Beynəlxalq qiymətləndirmələrə görə cari ildə Azərbaycanı valyuta ehtiyatları daha bir neçə milyard dollar artacaq. “Fitch” beynəlxalq reytinq agentliyi bildirir ki, ölkənin valyuta ehtiyatları 8 milyard dollar artacaq. Bunu şərtləndirən səbəblər hansılardır və bu hal ölkənin maliyyə bazarlarına nə vəd edir?
Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, Azərbaycanın valyuta ehtiyatının 8 milyard dollardan çox artacağının proqnozlaşdırılması ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir: “2008-ci ildən bu yana başlayan ümumdünya maliyyə-iqtisadi böhranı, 2014-cü ildə neftin qiymətinin kəskin aşağı düşməsi, dünyada gedən sosial-iqtisadi, hərbi böhranlar Azərbaycanın iqtisadiyyatı və sosial həyatına ciddi təsir göstərmədi. Bu, onu göstərir ki, Azərbaycanda iqtisadi model düzgün qurulub. Hansı ki,bu model də cənab Prezidentin müəyyən etdiyi iqtisadiyyatın şaxələnməsi üsuluna əsaslanır. Yəni, Azərbaycanda neftin qiymətinin yüksək olduğu dövrlərdə qazanılan kapital qeyri-neft sektoru və regionların inkişafına qoyuldu.
2004-cü ildən başlayan regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı öz bəhrəsini verib. Ondan sonrakı dövrdə, 2014-cü ildən bu yana Azərbaycanda həm iqtisadiyyatın qənaətliliyi, bir sıra sahələrdə sahibkarlara dəstək göstərilməsi, onların kreditdən azad olunması və sair maliyyəyə qənaət edilməsi və qoyulan maliyyənin yüksək mənfəət gətirməsini stimullaşdırdı. 2016-cı ildə qəbul olunan 11 istiqamət üzrə strateji yol xəritələri də birbaşa qeyri-neft sektorunun inkişafını stimullaşdıran əhəmiyyətli bir layihə oldu.
Azərbaycanın pul ehtiyatının birdən-birə 8 milyard çox artımının proqnozlaşdırılması da düzgün aparılan siyasətin nəticəsidir. Neftin qiyməti artıq stabilləşib. Büdcədə neftin qiyməti daha real olaraq götürülüb. Qalan məbləğ də ölkənin Ehtiyat Fonduna yığılır. Həmçinin qeyri-neft sektoruna qoyulan investisiya da öz müsbət nəticəsini verməkdədir. Azərbaycanın hazırda ümumdaxili məhsulunun üçdə iki hissəsindən çoxu məhz qeyri-neft sektorunun hesabına formalaşır. Turizm, nəqliyyat, kənd təsərrüfatı, informasiya kommunikasiya sektoru tükənməyən gəlir mənbəyidir ki, bu sahədə də işlərimiz kifayət qədər uğurlu qurulub. Hazırda istənilən rayondakı otellərdə boş yer tapmaq olmur. Bu, həm daxili truzmin stimullaşdırılması, həm də xaricdən ölkəyə gələnlərin sayının artmasının nəticəsidir. İnnovatik texnologiyanın tətbiqi ilə ölkənin aqrar sector üzrə məhsullarının xaricə çıxarılması uğurla davam edir. Dünyanın bir çox yerlərində Azərbaycan sənaye evləri və ticarət mərkəzləri açılıb. Bunlar da Azərbaycan brendinin dünyaya çıxmasını şərtləndirən amillərdir. Azərbaycan artıq Avrasiya məkanının nəqliyyat qovşağına çevrilib. Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqaməti üzrə nəqliyyat qovşağının işə düşməsilə, uzun illər dünyanın böyük imperiyalarının Fars körfəzindən Fin körfəzinə malların daşınmasını həyata keçirə bilmədiyi halda, Azərbaycan onu həyata keçirməyə nail oldu. Bu da ölkəmizə davamlı və səmərəli maliyyə kapitalı gətirəcək. Cənab Prezident dəfələrlə qeyd edib ki, bütün uğurların mühüm bazası sabitlikdir. Azərbaycanda uzun illərdir sosial, ictimai, siyasi sabitlik hökm sürür. Sabitliyin də əsas şərti Azərbaycan xalqının iradəsinin uğurla həyata keçirilməsi, president xalq birliyinin möhkəmlənməsidir. Bütün bunlar da Azərbayanın bütün sahələrdə əldə etdiyi uğurlarını şərtləndirən amillərdir. Gələn ildən başlayaraq bu uğurlarımızın yeni mərhələsini də görəcəyik. Strateji yol xəritələrində də nəzərdə tutulur ki, 2025-ci ildən sonra artıq Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olacaq”.
Rüfət NADİROĞLU