Əlaqə Arxiv
news Image
2018.08.01
10:27
| A A A
Nağdsız ödənişlərlə bağlı vəziyyət hələ də qənaətbəxş deyil
Elnur Quliyev: “Turizm bölgələrində kartla hesablaşmaların mümkün olmaması nəinki xarici turistlərə, həmçinin yerli vətəndaşlar üçün də problemlər yaradır” Cəfər İbrahimli: “Əgər regionlarda infrastruktur təmin edilərsə, nağdsız ödənişlərin həcminin artmasını müşahidə edə bilərik”

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon  325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövr  ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 620,4 milyon manat təşkil edib. Yəni, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 113 milyon AZN və ya 22,3 faiz artıb. Göründüyü kimi, bank kartları vasitəsi ilə aparılan əməliyyatların həcmi artır. Amma bir çox turistik bölgələrdə belə əməliyyat aparmaq üçün hələ də lazımi infrastruktur yoxdur. Bu da turistlərin sayının artımı fonunda problemə çevrilir. Mütəxəssislər  regionlarda nağdsız ödənişlərin həcminin az olmasının bir sıra səbəblərini göstərirlər.

İqtisadçı-ekspert Elnur Quliyev bildirir ki, hazırda bir çox ölkələrdə nağd pulla aparılan hesablaşmaların məhdudlaşdırlması prosesi getdiyi vaxtda bizdə nağd hesablaşmalara üstünlük verilir: “Xüsusilə turizm bölgələrində kartla hesablaşmaların mümkün olmaması nəinki xarici turistlərə, həmçinin yerli vətəndaşlar üçün də problemlər yaradır. Hazırda nəinki bölgələrdə, hətta Bakı şəhərinin mərkəzində yerləşən restoran və ticarət obyektlərində kartla ödəniş qəbul etməkdən imtina edirlər. POS-terminallar olsa da belə, bu tip obyektlər bundan istifadə etmək istəmirlər. 
Aydın məsələdir ki, burada əsas məqsəd real dövriyyəni gizlətməklə, son nəticədə vergidən yayınmaqdır. Lakin unutmaq olmaz ki, iqtisadiyyatın nağdlaşdırılması bir sıra neqativ nəticələr doğurur: makroiqtisadi idarəetmə çətinləşir, maliyyə-vergi intizamı pozulur, şəffaflıq səviyyəsi aşağı düşür, bank sisteminin resurs bazası azalır. Bu baxımdan, maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı tədbirlərin davamlı olaraq həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, iqtisadi faktorlardan əlavə, nağdsız hesablaşma bir xidmət növüdür. Dünya Bankının sifarişi ilə Azərbaycanda aparılmış sorğu əhalinin maliyyə savadlılığı səviyyəsinin aşağı olduğunu göstərir. Araşdırmalara görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti nağdsız ödənişlər barədə məlumatsızdır və bu xidmətlərdən demək olar ki, istifadə etmir. Sorğu ilə bağlı sadəcə iki faktı vurğulamaq yerinə düşərdi. Birincisi, vətəndaşların 95%-dən çoxu elə bilir ki, kartdan istifadənin məqsədi yalnız bankomat və ya POS-terminaldan nağd pulun çıxarılmasından ibarətdir. İkincisi isə vətəndaşların 55%-dən çoxu ayda cəmi bir dəfə POS-terminaldan isitifadə edir. 
Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinin qarşısını alan səbəblərdən biri də xidmət tariflərinin yüksək olmasıdır. Nağdsız ödəniş əməliyyatı aparılan zaman sahibkarlar obyekti POS-terminallarla təmin edən banka 0,5-1% aralığında xidmət haqqı ödəməli olurlar. Belə olan halda heç bir sahibkar nağdsız şəkildə satış həyata keçirməkdə maraqlı olmayacaq. Bunun qarşısını almaq üçün müəyyən güzəştlər tətbiq edilməlidir ki, nağd dövriyyə ilə müqayisədə nağdsız ödənişin qəbul edilməsi sahibkar üçün maraqlı olsun”.
Ekspert əlavə etdi ki, nağdsız ödənişlərin cəmiyyətdə geniş yayılması üçün ilk növbədə maarifləndirmə tədbirləri həyata keçirilməli və infrastruktur imkanlanları genişləndirilməlidir: “Daha sonra isə qaydalara əməl etməyən sahibkarlara qarşı inzibati tədbirlər həyata keçirilməli və ya cərimələr tətbiq edilməlidir”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, bu məsələ əhalinin gəlirləri ilə birbaşa əlaqəlidir: “Əslində, insanlar alqı-satqıda nağd vəsaitlərə vərdiş etdiklərindən ölkəmizdə qeyri-nağd ödənişlərin həcmi azdır. Lakin son dövrlər həyata keçirilən stimullaşdırıcı, maarifləndirici tədbirlərdən sonra nağdsız ödənişlərin həcminin artdığını müşahidə edirik. Regionlarda isə bu prosesinin ləng getməsinin əsas səbəbi infrastrukturun olmamasıdır. Əgər regionlarda infrastruktur təmin edilərsə, nağdsız ödənişlərin həcminin artması müşahidə edə bilərik. 
Bundan başqa, gəlirlərin böyük hissəsi Bakının payına düşür. Çünki Bakıda insanlar daha çoxdur. Ona görə də orta rəqəm Bakıda daha yüksəkdir. Regiondakı müəssisələr, iqtisadi subyektlər alqı-satqılarını nağd həyata keçirirlər. Həmçinin kənd təsərrüfatı subyektləri vergidən azaddırlar. Ona görə də regionlarda rəqəm daha aşağıdır”.
Ekspert əlavə etdi ki, nağd ödənişlər şəffaflığı pozur: “Ona görə də qeyri-nağd ödənişlərə keçidin olması vacibdir. Bu sahədə stimullaşdırıcı tədbir daha məqbul ola bilər. Qeyri-nağd ödənişlər edən iqtisadi subyektlərə vergi, sosial-müdafiə güzəştləri tətbiq olunmalıdır. Düzdür, məcburiyyətin də faydası var, ancaq bunun mənfi fəsadları da ola bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz