Əlaqə Arxiv
news Image
2018.10.02
08:00
| A A A
Xarici ticarətdə milli valyutadan istifadə həcmi artır
Vüqar Bayramov: “Gələcəkdə milli valyutalar ilə əməliyyatlar mərhələli şəkildə genişlənə bilər” Cəfər İbrahimli: “Yaxın ölkələrlə milli valyutalarla əməliyyat aparmaq manat üzərinə heç bir təzyq yaratmaz”

“Rusiya və Azərbaycan iki ölkənin milli valyutasında hesablaşmaların həcminin gələcəkdə artırılması üçün potensiala malikdir”. Bu sözləri Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov bildirib: “Ticarətin milli valyutada aparılmasını artırmaq üçün bütün zəruri imkanlar var. Biz artıq bəzi əmtəə qrupları üzrə hesablaşmaları milli valyutada həyata keçiririk. Biz burada belə hesablaşmaların aparılmasından ötrü bütün institusional mühitin yaradılması ilə bağlı böyük potensial görürük”.

Göründüyü kimi artıq qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunur. İndi isə tərəflər milli valyutalardan istifadə həcmini daha da arıtrmağı düşünürlər. İqtisadçıların fikrincə, bu mümkündür və regionda dollara olan tələbi müəyyən qədər yumşala bilər. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, region ölkələri milli valyutalarla ticarət aparmaqda maraqlı tərəf kimi çıxış edirlər: “Xüsusən də Rusiya Azərbaycan, Türkiyə, İran və digər region dövlərləri ilə milli valyutalarla əməliyyat aparmaq niyyətindədir. Amma indiki halda bütün xarici ticarət dövriyyəsini milli valyuta ilə həyata keçirmək inandırıcı deyil. Bu, zaman tələb edir. 
Həmçinin nəzərə alaq ki, hər iki dövlətin dollara ehtiyacı böyükdür. Bu baxımdan da bütün ticarət əməliyyatlarını milli valyutalarla həyata keçirmək ölkələr üçün məqbul hesab oluna bilməz. Milli valyutalarda ödənişlər aparılsa da, konvertasiya baxımından dollara ehtiyac yaranacaq. Amma mərhələli şəkildə əməliyyatların digər valyutalarla aparılması mümkündür və ehtiyac var. Avronun regionda işlənmə dairəsini nəzərə alsaq, bəzi əməliyyatların avro ilə aparılması mümkündür. Odur ki, gələcəkdə milli valyutalar ilə əməliyyatlar mərhələli şəkildə genişlənə bilər. Fərqli metodlar tapmaqla regionda dollara olan tələbi müəyyən qədər yumşaltmaq mümkündür”. 
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, Rusiya ilə Azərbaycan arasında milli valyutada müqavilələr mövcuddur: “Amma bunların hamısı rubl ilə həyata keçirilir. Bu baxımdan yəqin ki, növbəti müqavilələr də rublla olacaq. Çünki Azərbaycanda banklar rubl qəbul edir. Həmçinin burada rublun konvertasiyası mümkündür. 
Eyni zamanda rublun Azərbaycanda işləmək imkanı var. Yəni, Rusiya ilə geniş-gəlişlə əlaqədar olaraq ölkəmizdə rubl işləkdir. Yəni, rubl ilə idxal-ixrac əməliyyatları var. Bunun da fonunda rubl ilə ticari əlaqələrin artması imkanları realdır”.
Ekspert əlavə etdi ki, yaxın ölkələrlə milli valyutalarla əməliyyat aparmaq manat üzərinə heç bir təzyq yaratmaz: “Yəni, bu əməliyyatların rubl ilə həyata keçirilməsi manata təzyiq etməyəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz