Əlaqə Arxiv
news Image
2018.10.04
12:50
| A A A
TAP: Yunanıstan və Albaniyada boruların 98 faizi marşrut xətti boyunca düzülüb

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası üzrə Yunanıstan və Albaniyada boruların 98 faizi marşrut xətti boyunca düzülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 750 kilometrində borular marşrut xətti boyunca düzülüb.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra olunub. Sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təqribən 538 kilometr boru xətt boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin demək olar ki, hamısı təmizlənib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya hissəsinin 756 kilometri, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə TAP-ın borularının 97 faizi qaynaq olunub. Həmçinin boruların təxminən 90 faizi xəndəyə endirilib.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.

Bor kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini reallaşdıran İtaliyanın “Saipem S.p.A” şirkətinin qarşıdakı aylarda mikrotunel üçün qazma işlərinə başlaması gözlənilir. TAP-ın Adriatik dənizindən keçəcək 36 düymlük hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Sizin Reklam Yeriniz