Əlaqə Arxiv
news Image
2018.10.04
07:00
| A A A
Azərbaycan Orta Asiyanın enerji resurslarının nəqlində əsas tranzit məkana çevrilir
Rəşad Həsənov: “Kaşaqan”ın hesabına Azərbaycan tranzit yolundan daha çox gəlir götürəcək, onun siyasi çəkisi artacaq” İlham Şaban: “Onun reallaşması ilə Azərbaycanın tranzit ölkəsi olaraq bu istiqamətdə əldə etdiyi gəlirlərin həcmi daha da artacaq”

Qazaxıstan «Kaşaqan» yatağında hasil olunan nefti Azərbaycan üzərindən dünya bazarlarına çıxarmaq isətyir. 

Qeyd edək ki, enerji sahəsində Qazaxıstanla Azərbaycan hər zaman müxtəlif səpkidə əməkdaşlıq münasibətlərində olub. Son illər isə bu sahədə əməkdaşlıq daha da artır. Qazaxıstanın enerji resurslarının Azərbaycan üzərindən tranziti məsələsinin araşdırılması ilə bağlı işçi qrupu yaradılıb. Astananın öz neft və qaz hasilatının bir hissəsini məhz Azərbaycan üzərindən dünya bazarına çıxarmaq niyyəti ölkəmizdə mövcud olan daşınma kəmərləri və infrastrukturun yüksək səviyyədə və rəqabət qabiliyyətli olmasının göstəricisidir. “Kaşaqan” yatağı 2000-ci ildən istifadəyə başlayıb. Keçən il bu yataqdan gündəlik 250 min barrelə qədər neft hasil olunub. Bir neçə ildən sonra isə həmin yataqdan ildə 40 milyon ton hasilat nəzərdə tutulub. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, “Kaşaqan” yatağının Azərbaycan üzərindən dünya bazarına çıxması fonunda ölkəmizin tranzit yolu olaraq əldə etdiyi gəlirkləri daha da artacaq. İkinci bir tərəfdən, ekspertə görə, Qazaxıstanın bu istəyinin reallaşması ilə Azərbaycanın dünya miqyasında siyasi çəkisi də yüksələcək: “Nəqliyyat layihələrində regionun potensial imkanlarından maksimum istifadə edilməsilə bağlı müəyyən bir konsepsiya var. Müstəqilliyin ilk illərindən etibarən Azərbaycan regionun tranzit mərkəzinə çevrilmək mövqeyini ortaya qoyub. Bu istiqamət də bir sıra, o cümlədən enerji layihələrində öz əksini tapıb. Bakı-Tiflis-Ceyhan neft boru kəməri istifadəyə verilərkən də bu imkanlar potensial olaraq qiymətləndirilib. Sözügedən kəmərin faktiki olaraq, ötürmə qabiliyyəti Azərbaycanın neft hasilatından yüksəkdir. Həmin ötürmə qabiliyyətinin həmçinin sonrakı mərhələdə genişləndirilməsi imkanları da vardır. 
Hazırda Baki-Tiflis-Ceyhan kəməri tam gücü ilə işləmir. Bu mənada mümkündür ki, yaranmış boşluğun doldurulmasında Qazaxıstan tərəfi də iştirak etsin. Qazaxıstan və Türkmənistandan Azərbaycan üzərindən keçməklə dünya bazarlarına neft təklif olunur. Ancaq “Kaşaqan” yatağında hasil edilən neftin məhz Azərbaycan üzərindən dünya bazarına çıxışı ilə bağlı son qərar qəbul edilə və bu məsələ öz həllini tam olaraq taparsa, yaranmış vəziyyət ölkəmiz üçün artıq növbəti mərhələdə tranzit daşınmalarından əldə olunan gəlirin əhəmiyyətli səviyyədə artmasına gətirilib çıxarılması demək olacaq. 
Bundan başqa, Qazaxıstanın həmin istəyinin reallaşması ilə Azərbaycanın siyasi mövqeyi bir qədər də möhkəmlənər. Çünki hazırda dünya bazarını enerji resursları ilə təmin edən və bu prosesdə tranzit rolunu oynayan ölkələr də faktiki olaraq, həmin alətdən siyasi məqsədlər üçün istifadə edirlər. Düşünürəm ki, Qazaxıstan neftinin əhəmiyyətli hissəsinin Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması növbəti dövrlərdə ölkəmizin siyasi mövqeyinin müəyyən qədər güclənməsinə töhfə verəcək. Eyni zamanda, enerji tranziti məsələsində ölkəmizin rol və əhəmiyyətini artıracaq”.
Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban da vurğuladı ki, Azərbaycan tranzit ölkəsi olaraq daha çox gəlir götürəcək: “Bildiyiniz kimi, Azərbaycanın qazandığı gəlirlər sırasında tranzit yolundan əldə etdiyi gəlirləri də mühüm yer tutur. Bu mənada, Qazaxıstanın “Kaşaqan” neft yatağından çıxaracağı “qara qızıl”ı məhz ölkəmiz üzərindən dünyaya daşımaq niyyəti Azərbaycan üçün də mühüm əhəmiyyətlidir. Belə ki, onun reallaşması ilə Azərbaycanın tranzit ölkəsi olaraq bu istiqamətdə əldə etdiyi gəlirlərin həcmi daha da artacaq”.   
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz