Əlaqə Arxiv
news Image
2018.10.09
08:44
| A A A
Fermerlərimizin Rusiya bazarlarında mövqeləri gücləndirilir
Natiq Cəfərli: “Azərbaycan aqrar məhsullarının Rusiya bazarlarına daha sürətli çıxışı təmin ediləcək” Fuad İbrahimov: “Qeyri-neft sektorunun inkişafına hesablanmış qərardır”

“Şura tərəfindən azərbaycanlı ixaracatçılara öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək”. Bu sözləri Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası zamanı Şuranın sədri Səməd Qurbanov bildirib. 

O əlavə edib ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının ixracatçılarla görüşü hər iki ölkənin iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı sahibkarların müraciət və təkliflərini nəzərə alaraq təşkil olunur. Mütəxəssislərin fikrincə, bu amil azərbaycanlı fermerlərin Rusiya bazarlarında mövqelərinin güclənməsinə imkan verəcək. Bu hal isə öz növbəsində məşğulluq səviyyəsinə, aqraq sahənin inkişafına müsbət təsir edəcək. 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, azərbaycanlı fermerlərin aqrar məhsullarının Rusiya bazarlarına çıxışlarında zaman-zaman problemlər yaşanır: “Xüsusən də sərhəd keçid məntəqəsində sürətli keçid təmin edilmirdi. Hətta bəzən məhsullar Rusiyaya buraxılmırdı.  Ancaq yeni təşəbbüslərdən sonra bu problemlər aradan qalxacaq və Azərbaycan aqrar məhsullarının Rusiya bazarlarına daha sürətli çıxışı təmin ediləcək. 
İxracatda yəqin ki “Yaşıl dəhliz”ə keçiləcək. İş adamlarının, fermerlərin öz məhsullarının Rusiyaya ixracına şərait yaradacaq. Nəzərə alaq ki, Rusiya mühüm bazardır. Azərbaycan aqrar məhsullarının ixracının 85 faizini Rusiya bazarı təşkil edir. O baxımdan bu istiqamət Azərbaycan üçün hər zaman önəmli olub. Rusiya böyük bazardır. İl ərzində 55 milyard dollara yaxın aqrar məhsullar satılır. Azərbaycan həmin bazardan ciddi pay ala bilər. Odur ki, yeni təşəbbüslər ixracatın artmasında mühüm rol oynayacaq. Bu da Azərbaycanda ixracat hesabına yeni iş yerlərinin açılmasına kömək edəcək”. 
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, bəyanatın əsasları var: “Sovet dövründə də, ondan sonra da azərbaycanlıların ən çox yaşadığı yer Rusiyadır. Həmçinin aqrar sahədə də ən böyük əlaqələrimiz məhz Rusiya ilə olub. Hazırkı bu addım da qeyri-neft sektorunun inkişafına hesablanmış qərardır. 
Nəzərə alaq ki, aqrar sahədə istehsal olunan məhsullarımızın ən rahat yerləşdiriləcəyi ərazi məhz Rusiya bazarları hesab olunur. O baxımda Azərbaycan-Rusiya İşguzar Şurası səviyyəsində hərtərəfli dəstək veriləcəkcə, ciddi nəticələr əldə ediləcək. Digər tərəfdən hazırda Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində həmin bazarın müxtəlif sahələrində böyük boşluqlar yaranıb. Bu boşluqdan istifadə edərək, Şuranın dəstəyi ilə ixracatda  ciddi nəticələr əldə edə bilərik. Ümumiyyətlə, Rusiya bazarında ciddi mövqelər əldə etməyimiz vacib şərtdir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz