Əlaqə Arxiv
news Image
2018.10.05
09:00
| A A A
Dollara tələb azalır
Pərviz Heydərov: “Maliyyə bazarımızdakı tarazlıq pozulmayacaq” Natiq Cəfərli: “Burada iki əsas faktor önəmli rol oynayır”

Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində valyuta hərraclarında 394,8 milyon ABŞ dolları satılıb. Halbuki avqust ayı ərzində Fond valyuta bazarına 733,7 milyon ABŞ dolları məbləğində vəsait çıxarmışdı. İqtisadçılar dollara tələbin belə kəskin azalması müxtəlif səbəblərlə izah edirlər. 

İqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, Dövlət Neft Fondu tərəfindən Mərkəzi Bankın (AMB) təşkil etdiyi hərraclarda bu ilin yanvar-avqust ayları ərzində bütövlükdə keçən il ərzində satılan valyuta həcmindən 15 %-dən çox ABŞ dollarının satılmasını bəziləri maliyyə bazarımızda mövcud olan sabitlik üçün təhlükə saymır: “Ümumiyyətlə, qurumun valyuta hərraclarında bu il ərzində hər ay satdığı valyuta həcminə diqqət yetirsək, onun hər ay artan dinamika üzrə inkişaf etdiyinin şahidi olardıq. Təkcə bir ayın artım tempinə diqqət yetirmək kifayət idi ki, avqustda hərraclar vasitəsilə 733,7 milyon dollar realizə edilibsə, iyul ayında bu rəqəm 536,6 milyon dollar təşkil edib. Bu da avqustda hərraca iyul ayındakından 197,1 milyon dollar artıq dolların satışa çıxarıldığı demək idi. 
Eyni zamanda, banklarda bu il ərzində dollar alış-verişi də artıb. Cari ilin iyul ayında ölkədə fəaliyyət göstərən banklar tərəfindən əhaliyə 189,307 milyon dollar satılaraq, əhalidən 175,342 milyon dollar alınıb. İyun ayı ilə müqayisədə dolların alış və satışı artıb. Belə ki, iyun ayında alış 148,522 milyon dollar, satış isə 167,596 milyon manat olub. Bu da nağd dollar alışının 18,1%, satışının isə 13% artması demək idi”.
Ekspert əlavə etdi ki, bu il ərzində ölkədə valyuta alışı və satışının, ümumiyyətlə, hərraclarda ABŞ dollarına tələbin yüksək olacağı qabaqcadan bəlli idi: “Bunu həm idxalın artacağı, həm ümumi iqtisadi artım tempinin bərpasının sürətlənəcəyi, həm də əhalinin maddi vəziyyətinin nisbətən sabitləşəcəyi faktorlarının proqnozlaşdırılması və sair diqtə edirdi. Sentyabrda isə tempin səngiməsi mövsümlə bağlıdır. Bütövlükdə ilin sonunadək xarici valyutaya tələb ola bilsin ki, bir az da çox olsun. Lakin maliyyə bazarımızdakı tarazlıq pozulmayacaq”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, burada iki əsas faktor önəmli rol oynayır: “Birincisi, iyul-avqust aylarında qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi manata da psixoloji təzyiq yaratmışdı. Rubl, lirə, təngə və rialın dəyərdən düşməsi Azərbaycanda da oxşar prosesin baş verməsini gündəmə gətirmişdi. Baxmayaraq ki, Azərbaycanda məzənnə daha sabitdir. 
Neftin qiymətinin yüksəlişi dövründə manatın dəyədən düşmə ehtimalı çox aşağıdır. Buna baxmayaraq, psixoloji gərginlik var idi və dollara tələbat artmışdı. Banklar, fiziki və hüquqi şəxslər tərəfindən dollar alışının həcmi artmışdı. İkinci səbəb isə yeni tədris ili ilə əlaqəlidir. Həmişə yeni tədris ilinə hazırlıq üçün ölkəyə böyük həcmdə dərs lavazimatı, geyimlər gətirilir. Bu da valyutaya tələbatı artırmışdı. Hər il Azərbaycanda təqribən 1 milyon 300 min insan yeni tədris ilinə hazırlaşır. İndi isə həmin dövr arxada qalıb. Bu da dollara tələbatın azalmasına səbəb olub. Üçüncü amili də qeyd etmək olar. Artıq Azərbaycanda manatın sabitliyinə inam formalaşıb. Bu inam artdıqca dollara olan tələbatın azalmasını hiss etməyə başlayırıq”. 
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz