Əlaqə Arxiv
news Image
2018.09.11
08:00
| A A A
Qiymətli kağızlar bazarı mühüm yeniliklər ərəfəsində
Ruslan Atakişiyev: “Bütün bunlar maliyyə sektoruna müsbət təsir göstərir” Fuad İbrahimov: “Regionda maliyyə mərkəzinə çevrilməyimiz üçün şərait yaranır”

“Azərbaycanda dövlət qiymətli kağızların buraxılışının genişləndirilməsi üçün imkanlar var”. Bunu "Azərbaycan Rəqabətlilik Forumu 2018" adlı tədbirdə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. 

O bildirib ki, bunun üçün səmərəli maliyyə bazarının formalaşdırılması vacibdir”. Elman Rüstəmov həmçinin beynəlxalq kredit təşkilatlarının manatla qiymətli kağızların buraxılışı təşəbbüsünü müsbət qiymətləndirdiklərini bildirib. Ekspertlərin sözlərinə görə, bu çağırışdan sonra dövlət qiymətli kağızlarının buraxılışının genişlənməsini gözləmək olar. Lakin bunun üçün bir sıra işlər görülməlidir. Xüsusən də manatla qiymətli kağızların buraxılışı maliyyə sektorunun dayanıqlığını artırır. 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, dövlət qiymətli kağızlarının genişləndirilməsi mühüm amildir: “Daxili və xarici borclanma məsələsi var. Dövlət xarici borcu alan zaman ya kredit faizi yüksək olur, yaxud da xarici valyutada verilir. Xarici valyutanın da məzənnəsi yüksələn zaman problemlər yarana bilər. Yaxud da xaricdən borc verənlər müxtəlif tələblər irəli sürə bilərlər. O baxımdan beynəlxalq təcrübə də onu göstərir ki, daxili borclanma daha yaxşıdır. 
Hazırda bank sektorunda baş vermiş müəyyən durğunluqlar səbəbindən əhali əmanətlərinin bir hissəsini bankdan götürür. Əmanəti olan insanlar isə bunun sərmayə yolla istifadəsini yaxşı bilmir. Həmin əmanətlər xarici valyuta şəklində “yastıq” altında saxlanılır. Bu baxımdan istifadə edilməyən vəsaitlərin dövriyyəyə cəlb olunması  əhəmiyyətlidir. İkincisi, daxili borclanma vasitəsi ilə dövlət öz vətəndaşı qarşısında borclu olur. Üçüncüsü, bu borclanmanı milli valyuta ilə edilirsə, xarici valyutaların məzənnələri dəyişən zaman sövdələşmələrə xələl gətirmir. 
Bundan başqa, əhalinin milli valyutaya etibarı artır. Bu da milli valyutanın dönərliliyinə müsbət təsir göstərir. Beşincisi, dövlət investisiya layihələr üçün əlavə vəsait əldə etmiş olur. Bütün bunlar maliyyə sektoruna müsbət təsir göstərir. Maliyyə sektorunun dayanıqlığına gətirib çıxarır. Odur ki, qiyməti kağızlar bazarının inkişafı mütləq amildir”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, Elmar Rüstəmovun fikirləri bazar müddəalarına cavab verir: “Ancaq nəzərə alaq ki, Qiymətli Kağızlar Komitəsi şəklində fəaliyyət gösətərən dövlət nəzarət orqanı olub. Ölkə rəhbərliyi tərəfindən də kifayət qədər sərəncam, qanun imzalanıb. Ancaq bu illər ərzində ölkəmizdə qiymətli kağızlar bazarı formalaşıb. Yəni, qiymətli kağızlar haqqında yalnız iqtisadiyyatla maraqlananlar məlumat toplayırlar. Amma təəssüf ki, bunun da böyük hissəsi səthi şəkildə öyrənilir. Onun əsl əhəmiyyəti haqqında çox adamın məlumatı yoxdur. Yəni, bu istiqaməydə bilik, həm də mexanizm yüksək səviyyədə deyil. Müstəqilliyin üzərində 27 il keçdikdə sonra bu sahəyə institusional şəkildə şərait yaradılması təklif olunur. Bunun nə dərəcədə həyata keçəcəyini zaman göstərəcək. Lakin qiymətli kağızlar bazarı mütləq formalaşmalıdır. Bununla bazar iqtisadiyyatı müddəalarının tətbiqi tamamlanır. 
Nəzərə alaq ki, Azərbaycanın hər cür imkanları var. Xüsusən də indi əlverişli vəziyyətdir. Şimal və cənub qonşumuz sanksiyalara məruz qalmaqdadır. Belə bir vəziyyətdə regionda maliyyə mərkəzinə çevrilməyimiz üçün şərait yaranır. Bunun üçün bizim həm geostrateji, həm siyasi, həm də iqtisadi potensialımız var. Bu gün Asiyanın maliyyə mərkəzi Sinqapurdur. Biz də regionun maliyyə mərkəzinə çevrilə bilərik. Bu da qiymətli kağızlar bazarının inkişafından keçir. Nəzərə alaq ki, qiymətli kağızlar makroiqtisadiyyatın əsas elementidir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz