Əlaqə Arxiv
news Image
2018.08.28
09:15
| A A A
Azərbaycan xarici iqtisadi risklərdən daha etibarlı şəkildə qorunacaq
Ekspert: “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır”

Bu gün Azərbaycan xarici borc məsələsində vəziyyəti ən yaxşı sayılan ölkələr sırasınja özünə yer almaqdadır. Qeyd edək ki, Azərbaycanda dövlət zəmanəti ilə cəlb olunmuş xarici borcun ÜDM-ə nisbəti 14 faiz, daxili borcun ÜDM-ə nisbəti isə 16,7 faizdir.

 Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd edilir ki, bu ilin əvvəlinə dövlət təşkilatlarının dövlət zəmanəti ilə cəlb olunmuş borclarının ümumi məbləği 21 milyard 561,4 milyon manat təşkil edib. Dövlət zəmanəti ilə cəlb olunmuş məcmu borcun 9 milyard 849,2 milyon manatı (5 milyard 793,3 milyon ABŞ dolları) və ya 45,7 faizi xarici borcun, 11 milyard 712,2 milyon manatı və ya 54,3 faizi isə daxili dövlət zəmanəti ilə cəlb olunmuş borcun payına düşür. Dövlət zəmanəti ilə cəlb olunmuş xarici borcun ÜDM-ə nisbəti 14 faiz təşkil edir.

Hazırda mövcud olan dövlət zəmanəti ilə xaricdən cəlb olunmuş borc öhdəliklərinə əsasən, “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi xərcləri (3 milyard 147,3 milyon dollar), “Azərenerji” ASC (928,2 milyon dollar), “Azərbaycan Dəmir Yolları” QSC (478,9 milyon dollar), SOCAR (460,6 milyon dollar) və sair təşkilatların (778,3 milyon dollar) xarici maliyyə mənbələrindən dövlət zəmanəti ilə cəlb etdikləri kreditlər daxildir.

Daxili dövlət zəmanətli borcun tərkibinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın toksik aktivlərinin alınması üçün “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən buraxılmış qiymətli kağızlara verilmiş dövlət zəmanəti (10 milyard 590,5 milyon manat), SOCAR-ın bir sıra qaz yataqlarında qazma işləri ilə əlaqədar həyata keçirdiyi layihələrin maliyyələşməsinə verilən dövlət zəmanəti (321,7 milyon manat) və bank-maliyyə sisteminə etibarın artırılması və qorunan bank əmanətlərinin vaxtında təmin edilə bilməsi məqsədilə maliyyə təminatının yaradılması üçün Əmanətlərin Sığortalanması Fondunun xeyrinə buraxılmış sadə veksel (800 milyon manat) üzrə borclar daxildir. Dövlət zəmanəti ilə cəlb olunmuş daxili borcun ÜDM-ə nisbəti 16,7 faizdir.

Onu da qeyd edək ki, 2025-ci ildə Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 15 faizdən aşağı olacağı nəzərdə tutulur. “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd edilir ki, dövlət borcalmaları üzrə müəyyən olunan strateji məqsədlərə çatmaq üçün bir sıra  prioritet tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bura ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olmasının təmin edilməsi də daxildir.

Qeyd olunan göstəricinin 2018-2025-ci illər ərzində 15 faizdən aşağı olacağı proqnozlaşdırılır. Lakin növbəti illərdə valyuta məzənnəsinin, faiz dərəcələrinin dəyişməsi ilə borca xidmət xərclərinin artması və ya ümumi dövlət büdcəsi xərclərinin azalması nəticəsində müəyyən edilmiş göstərici 15 faizdən yuxarı olarsa, bu fərqin maliyyələşdirilməsi məqsədilə daxili maliyyə bazarlarında dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur. Belə olacağı təqdirdə, qeyd olunan dövrdə əlavə daxili borcların cəlb olunması planlaşdırılır ki, bu borcalmalar da əsasən 3-5 illik dövlət qiymətli kağızlarının emissiyası vasitəsilə həyata keçiriləcək. Digər tərəfdən son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcənin gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri etdiyindən, 2018–2025-ci illər ərzində birbaşa və ya dövlət zəmanəti ilə cəlb ediləcək kreditlər hesabına maliyyələşdiriləcək prioritet layihələrin siyahısı müəyyən edilib. Bu layihələrdən başqa birbaşa kreditlərin, habelə dövlət müəssisələrinə Strategiyada nəzərdə tutulan dövlət zəmanətli kreditlərdən əlavə dövlət zəmanəti ilə vəsait cəlb olunması dayandırılacaq.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sı ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır. Ekspert qeyd edib ki, Strategiya borcların idarə edilməsi üçün hazırlanmış mühüm sənəddir: “Nəzərə alsaq ki, Strategiyada 3 istiqamət üzrə hədəflər müəyyənləşdirilib: dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyənləşdirilməsi; risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi; dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunması. İndiki dövrdə və xarici şokların hər zaman aktiv olduğu vaxtda dövlət borcu səviyyəsinin dayanıqlı və idarəedilən səviyyədə olması çox vacibdir. Strategiyaya uyğun olaraq Azərbaycanda xarici borc səviyyəsinin tənzimlənməsi və 2025-ci ilədək xarici borc səviyyəsinin məhz tənzimlənən həddə qədər azaldılması nəzərdə tutulur. Həmçinin ümumi dövlət borcunun, həm də xarici borcun səviyyəsi proqnozlaşdırılır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 2018-ci illə müqayisədə 9,7 milyard dollardan 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, ÜDM-də borc səviyyəsinin 22,5 faizdən 12 faizədək azalması deməkdir. Bu isə ondan xəbər verir ki, xarici borcun ÜDM-də səviyyəsi 2025-ci ildə indiki səviyyə ilə müqayisədə faiz nisbətində 2 dəfəyə yaxın azalacaq. Bu da dayanıqlı xarici borca nail olunması baxımından əhəmiyyətlidir. Eyni zamanda, xarici dövlət borcunun xidmət xərclərinin azaldılması əsas hədəflərdən biridir. Nəzərə alsaq ki, bu il xarici dövlət borcunun xidmət xərclərinin məbləği 1 milyard 241,7 milyon dollar təşkil edirsə, 2025-ci ildə bu məbləğin 820,3 milyon dollaradək azalması proqnozlaşdırılır. Eləcə də, bunun büdcə xərclərində payı 10,1 faizdən 6,2 faizə qədər azalacaq”.

V.Bayramov bildirib ki, daxili dövlət borcunun tənzimlənməsi və bu istiqamətdə proqnozlar birmənalı şəkildə təqdim olunur. Daxili dövlət borcları xarici dövlət borclarına nisbətən, xüsusən milli valyutada olduğuna görə, onların dayanıqlılığını təmin etmək daha asandır, lakin xarici borcların tənzimlənməsi daha vacibdir. Xarici borcların tərkibində valyuta strukturunun tənzimlənməsi də əsas hədəflərdəndir. Bu hədəflərə nail olunması üçün xüsusən dönərli valyutaya cəlb edilən xarici borcların məbləğinin də azaldılması əsas hədəflərdən biri kimi proqnozlaşdırılır. Həmçinin Strategiya riskləri müəyyənləşdirilir və həmin risklərin aradan qaldırılması ilə bağlı strateji hədəflərin həyata keçirilməsini təqdim edir.

Ekspert deyib: "Bütövlükdə Strategiya Azərbaycanda xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır. Strategiyanın qəbul edilməsi və icrası imkan verəcək ki, Azərbaycan növbəti illərdə xarici borcun tənzimlənməsi və xarici borcun idarəolunan səviyyədə qorunub saxlanmasına nail ola bilsin. Bu da təbii ki, dayanıqlı inkişafın qorunub saxlanması baxımından vacibdir. Bu, xüsusən də ortamüddətli dövrdə Azərbaycana dayanıqlı idarəolunan xarici borca sahib olmaqla xarici riskləri ciddi şəkildə minimumlaşdıra bilməsinə imkan verəcək".

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz