Əlaqə Arxiv
news Image
2018.10.03
09:30
| A A A
Azərbaycanda aqrar sektora beynəlxalq böyük maraq yaranır
Natiq Cəfərli: “Azərbaycanın aqrar sektoruna maraq göstərən təşkilatların sayı artacaq” Qadir Bayramlı: “Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər həm heyvandarlığın, həm də bitkiçiliyin mühüm sahələrinə aiddir”

BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) 2018-ci il noyabrın sonunadək Azərbaycanda üç layihə reallaşdırmağı planlaşdırır.Bu barədə  FAO-nun tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Melek Çakmak deyib. Onun sözlərinə görə, layihələr FAO ilə Azərbaycan arasında 2016-cı ildə imzalanmış və 2020-ci ilin sonunadək nəzərdə tutulan əməkdaşlıq proqramı çərçivəsində reallaşdırılacaq: "Oktyabrda biz qoyunçuluğun inkişafı proqramının reallaşdırılmasına və bu sahədə dəyər zəncirinin yaradılmasına başlamağı planlaşdırırıq. Bundan başqa, həmin ayda süni mayalanma və qida bazasının təkmilləşdirilməsi sahəsində biliklərin artırılması yolu ilə heyvandarlıq sahəsinin inkişafı proqramının reallaşdırılması planlaşdırılır. Biz Azərbaycana kartof toxumçuluğunun inkişafı sahəsində layihə təqdim etmişik. Bu layihə müsbət qarşılanıb və ən geci noyabrın sonunadək reallaşdırılacaq".

Ofis rəhbəri bildirib ki, FAO həmçinin Azərbaycanda kənd təsərrüfatı sahəsinin möhkəmlənməsinə yönəlmiş daha bir neçə layihənin hazırlanması ilə məşğuldur: "Bu layihələrdən biri fındıqçılıq sahəsinin inkişafına yönəlib. Fındıq Azərbaycanın əsas qeyri-neft ixrac mallarından biridir və biz bu sahənin inkişafına yarıdm etmək istəyirik. Bundan başqa, qadınların və gənclərin özünüməşğulluğunun inkişafına yönəlmiş iki layihə planlaşdırılır. Layihə kənd təsərrüfatı ilə məşğul olan və aqrar təhsil almış əhalini əhatə edəcək və onların gəlirlərinin artmasına imkan verəcək".
Açıqlamadan görünür ki, artıq FAO kimi nüfuzlu qurum Azərbaycanda aqrar sektora böyük maraq göstərir. Mütəxəssislərin fikrincə, bunu əsaslandıran fundamental səbəblər var. Belə vəziyyət isə inkişaf etmiş aqrar sektorumuza daha da böyük töhfələr verəcək. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, hökumət aqrar sahəyə ciddi diqqət ayırır: “Keyfiyyət dəyişikliyinə nail olmaq üçün müəyyən addımlar atılmaqdadır. Hökumətin burada maraqlı olduğunu nəzərə alaraq, aqrar sektorda yeni texnologiyalar, yeni yanaşmanın, idarəetmə üsullarının gətirilməsində FOA-nun da marağı artıb. Layihələrin həyata keçirilməsi üçün Azərbaycanda münbit şərait görürlər. 
Həmçinin Azərbaycan aqrar sektorunda perspektivlər də görürlər ki, ən azından ətraf ölkələrə ixracat potensialı kifayət qədər yüksəkdir. Son iki ildə də bunu müşahidə etdik. İki il ardıcıl olaraq ixracatda ciddi artımlar qeydə alınır. Təxminən 10 faizə yaxın artım müşahidə edilir. Artımın fonunda əlavəməhsullar gələcəkdə həm Rusiya, həm də Orta Asiya bazarlarına çıxarılacaq. Azərbaycanın aqrar sektorunun potensialını görürlər. Həm logistik olaraq, həm də Azərbaycanın aqrar məhsullarının keyfiyyətini nəzərə alaraq, Rusiya və Orta Asiya ölkələrinə kifayət qədər aqrar məhsul ixrac etmək imkanlarımız var. Bu imkanları dəyərləndirərək, FAO ekspertləri də gələcəkdə həm toxumçuluğun, həm də müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması fonunda daha çox gəlir əldə etməyi düşünürlər. Nəzərə alaq ki, gələcəkdə Azərbaycanın aqrar sektoruna maraq göstərən təşkilatların sayı artacaq. Bunun fonunda Azərbaycanın aqrar sektorunun potensialının yüksəlməsi gözlənilir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki,  Azərbaycanın FAO-nun tədbirlərində fəal  iştirakı, FAO qarşısında  müvafiq öhdəlikəri yerinə yetirməsi, qurum ilə olan əməkdaşlığın genişləməsi, Azərbaycanda bir sıra təşkilatların FAO ilə ortaq seminar keçirməsi, ölkəmizdə  kənd təsərrüfatının  dayanıqlı inkişafına və yoxsulluğun azaldılmasına yönəlmiş tədbirlər müsbət qarşılanır: “Azərbaycanda  kənd təsərrüfatına  diqqətin artması,  ölkəmizin kənd təsərrüfatı  məhsullarının tanıdılması ilə əlaqədar fəaliyyətlərin genişlənməsi də FAO-nun Azərbaycana diqqətinin artmasında rol oynayıb. Başlıcası, FAO-nun  Azərbaycanla 2016-2020-ci illəri əhatə edən əməkdaşlıq sazişi imzalaması kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. 
Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər həm heyvandarlığın, həm də bitkiçiliyin mühüm sahələrinə aiddir. Sözügedən layihələr uğurlu şəkildə həyata keçirilərsə, bir neçə il sonra biz həmin sahələrdəki  irəliləyişlərin şahidi ola bilərik”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz