Əlaqə Arxiv
news Image
2018.06.30
10:00
| A A A
Neftin qiymətində böyük sıçrayışlar olacaq
Zəfər Vəliyev: “Neft bazarında hazırda mövcud olan vəziyyət tam olaraq Azərbaycanın xeyrinədir”

Dünya bazarına təklif edilən neftin həcmi azalır. Xüsusən də Liviya, Nigeriya və Venesuelanın istehsal həcmi kəskin azalıb.

Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, neftin həcminin azalması ilə bağlı fikirlər yanlışdır. Amma bununla belə son zamanlar Venesuela, Anqola, Liviya və Nigeriya kimi ölkələrdə hasilat həqiqətən də xeyli azalıb: “Dünya bazarlarında kifayət qədər tədarük həcminin olmaması ilə bağlı fikirlər bir qədər yanlışdır. Faktiki statistik göstəricilər var. Hansı ki, onun ətrafında da məsələ ilə bağlı fikir yürütmək olar.

Doğrudan da, Venesuela, Liviya, Nigeriya, həm də Anqolada hasilat həcmlərinin azalması müşahidə olunur. İranı isə qarşıda ciddi sanksiyalar gözləyir. Bütün bu amillər də neftin qiymətinə təsir edir. Neftin qiyməti indiki halda iki əsas səbəblə bağlıdır. Bu təsirlər sırasında siyasi və fundamental faktorlar rol oynayır. Fundamental faktor da dediyim kimi xüsusən Venesuelada gündəlik həcmin durmadan azalması ilə bağlıdır. İlin sonuna doğru Venesuelada sutkalıq neft hasilatı 1 milyon barrelə qədər enəcək. Halbuki, bir il öncə bu ölkədə sutkalıq neft hasilatı 2,2 milyon barreldən çox olub. Liviyada da vəziyyət olduqca gərgindir. Sutkalıq hasilatı 1 milyon barrelə çatdıran bir dövlətdə birdən-irə hasilat 450 min barrelə düşdü. İndi bu rəqəm hardasa 630-650 min civarındadır. Anoloji situasiya Anqola və Nigeriyada da özünü göstərir. Yeni bir məlumata görə Qazaxıstanda da birdən-birə gündəlik hasilat 230 min barrelə qədər azalıb.

Bunlar hamısı qlobal neft bazarına təsir edən faktorlardır. Çünki bazarlar həmişə informasiyalara çox həssasdır. İstənilən informasiya qlobal neft bazarında qiymətlərə bu və ya digər formada təsir göstərir. Neft bazarının gələcəyinə təsir edən amillərdən biri də İranla ABŞ arasında baş verən siyasi gərginlikdir. May ayında Vaşinqton birtərəfli qaydada Tehranla bağlanan nüvə sazişində imtina etdikdən sonra, ABŞ diplomatları İranla alqı-satqı müqaviləsi bağlayıb oradan neft alan dövlətlərin əksəriyyətilə danışıqlar aparmağa girişib ki, noyabra kimi cənub qonşumuzla neft alışını əhəmiyyətli dərəcədə azaltsın, hətta tamam dayandırsınlar. Həm Asiya-Sakit Okean bazarının potensial neft tədarük edən ölkələrilə, həm də Avropa rəsmilərilə. Bütün bunlar da hazırda neftin qiymətinin artmasına səbəb olub”.

Ancaq bu hal həmsöhbətimizə görə, qlobal neft bazarının gələcəyi üçün heç də yaxşı vəziyyət demək deyil:

“Çünki birinci növbədə dünya bazarında yüngül və ağır neftin balansı pozulacaq. İranın neft ixrac potensialında əsas həcmi məhz ağır neft təşkil edir. Asiya və Sakit Okean, həm də Avropadakı nef emalı zavodlarının əksəriyyəti isə yüngül və ağır neftin qarışığı ilə işləyir. Neftin dünya bazarında qiymətinin artımına təsir edən amillərdən biri də yüngül və ağır neftin tarazlığı məsələsidir. Bu tarazlığın pozulması isə “qara qızıl”ın qiymətinə olduqca mənfi təsir edəcək. Baxmayaraq ki, indi ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyanın istehsal və ixrac həcmlərinin artırılmasına bel bağlanır. Nəzəri cəhətdən bu doğrudan da belədir. Amma nəzərə almaq lazımdır ki, Səudiyyənin ixrac həcminin çox hissəsi Hörmüz boğazından keçməklə dünya bazarlarına çıxır. Nəticədə İranın küncə sıxışdırılması qlobal neft bazarlarında həm tarazlığın bərqərar olmasına təsir edəcək, həm də Fars körfəzində geosiyasi vəziyyətin gərginləşməsinə səbəb olacaq. Ona görə də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru bir neçə gün bundan qabaq Amerika rəsmilərilə danışıqlarında həmin məsələni onların diqqətinə çatdırıb. Bildirib ki, İranın neft ixracına belə bir aqressiv münasibətin olması gələcəkdə qlobal neft bazarına ciddi təsir edəcək. Əvvəlcədən bildirirəm ki, noyabra qədər ABŞ İrana sanksiyalarla bağlı planları baş tutarsa, neftin qiymətində böyük sıçrayışlar olacaq. Amma son anda da bu sıçrayış kəskin qiymət enimilə əvəzlənəcək. Ona görə ki, 2014-cü ildən bu yana dünyanın aparıcı emal müəssisələri yüksək emal marjası ilə işləyir. Neftin qiymətinin artması həm də neft məhsullarının qiymətinin, emal xərclərinin bahalaşması deməkdir. Bu hadisə baş verərsə, neft emalı zavodlarından neft almağa maraq azalacaq. Nəticədə dövlətlər məcbur olacaq ki, neft əvəzinə, neft məhsulları idxal etsin. Bir müddətdən sonra isə bu da əks-effekt verəcək. Yəni tarazlığın pozulması neft bazarında böhranlı durum yarada bilər. ABŞ özünün neft ixracını artırır. Son həftədə gündəlik hasilat 3 milyon barrelə çatıb. Amma düşünmürəm ki, ABŞ gündəlik hasilatı bu həcmdə saxlayacaq. Bu mümkün də deyil. Çünki ABŞ-ın ixrac infrastrukturu buna imkan vermir. Ona görə də dünya bazarında uzunmüddətli tarazlığın olmasını istəyirlərsə, ilk növbədə yüngül və ağır neftin tarazlığı bərpa olunmalıdır”.

 

Ölkəmizə gəldikdə, ekspert qeyd etdi ki, neft bazarında hazırda mövcud olan vəziyyət tam olaraq Azərbaycanın xeyrinədir: “Çünki, Liviyanın ixrac imkanları məhdudlaşıb. Ola bilər, yaxın zamanlarda Liviyadan neft idxal edən şirkət və dövlətlər ümumiyyətlə, ondan imtina etsinlər. Bu da həmin ölkədə illərdir davam edən ikihakimiyyətliliklə bağlıdır. Həmçinin, Anqola və Nigeriyada hasilatın azalması yüngül neftə Avropa və Aralıq dənizi enerji rayonlarında olan tələbatın artması ilə nəticələnəcək. Bu vəziyyətdən isə Azərbaycan böyük üstünlük qazanacaq. Çünki Azərbaycan nefti yüngül neftdir. Qısa müddətdə belədə ölkəmiz böyük mənfəət əldə edəcək. Habelə İrana sanksiyaların işə düşməsilə Azərbaycan neftinə

Avropa bazarlarında maraq bir qədər də artacaq. Çünki Səudiyyə Ərəbistanının loqistik və kommersiya cəhətdən Avropa bazarına üz tutması elə də sərfəli olmayacaq. Belədə Avropa bazarlarında Azərbaycan neftinin mövqeyi güclənəcək. Nəticədə Azərbaycan prosesdən böyük mənfəətlə çıxa bilər. Ancaq uzaq perspektivdə İranın qlobal neft bazarından sıxışdırılıb çıxarılması həmin bazara olduqca pis təsir göstərəcək. Bu, eyni zamanda qarşıdakı illərdə neft böhranının yaranmasına və bəlli sektora investisiya axınının kəskin şəkildə məhdudlaşdırılmasına da səbəb ola bilər”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz