Əlaqə Arxiv
news Image
2018.10.11
09:15
| A A A
Uğurlu islahatlar qeyri-neft sektorunda daha yüksək nəticələrə yol açır
Fikrət Yusifov: “Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi uğurlu daxili və xarici siyasət strategiyası reallaşdırıldıqca, Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla paralel dünyanın siyasi müstəvisində samballı söz sahibinə çevrilir” Fuad İbrahimov: “Artıq hər iki orqanın fəaliyyətində dönüş hiss edilir”

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qeyri-neft sektoru sahəsində mühüm məqamlara toxundu. Dövlət başçısı vergi və gömrük sahəsində islahatların davam etdiriləcəyini bildirdi. 

İqtisadçıların sözlərinə görə, islahatların davam etməsi qeyri-neft sektorunda daha yüksək nəticələrin əldə edilməsinə şərait yaradır. Həyata keçirilən islahatların müsbət nəticələri bunu deməyə əsas verir. 
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, iclasada Prezident İlham Əliyev giriş və yekun çıxışlarında ötən 9 ayda Azərbaycanın həm beynəlxalq siyasi müstəvidə və həmdə iqtisadiyyat sahəsində əldə etdiyi uğurları ətraflı təhlil etdi: “Çıxışında Azərbaycanın dünyanın siyasi səhnəsində nüfuzunun getdikcə daha da artdığını arqumentlərlə, faktlarla ortaya qoyan ölkə başçısı, bu uğurların kökündə dinamik iqtisadi inkişafımızın və bu inkişafın dayanaqlılığının dayandığını yüksək səviyyədə səciyyələndirdi. 
Bu gün Azərbaycan sözün əsl mənasında dinamik bir inkişaf dövrünü yaşayır. İndi ölkəmizin iqtisadi və maliyyə dayanaqlığı elə bir səviyyəyə yüksəlib ki, o dünyanın iqtisadi, maliyyə müstəvisində baş verən hər hansı bir təlatümləri özündən yan keçirə bilmək şanslarına malikdir. Dünya iqtisadiyyatında baş verən son olaylar da bunu bir daha sübut etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi uğurlu daxili və xarici siyasət strategiyası reallaşdırıldıqca, Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla paralel dünyanın siyasi müstəvisində samballı söz sahibinə çevrilir. Bizim siyasi uğurlarımızın kökündə iqtisadi uğurlarımız dayanır. Bu birmənalı şəkildə belədir. Prezident İlham Əliyev müşavirədə bu məqamı çox əhatəli bir şəkildə şərh edərək belə dedi: “Əlbəttə, bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır”. Cari ilin ötən dövrü ərzində hökumət iqtisadi sahədə qarşıya qoyduğu bütün məqsədlərə çata bildi. Belə ki, ötən dövrdə bizim iqtisadiyyatımız, 0,8 faiz, onun qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artıb. İqtisadiyyatın qeyri-neft sektorunun bu iki aparıcı sahəsində əldə olunan uğurlar Azərbaycanda sənayeləşmyə və aqrar sektora dövlət qayğısının məntiqi nəticəsidir.
Ötən doqquz ayda ölkədə inflyasiya cəmi 2,6 faiz olduğu halda əhalinin gəlirləri 9,5 faiz artıb. Yəni, əhalinin gəlirləri inflyasiyanı 3,6 dəfədən çox üstələyib. Bu göstərici özlüyündə Azərbaycanda makroiqtisadi vəziyyətin sabitliyinin təzahürüdür. Azərbaycan manatı artıq ötən ilin aprel ayından başlayaraq il yarım ərzində tam sabitlik nümayiş etdirir. Qonşu ölkələrdə milli valyutalar ətrafında baş verən ucuzlaşmalar fonunda Azərbaycan milli valyutasının bu qədər sabit qalması ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyluşunu şərtləndirən başlıca səbəblərdən biridir. 
Milli valyutanın sabitliyi olmayan bir ölkədə nə yerli nə də xarici investorlar yatırımlar etmirlər. Çünki qeyri-sabitlik şəraitində bu çox riskli bir addım hesab olunur. Ən önəmli olan budur ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökumətin gördüyü tədbirlər öz bəhrəsini investisiyalar sahəsində də verməyə başlayıb. Belə ki, ötən 9 ay ərzində iqtisadiyyata edilən 9 milyard dollar yatırımın 5,6 milyard dolları və ya 62 faizindən çoxu qeyri-neft sektoruna qoyulub. İqtisadiyyata yatrımların bu şəkildə şaxələndirilməsi iqtisadiyyatımızın özünün də tez bir zamnda şaxələndirilməsinə gətirib çıxaracaq. Ötən hesabat dövründə Azərbaycanın maliyyə dayanaqlılığını təmin edən valyuta ehtiyatlarımız əlavə olara 3 milyard dollar artaraq 45 milyard dollar çatmış, xarici ticarət dövriyyəmiz 37 faiz, qeyri-neft ixracımız isə təxminən 14 faiz arta bilib. Doqquz ayda ölkədə 85 min daimi iş yeri açılıb. İqtisadi inkişafımızın bu mərhəlləsində dövlət öz maliyyə imkanlarından istifadə etməklə yeni istehsal və emal müəssisələrinin qurulmasına xüsusi dəstək verir. Bu, öz növbəsində iqtisadiyyatın qeyri-neft sektorunu daha sürətlə inkişaf etdirməyin ən yaxşı yolu hesab edilməlidir. Bu sırada Sumqayıtda Polipropilen Zavodunun açılışı, ilin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi olan yüksəksıxlıqlı polietilen zavodunun istifadəyə verilməsi mühüm bir hadisədir. Bu iki müəssisənin qurulmasına 800 milyon dollardan çox sərmayə yatırılıb. Türkiyədə istifadəyə veriləcək “Star” neftayırma zavodunun tikintisinə Azərbaycan 6 milyard dollardan çox vəsait qoymub. Bütün bu yatrımlar özünü tezliklə döğruldacaq və bu müəssisələrdə istehsal edilən məhsullar Azərbaycana yüz milyonlarla manat gəlir gətirəcək. Cari ilin ötən dövrünün ən böyük uğurlarından biri 2018-ci ildə Azərbaycanın enerji siyasəti sahəsində əldə etdiyi nəticələrdir. May ayında Bakıda Cənub Qaz Dəhlizinin, ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin rəsmi açlışı oldu. XXI əsrin ən böyük enerji layihəsinin üçüncü hissəsi olan TAP xəttinin inşası üzrə işlər də qrafik üzrə gedir. Deməli, biz öncədən planlaşdırdığımız kimi Azərbaycan qazının Avropaya nəzərdə tutulan vaxtda çatdırılmasına nail ola biləcəyik. Biz Avropanın enerji təchizatı məsələlərində bununla kifayətlənmək fikrində deyilik. Hədəflərimiz Avropa ölkələri ilə iqtisadi münasibətləri daha dərin bir müstəviyə keçirməkdir. İndi hədəfimiz növbəti mərhəllədə bu ölkələrdə qaz təsərrüfatının idarə edilməsi ilə bağlı məsələlərlə məşğul olmaqdır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atlan ən önəmli istiqamətlərdən biri ölkəmiz üzərindən tranzit yükdaşımaların həcminin artırılması istiqamətinə görülən işlərdir. Bununla bağlı reallaşdırılan layihələr bu gün Azərbaycanı bölgənin ən iri taranzit yükdaşımalar məkanına çevirməkdədir. Bu sahədə ən önəmli layihələrdən biri Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Cənab Preziden İham Əliyevin müşavirədə dediyi kimi “Bu da tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır”. Limanın bu ilin may ayında istifadəyə verilməsi  Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli bir hadisə oldu. Azərbaycan bu gün şərqlə qərbi, şimalla cənubu birləşdirən ən uğurlu bir qapıdır. Bu qütbləri birləşdirən müxtəlif nəqliyyat vasitələri ilə Azərbaycan üzərindən daşınan yüklərin həcmi sürətlə artmaqdadır. Belə ki, cari ilin əvvəlindən Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artıb. Başlanğıc üçün bu çox önəmli bir göstəricidir və bu marşurutlarla daşınacaq yüklərin həcminin bundan sonra daha da artacağına bir siqnaldır. 
Azərbaycan bu gün uğurlu inkişaf yolunu davam edir. Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlar cənab Prezidentin çıxışında çox gözəl ifadə olunub: “Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir. Təkcə bizim yaratdığımız imkanlara görə yox, eyni zamanda, bəlkə də, ilk növbədə, ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, artıq hər iki orqanın fəaliyyətində dönüş hiss edilir: “Məsələn, bu gün sahibkar gömrükdə heç bir əziyyət çəkmir. Eyni zamanda vergilər sistemində də ciddi dönş var. Xüsusən də orta və kiçik sahibkarlıq sinfinə qarşı vergi siyasəti tamamilə elastik münasibətlər müstəvisinə gəlib. Statistik məlmatlar görə, orta və kiçik sahibkarlıq sinfi tərəfindən  kredit borclarının qaytarılması prosesi gedir. Bu da ondan gəlir ki, vergilər orqanları orta və kiçik sahibkarlıq sinfindən əsassız vəsaitlər almırlar. Kredit borclarının qaytarılması həmçinin ona işarə edir ki, sahibkar gəlir əldə edə bilirlər. Ancaq qeyri-neft sektorunun inkişafı hələlik arzuedilən səviyyəyə çatmayıb. Həmçinin qeyri-neft sektorunun inkişafı yalnız sözügedən iki qurumun fəaliyyətindən asılı deyil. Bunun üçün makroiqtisadi səviyyədə canlanma olmalıdır. Yəni, biznes mühiti inkişaf etməlidir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz