Əlaqə Arxiv
news Image
2018.06.21
08:00
| A A A
Ermənistan tam dalana dirənib
Azər Həsrət: “Bütün bunlar Ermənistan və işğalçı rejimin nə qədər acınacaqlı və çıxılmaz duruma düşdüyünün nümunəsidir”

İşğalçı Ermənistanın Nikol Paşinyanın hakimiyyəti dönəmində belə cəbhə xəttində törətdiyi təxribatlar səngimir. Bu günlərdə Azərbaycan Ordusu tərəfindən düşmənin daha bir pilotsuz uçan aparatı vurulub.  Əvvəlki dönəmlərdə də ermənilər bu kimi təxribatlara gediblər. Hər dəfə də etdiyi təxribat xarakterli hərəkətlərinə görə, ciddi şəkildə cavablarını da alıblar. Belə ki, düşmən təxribatları elə onların özlərinə baha başa gəlib. Həmin təxribat xarakterli hərəkətlər zamanı çoxsaylı erməni məhv edilib.

Başqa bir tərəfdən, hazırda Ermənistanın özü, habelə separatçı rejimin olduğu Dağlıq Qarabağda qarmaqarışıqlıq hökm sürür. Düşmən və işğalçı qüvvələrin yerləşdiyi hər iki məkanda hazırda daxili çəkişmələr geniş vüsət alıb. Paşinyan hakimiyyətə gəlsə də, hələlik mövqelərini möhkəmləndirə bilmir. Bu səbəbdən də Ermənistan daxilində köhnə və yeni hakimiyyət arasında gizli və açıq qarşıdurma davam edir. Anoloji durum özünü Dağlıq Qarabağ separatçıları arasında da göstərir. Burada da hakimiyyətdə olan Bako Saakyana qarşı narazılıqlar artır. Yəni, düşmən ölkənin öz daxillərində ciddi qarşıdurmanın olması, habelə törətdikləri təxribatlara kəskin cavab almalarına baxmayaraq, Ermənistan təmas xətti və sərhədyanı bölgələrdə təxribat xarakterli əməllərinin sayını artırmaqda davam edirlər.

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Ermənistan çıxılmaz vəziyyətdədir: “Ermənistanın bu təxribatları heyvanlardan itlə bağlı olan bir məsələyə bənzəyir. İtdən niyə hüdüyünü soruşduqda, deyir ki, qorxuduram. Bəs niyə quyruğunun əsdiyini sorduqda isə, qorxduğunu bildirir. Ermənistan bu dəqiqə məhz belə bir durumdadır. Yəni ermənilər bir tərəfdən qorxur. Azərbaycana qarşı hansısa bir sərt addım atacaqları təqdirdə, qat-qat artıq və dəhşətli cavab alacaqlarını bilirlər. Digər tərəfdən də Azərbaycana qarşı təcavüz və təxribatlarından da əl çəkə bilmirlər. Çünki Ermənistan daxilində ictimai-siyasi vəziyyət elə həddədir ki, burada mütləq Qarabağ kartından istifadə etməyə məcburdurlar.

Ölkə əhalisini bir növ qorxu içində saxlamaq üçün Qarabağ kartından zaman-zaman erməni siyasətçiləri istifadə edib. Görünür, Paşinyan da məhz bu yolu seçib. Ona görə də Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarda təxribat xarakterli hərəkətləri davam etdirirlər. Bununla bir növ göstərmək istəyir ki, guya Ermənistan Dağlıq Qarabağı ilhaq etmək üçün əlindən gələni etməyə hazırdır və bu yöndə addımlar atır. Digər tərəfdən də təbii ki, çox da irəli gedə bilmirlər. Çünki başa düşürlər ki, bir qədər də irəli getsələr, Azərbaycan Ordusu bu yaxınlarda Naxçıvanda, 2016-cı ildə isə Lələtəpədə olduğu kimi düşmənin cavabını qat-qat artıqlaması ilə verəcək. Ermənistan belə bir çıxılmaz vəziyyətə düşüb. Ona görə də təxribatlar edir, geri çəkilirlər. Alacaqları sarsıdıcı cavabdan da qorxaraq çox da irəli gedə bilmirlər.

Digər tərəfdən, Ermənistan daxilində, eləcə də Dağlıq Qarabağda ictimai rəyi məşğul etmək üçün belə əməllərinə müşayiət olunan müxtəlif üsullar fikirləşirlər. Bütün bunlar Ermənistan və işğalçı rejimin nə qədər acınacaqlı və çıxılmaz duruma düşdüyünün daha bir nümunəsi, göstəricisidir. Ermənistan siyasi elitası faktiki olaraq, özü də başa düşür ki, Azərbaycanla münasibətlər normallaşmadıqca, Dağlıq Qarabağ və ətraf işğal olunmuş ərazilər azad edilməyincə, ermənilər üçün nicat yolu yoxdur. Bu səbəbdən də çıxılmaz vəziyyətdədirlər. Nə geri çəkilə, nə də irəli gedə bilirlər. Yenə də başqa bir misalda deyildiyi kimi, “nə yardan doyur, nə də əldən qoyurlar”. Onların xisləti budur. Təbii ki, Azərbaycan qarşısında Ermənistan məhz belə bir rəzil duruma düşməli idi.

Artıq heç kimə sirr deyil ki, Ermənistan rəzil durumdadır. Azərbaycan isə günü-gündən daha da inkişaf edir. Azərbaycan özünün hərbi qüdrətini iyunun 26-da bir daha nümayiş etdirəcək. Düşünürəm ki, həmin parada baxandan sonra Ermənistan siyasi dairələri qeyd-şərtsiz və yubanmadan Azərbaycanın işğal altındakı torpaqlarını tərk etməklə bağlı qərar verməlidirlər. Çünki o gücün qarşısında Ermənistanın bundan sonra daha on, iyirmi il də duruş gətirməsi mümkün deyil. 25 il öncə Ermənistan Azərbaycan üçün təhlükə təşkil edirdisə, o zamanlar artıq çoxdan arxada qalıb. Bu gün Ermənistan Azərbaycan üzərinə gələcək gücdə deyil”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz