Əlaqə Arxiv
news Image
2018.10.09
09:33
| A A A
Manatın xarici valyutalara nisbətdə bahalaşması gözlənilir, amma…
Ekspert: “Manatın məzənnəsinin müəyyənləşməsində iki faktor həlledicidir”

Neft və qeyri-neft ixracı sayəsində Azərbaycana daha böyük həcmdə valyuta daxil olmaqdadır. 

Qeyd edək ki, son hərraclara uyğun olaraq, Azərbaycan nefti dünya bazarlarında təqribən 87 dollara satılır. Həmçinin ölkəmizdə qeyri-neft ixracı sahəsində də son illər görülən tədbirlər sayəsində ciddi nailiyyətlər əldə olunub. Belə vəziyyətdə isə Azərbaycana daha çox valyuta daxil olur.
Bəs, bu durumda manatın xarici valyutalar qarşısında möhkəmlənməsini gözləmək olarmı? 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov neftin bahalaşması fonunda belə, manatın xarici valyutalar qarşısında mövqeyinin möhkəmlənəcəyini düşünmür. Onun fikrincə, mövcud məzənnə qalacaq: “Manatın məzənnəsinin müəyyənləşməsində iki faktor həlledicidir. Qiymətləndirmələr göstərir ki, neftin dünya bazarındakı qiyməti, eyni zamanda, qeyri-neft ixracatı üzrə tərəfdaşlarımız arasında milli valyutaların məzənnəsi burada aparıcı rol oynayır. Bu mənada xüsusən rus rublunun vəziyyəti də diqqəti çəkir. 
Rusiya rublunun məzənnəsi Azərbaycan üçün ona görə vacibdir ki, ölkəmizin qeyri-neft ixracatının 35 faizi məhz şimal ölkəsinin payına düşür. Bu da yarım milyard dollardan artıq qeyri-neft ixracatı deməkdir. Eyni zamanda, aqrar məhsullar üzrə ixracatın 90 faizi məhz Rusiyaya göndərilir. Ona görə də qeyri-neft ixracı da bu prosesə birbaşa təsir edən faktorlardandır. Mərkəzi Bankın açıqlamalarının təhlili isə göstərir ki, bu qurum mövcud məzənnənin qorunub saxlanılmasında maraqlıdır. Mərkəzi Bank manatın məzənnəsinin indiki məqamda möhkəmlənməsində maraqlı deyil. Neftin dünya bazarında qiymətinin yüksəlməsinə baxmayaraq, MB üçün prioritet məsələ mövcud məzənnənin qorunub saxlanılmasına nail olmaqdan ibarətdir. Bu mənada düşünmürəm ki, neftin dünya bazarında qiymətinin bahalaşması manatın məzənnəsinin möhkəmlənməsinə gətirib çıxaracaq. 
Eyni zamanda, indiki halda neftin qiymətinin siyasiləşməsi və bu fonda onun qiyməti barədə uzun müddətli proqnozların verilməsinin mümkün olmadığını nəzərə alanda da, neftin hazırkı yüksək qiymətinə söykənib, manatın məzənnəsinin möhkəmlənməsinə getmək risqlər yarada bilər. Belə ki, neftin qiymətinin sonradan aşağı düşməsi fonunda manatın atılan bu addım manatın məzənnəsinə mənfi təsir göstərə bilər”. 
Digər iqtisadçı-ekspert Yaşar Əsədov isə qeyd etdi ki, nəzəri cəhətdən yaranmış vəziyyətdə manatın məzənnəsinin möhkəmləndirilməsi mümkündür. Amma bununla belə həmsöhbətimizə görə, belə bir addımın atılmasına ehtiyac yoxdur: “Nəzəri cəhətdən bu mümkündür. Lakin artıq Azərbaycan iqtisadiyyatı manatın hazırkı məzənnəsinə adaptasiya olunub. Ona görə də neftin qiymətinin bahalaşması və qeyri-neft ixracatından gələn gəlirlərimiz artsa da, yenidən nəyisə dəyişmək iqtisadi baxımdan fikrimcə, düzgün olmaz. 
Digər tərəfdən, qeyri-neft sektorundan valyuta daxil olmaların artması da məhz Azərbaycan manatının mövcud məzənnəsinin nəticəsidir. Yəni, zəif  milli valyuta ixracı stimullaşdırır. Bu fonda ölkə daxilində istehsal edilən mal-məhsulun qiymət baxımından dünyada rəqabətə davamlılığı güclənir. Belə vəziyyətdə xaricdəki eyni məhsullar müqayisədə alıcı üçün Azərbaycandan gətirilən məhsul daha münasib olur. Ona görə də valyutaların məzənnəsi məsələsində mövcud vəziyyəti dəyişdirməyə ehtiyac yoxdur.” 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz