Əlaqə Arxiv
news Image
2018.08.07
09:40
| A A A
ABŞ-İran çəkişməsi nefti bahalaşdırır
Vüqar Bayramov: “Neftin qiymətində artımlar baş verərsə, bu ölkəmizə gələn valyutanın həcminin daha da artması demək olacaq”

ABŞ-ın İrana yönəlik sanksiyaları fonunda neft bazarı yenidən çalxalanır. Qeyd edək ki,  Vaşinqtonun Tehrana qarşı yeni iki mərhələli daha ciddi bir embarqosuna start verilib. Embarqo daxilində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, ABŞ-ın İrana yönəlik embarqosu neftin qiymətində iki ssenaridən birinin baş verməsilə nəticələnəcək: “Görünən tendensiya ondan ibarətdir ki, ABŞ İrana yönəlik sanksiyalar fonunda neftin qiymətinin kəskin artmasında maraqlı deyil. Bu sanksiyalar ilk mərhələdə İranın dünya bazarına çıxardığı neftin həcminin gündəlik olaraq 1 milyon barrel azalmasına gətirib çıxaracaq. Bu rəqəm əslində, ciddi rəqəmdir və mövcud reallıqlar çərçivəsində həmin boşluğun qısa zamanda qapanması real görünmür. Eyni zamanda, Vaşinqtonun təsiri və müəyyən dərəcədə təzyiqilə OPEK son toplantısında gündəlik neft hasilatının 1 milyon barrel artırılması ilə bağlı qərar qəbul etdi. Burada əsas məqsəd ondan ibarət idi ki, kəskin qiymət bahalaşmasının baş verməməsi üçün İranın dünya bazarına çıxara bilməyəcəyi neft OPEK tərəfindən kompensasiya edilsin. Yaranmış vəziyyətdə neftin qiyməti  OPEK-in hansı səviyyədə dünya bazarına neft çıxara biləcəyindən asılı olacaq. Çünki İrana sanksiyalar fonunda neft bazarında 1 milyon barrel azalma müşahidə olunacaq. Lakin həmin azalmanın OPEK tərəfindən kompensasiya edilməsi neftin mövcud qiymətlərinin qorunub saxlanılmasına gətirib çıxara bilər. Amma OPEK yaxın vaxtlarda bazara əlavə olaraq gündəlik 1 milyon  barrel neft çıxarmasa, “qara qızıl”ın qiymətində bahalaşma baş verəcək. 
İran dünya bazarında neftin qiymətinə təsir göstərməyə qadir ölkələrdən biridir. Bu ölkə həmçinin OPEK üzvüdür. Bu mənada onun bazara çıxardığı neft birbaşa qiymətlərə təsir göstərir. Lakin digər tərəfdən, onu da nəzərə alaq ki, ABŞ-ın özündə də hasilat artımı müşahidə olunur. Ən böyük neft ölkəsi Səudiyyə Ərəbistanı praktik olaraq ABŞ-ın regiondakı tərəfdaşıdır. Əl-Riyadın İranla münasibətlərinin kəskin olması fonunda Səudiyyə Ərəbistanı da Tehranın bazara çıxara bilməyəcəyi nefti kompensasiya etməkdə maraqlıdır. Nəticədə iki ssenari gözlənilir. OPEK bir milyon barreli kompensasiya edə bilməyəcəksə, neftin qiymətində bahalaşma müşahidə ediləcək. 
Digər tərəfdən, OPEK həmin məbləği kompensasiya edəcəksə, neftin hazırkı qiyməti qorunub saxlanılacaq. Hələlik güman olunur ki, mövcud qiymətlərin, yəni neftin dünya bazarındakı qiymətinin 70 dollar ətrafında qalması ehtimalı daha yüksəkdir. Amma aydındır ki, ABŞ-İran münasibətləri, eləcə də Yaxın Şərqdəki proseslər neftin qiymətinə birbaşa təsir edəcək. Bu komtekstdə İrana qarşı sanksiyalar fonunda neftin qiymətində azalmanın olacağı inandırıcı deyil. Daha çox güman edilən ssenari odur ki, ABŞ mövcud qiymətlərin qorunub saxlanılmasına çalışacaq. Kəskin qiymət artımları baş verərsə, gözlənilir ki, ABŞ yenidən OPEK-ə təsir edərək hasilatın artırılmasına nail olacaq. 
Azərbaycana gəldikdə, ölkəmiz üçün neftin dünya bazarındakı qiyməti çox önəmlidir. Azərbaycan neft ölkəsidir. İxracatda neft və neft məhsulları önəmli yeri tutur. Ona görə qiymət artımları baş verərsə, bu, ölkəmizə gələn valyutanın həcminin daha da artması demək olacaq.  Təbii ki, ABŞ Azərbaycan üçün tərəfdaş ölkələrdən biridir. İran da ölkəmizlə qonşudur. Bu ölkə ilə də münasibətlərimiz inkişaf edir. Bu kontekstdə ABŞ-la İran arasında münasibətlərin kəskinləşməsində maraqlı deyilik”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz