikrincə, hazırda dünya iqtisadiyyatı böhan yox, inkişaf istiqamətlidir: “Xüsusən də inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında böhran problemi yoxdur. Lakin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında müəyyən problemlər hiss olunmaqdadır. Valyuta bazarlarında yaşanan volatillik bu ölkələrin iqtisadiyytlarına təsir edir. Ancaq ABŞ-ın xarici ticarət siyasəti dünya iqtisadiyyatı üçün müəyyən qədər risklər formalaşdırıb. 
Dünya iqtisadiyyatı üçün çətinliklər yaradan digər məqam inşaat sektorunda formalaşmaqda olan “balon”lardır. Hazırda bu risklərin məhdudlaşdırılması istiqamətində müəyyən addımlar atılır. Buna baxmayaraq, “balon”lar böyük həcmlidir. Onlarda müəyyən problemlər ortaya çıxarsa, dünya iqtisadiyyatında risklər formalaşdıra bilər. Lakin müşahidə edilən odur ki, həm Avropa Mərkəzi Bankı, həm də ABŞ Federal Ehtiyat Sistemi dünya maliyyə bazarlarında risklərin tənzimlənməsi məqsədi ilə daha ehtiyatlı pul-kredit siyasəti həyata keçirirlər. Bu qurumların qərarlarında dünya iqtisadiyyatının mövcud vəziyyəti nəzərə alınır. Müzakirələr də onu göstərir ki, növbəti dövrlərdə risklər yaradacaq hansısa addımlar atılmayacaq. Ona görə də yaxın müddətdə qlobal böhran riski yoxdur. Amma ticarət müharibələri dərinləşərsə, ABŞ administrasiyası hazırki mövqeyində israr edərsə, növbəti dövrdə dünya xarici ticarətində şərtlərin dəyişməsinə gətirib çıxarda bilər. Bu da iqtisadi imkanların məhsdudlaşması nəticəsində inkişaf etməkdə olan ölkələrin rəqabətliliyini aşağı sala bilər. Amma ehtimal ki, həmin qurumlar bu problemləri nəzarətdə saxlabiləcək qərarlar qəbul edəcəklər. Ona görə də yaxın müddətdə dünya iqtisadiyyatında böhran gözlənilmir”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz