Türkiyə və Rusiya hesablamalarda elektron pul vasitələrinə keçid imkanını müzakirə edir. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən BRİKS ölkələrinin sammitindən qayıdan zaman bildirib: “Səfərim zamanı milli valyutalarla hesablaşmalar danışıqların çox əhəmiyyətli mövzusu oldu. Mən hər ölkənin lideri ilə bu məsələni müzakirə etdim. Çin və Rusiya ilə artıq razılaşmışıq. Hətta Rusiya ilə elektron pul vasitələrinə keçid haqqında fikirlər var. Analoji addımları Hindistanla da birlikdə atmağı düşünürük”.
Ekspertlərin sözlərinə görə, Türkiyə və Rusiya hesablamalarda elektron pul vasitələrinə keçidi mümkündür. Lakin dollardan imtinada bunun elə də effekti olmayacaq. İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, əslində, gələcəkdə bütün dünya ticarəti elektron pulla həyata keçirilə bilər: “Bu işi kiçi qruplar şəklində, iki dövlət arasında görmək bir qədər çətindir. Elektron pulların dəyərləndirilməsi, onun qiymətinin hansı valyuta ilə müəyyənləşməsinə nail olmaq çətindir. Bunun özü ciddi problemlər yarada bilər. Ona görə də dar çərçivədə - iki ölkə arasında yox, daha qlobal miqyasda elektron pulların istifadəsinin genişlənməsini düşünmək lazımdır. Bu prosesdə nə qədər çox ölkə iştirak edəcəksə, elektron pullara keçidin iqtisadiyyata, şəffaflığın artmasına xeyri bir o qədər çox olacaq.
Dünyanın trendi göstərir ki, gələcəkdə ticarət əməliyyatlarının əksəriyyətini elektron pullar üzərində aparılması mümkün olacaq. Ancaq elektron pulların da dövlət təminatı lazımdır ki, dövlətlər tez-tez problemlərlə qarşılaşmasınlar”.
Natiq Cəfərli əlavə etdi ki, Azərbaycanın xarici ticarətində əsas yeri Avropa Birliyi tutur: “Onlarla da ticarəti avro və dollarla həyata keçiririk. Ümumiyyətə, xarici ticarətin hamısını eyni valyuta cinsində etməliyik ki, itkilərimiz olmasın. Odur ki, yaxın gələcəkdə kiçik layihələrdə Azərbaycanın buna qoşulması məqbuldur. Proseslərdə iştirak edib təcrübə toplamalıyıq. Lakin böyük, regional ticarətdə elektron pullara keçid Azərbaycana sərf etməz. Çünki, Azərbaycanın əsas gəlirləri ya dollar, ya da avro ilə olur”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, xarici ticarət ölkəyə valyuta gətirən hadisədir: “Bu da hazırda daha çox dollarla həyata keçirilir. Dünyada xarici ticarət əməliyyatlarının 70 faizdən çoxu dolların payına düşür.
Düzdür, son illər xarici ticarətdə dollardan imtina məsələsi bir sıra ölkələr arasında aktuallaşıb. Bununla bağlı müəyyən addımlar atılıb. Ancaq hələ ciddi nəticə əldə edə bilməyiblər. Nəzərə alaq ki, dünyanın ümumi ticarət dövriyyəsində konkret Türkiyə-Rusiya, Rusiya-Çin arasında xarici ticarət dövriyyəsinin payı çox azdır. Ona görə də bu tipli hadisələr dünya maliyyə sisteminə heç bir təsir göstərmir. Lakin elektron ticarət də hansısa valyuta ilə həyata keçirilməlidir. Milli valyuta ilə aparılacaqsa, rubl etibarlı valyuta deyil. Neftin qiyməti düşdükcə, onun məzənnəsi də düşür. Türk lirəsi də son vaxtlar dəyərini itirməkdədir. Proseslər göstərir ki, gələcəkdə Türkiyə iqtisadiyyatını çətin sınaqlar gözləyir.
Dünya bazarında qiymətlər dollarla müəyyənləşir. Deməli, yenə də dollar əsasında müəyyənləşdirəcəklər”.
Ekspertin fikrincə, Azərbaycanın bu prosesə qoşulması müsbət olmazdı: “Çünki, nefti dollarla satırıq. Türkiyə ilə Rusiya arasında da ciddi fayda verməyəcək. Onların qərarı indiki halda siyasi addımdır”.
Mübariz BAYRAMOV