Əlaqə Arxiv
news Image
2018.09.08
10:40
| A A A
Bələdiyyələr satış prosesindən də uzaq düşüblər
Rəşad Həsənov: “Bələdiyyələrin maliyyə qaynaqları inkişaf etdirilməli, bölgələr arasında daha ciddi rəqabət mühiti formalaşdırılmalıdır” Fikrət Yusifov: “Bu sahədə ciddi boşluqlar mövcuddur”

Bir çox xarici ölkələrdə bələdiyyə satış məntəqələri fəaliyyət göstərir və belə yerlərdə qiymətlər daha ucuz olur. Azərbaycan bələdiyyələri isə hələ də təcrübədən faydalanmır. 

 İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, bələdiyyələrin özünüidarəetmədə rolu gücləndirilməli, onların maliyyə qaynaqları genişləndirilməlidir ki, bu qurumlara məxsus satış məntəqələri də olsun: “Dünya təcrübəsində yerli idarəetmə orqanları çox ciddi səlahiyyətlərə malikdir. Bu səlahiyyətlər çərçivəsində də bələdiyyələr həm biznes fəaliyyətilə məşğul ola bilir, həm də əlavə gəlir qazanır. Vergilərin toplanması, həmçinin bölgənin intrastruktur və sosial problemlərinin həllilə bağlı qərarlar qəbul edirlər. 
Bələdiyyələrin fəaliyyətinin tənzimlənməsində yerli əhali, maraq qrupları birbaşa olaraq iştirak edir və qəbul edilən qərarlara təsir göstər bilirlər.  Azərbaycanda isə bu istiqamətdə ciddi irəliləyişlər yoxdur. Bələdiyyələrin səlahiyyətləri elə də geniş deyil. Onların özünüidarəetmədə rolu gücləndirilməli, maliyyə qaynaqları inkişaf etdirilməlidir. Bölgələr arasında daha ciddi rəqabət mühiti formalaşdırılmalıdır. 
Bələdiyyələrlə bağlı Azərbaycanda acı təcrübə var. Onlar yaranan ilk dövrlərdə əsasən torpaq satışı ilə məşğul oldular. Bu proses də sonradan ciddi nəzarətə götürüldü. Bələdiyyələr bu prosesdə böyük korrupsiya hallarına yol verirdilər.  Nəticədə bələdiyyələrə məxsus bu hüquqlar da məhdudlaşdırıldı. Hazırda bələdiyyələrin hansısa təşəbbüslərlə çıxış etmələri, regionun problemlərini həll etmələrinə cəmiyyətdə bir gözlənti də qalmayıb”. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov isə düşünür ki, Azərbaycanda bələdiyyə satış məntəqələrinin fəaliyyətinə nail olmaq üçün bu istiqamətdə olan boşluqlar aradan qaldırılmalıdır: 
«Bələdiyyələr bizdə yeni yaranmış yerli idarəetmə orqanıdır. Azərbaycanda son illər onların fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazalarının genişləndirilməsi istiqamatində az iş görülməyib. Lakin bu gün inkişaf etmiş ölkələrdə on illər boyu tam təkmil bir səviyyəyə çatmış bələdiyyələrdən öyrənilməli çox məqamlar var. Bu, ilk növbədə bələdiyyə mülkiyyətinin idarə edilməsi, bələdiyyə bürdcələrinin formalaşması bağlı məsələlərdir. Öyrənilməsi çox mühüm olan sahələrdən biri də bələdiyyə mülkiyyətində olan mənzil təssərrüfatında kommunal xidmətlərin düzgün və səmərəli təşkil edilməsidir. Bizdə bu sahədə ciddi boşluqlar mövcuddur.
Xüsusilə və Sovetlər dönəmindən qalmış mənzil fondunun idarə edilməsində problemlər kifayət qədərdir. Bələdiyyə ticarəti və digər xidmətlərin düzgün təşkili insanların sosial vəziyyətinə müsbət təsir göstərirə bilər. Odur ki, yaxşı təcrübəni öyrənib, onu tətbiq etməkdən çəkinmək lazım deyil”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz