Nüfuzlu beynəlxalq reytinq agentliklərinin son açıqlamaları yenidən Azərbaycan iqtisadiyyatının uğurlu inkişaf yolunda olduğunu nümayiş etdirir. “Fitch”, “Standard&Poor’s” beynəlxalq reytinq agentlikləri yenidən Azərbaycan iqtisadiyyatına yüksək qyimət veriblər. Bunu şərtləndirən səbəblər hansılardır və belə vəziyyət iqtisadiyyata sərmayə axınına nə vəd edir?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər və bu sahənin inkişafı, habelə neftin bahalaşması beynəlxalq reytinq agentliklərini Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət proqnozlar verməyə sövq edib: “Azərbaycanın beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqinin, həm də iqtisadi artım tempinin artırılacağı gözlənilən idi. Çünki 2017-ci ildə ölkə iqtisadiyyatının stabilləşməsi 2018-ci ildə Azərbaycan hökuməti də daxil olmaqla beynəlxalq maliyyə qurumları tərəfindən iqtisadi artımı proqnozlaşdırmağa imkan verdi. Yəni, 2018-ci il 2014-cü ildən sonra yeganə illərdəndir ki, yalnız Azərbaycan hökuməti deyil, eyni zamanda, beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə iqtisadi artımın olacağını proqnozlaşdırıblar.
“Fitch”in proqnozunda Azərbaycan iqtisadiyyatının cari ildə 2 faiz, “Standard Poor”un proqnozunda isə 2020-ci ildə iqtisadiyyatımızın 3 faizə qədər yüksələcəyi göstərilir. Bu göstəricilər də ölkəmizdə birbaşa iqtisadi artımdan xəbər verir. 2014-cü ildən sonra başlayan iqtisadi islahatlar 2017-ci ildə ölkə iqtisadiyyatının stabilləşməsinə və daha sonra ümumi daxili məhsulda iqtisadi artımı proqnozlaşdırmağa imkan verib. Həmin proqnozun verilməsinə əsasən iki amil səbəb olub. Biri neftin dünya bazarında qiymətininm artmasıdır. Digər əsas səbəb isə qeyri-neft sektorunun inkişaf istiqamətində aparılan islahatlar və cari ilin birinci yarısında bu sahədə müşahidə edilən iqtisadi artımla bağlıdır.
Qeyd edək ki, qeyri-neft sektorunda iqtisadi artım tempi neft sektoru ilə müqayisədə daha yüksəkdir. İlin birinci yarısında sənayedə 2 faizlik artım olubsa, qeyri-neft sektorunda bu artım 8,8 faiz civarında olub. Ümumi daxili məhsulda 1,5 faiz artım qeydə alınıb, qeyr-neft sektorunun ÜDM-də artım tempi isə daha yüksək, 2 faizdir. Yəni qeyri-neft sektorunda artımlar ümumi artım tempindən yüksəkdir. Bu da Azərbaycan iqtisadiyyatı üçün artım tempinin qorunub saxlanılması baxımından vacibdir. Güman olunur ki, 2018-ci il daxil olmaqla Azərbaycan növbəti illərdə də həmin yüksəlişi qoruyub saxlayacaq. Qeyri-neft sektorunun inkişafı isə neftdən
asılılığın aradan qaldırılması və iqtisadi şaxələnmə baxımından mühümdür”.
Həmsöhbətimiz onu da vurğuladı ki, beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycan iqtisadiyyatının yüksək qiymətləndirilməsi ölkəmizə sərmayə axınına rəvac verəcək: “Verilən beynəlxalq hesabatlarda Azərbyacanın mövqeyinin yaxşılaşdırılması sərmayə cəlb edilmə baxımından da vacibdir. Nəticə etibarı ilə həm kredit reytinqimizin yaxşılaşması, həm də ümumi artım tempinin qorunub saxlanılması ölkəyə daha çox sərmayə axınına rəvac verir. O baxımdan beynəlxalq hesabatlarda daha üstün mövqe və iqtisadi artım tempinin qorunub saxlanılması növbəti illərdə əsasən də qeyri-neft sektoruna daha çox sərmayə cəlb edilməsinə baza formalaşdırır”.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, beynəlxalq reytinq qurumları tərəfidən Azərbaycanla bağlı səslənən müsbət proqnozlar ölkəmizə növbəti investisiya axınına stimul yaradacaq: “Fitch”, “Standard&Poor’s” kimi beynəlxalq agentliklərin reytinqi investorlar üçün çox vacib amillərdn biridir. Çünki investorlar hər hansı bir ölkədə investisiya imkanı axtararkən həmin reytinq agentliklərinin bülletenlərini ciddi şəkildə araşdırır və onların verdiyi qiymət, analizlərə böyük önəm verirlər.
Bu mənada Azərbaycanın reytinqinin yüksəlməsi son vaxtlar investorlar üçün pozitiv bir siqnaldır.
2015-2016-cı illərdə Azərbaycanda ümumi daxili məhsulda daralma baş verdi. Amma 2017-ci ilin ikinci yarısından başlayaraq bu günə qədər ümumdaxili məhsulda artım qeydə alınır. Bu ilin ilk yarısında ÜDM-nin 2 faizə qədər artdığı məlum olub. Bu da əslində, normal göstətricidir. Ona görə də “Fitch”, “Standard&Poor’s” kimi beynəlxalq agentlikləri Azərbaycanla bağlı öz proqnozlarını dəyişdirdilər. Azərbaycana bu mənada pozitiv təsir göstərən amillərdən biri neftin qiymətinin yüksəlməsidir. Nəticədə ölkənin valyuta gəlirləri ciddi şəkildə artıb, maliyyə dayanıqlığı möhkəmlənib. Bu da ümumi makroiqtisadi göstəricilərə müsbət təsir etdi.
Digər tərəfdən, qeyri-neft sektorunda da müəyyən irəliləyiş var. İstehsalda və ixracatda artımlar müşahidə olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə ixracatda 20 faizlik yüksəliş mövcuddur. Yəni sözügedən beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycan iqtisadiyyatı ilə bağlı verilən müsbət rəylər ÜDM-nin artımı, valyuta gəlirlərinin çoxalması və qeytri-neft sektorunun istehsal və ixracının artımı ilə bağlıdır”.
Rüfət NADİROĞLU