Əlaqə Arxiv
news Image
2018.10.11
08:23
| A A A
Aqrar sektorda Azərbaycan daha böyük nailiyyətlərə imza atır
Qadir Bayramlı: “Aqroparkların, iri feremr təsərrüfatları, sənaye parklarının məqsədyönlü şəkildə inkişaf etdirilməsi Azərbaycanın kənd təsərrüfatına bir dinamizm gətirə bilər” Rəşad Həsənov: “Aqroparkların yaradılması indiki məqamda mühüm əhəmiyyət kəsb edir”

Məlumdur ki, oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda toxunulan məsələlərdən biri də kənd təsərrüfatı sektoru oldu. 

Prezident xüsusən aqroparklar, iri fermer təsərrüfatları, sənaye parklarının yaradılması prosesinin davam etdirilməsinin vacibliyini bildirib, müvafiq tapşırıqlarını verdi. Mütəxəssislərin fikrincə, aqroparkların artırılması aqrar sahənin inkişafına ciddi töhfə vermiş olacaq ki, bu da son nəticədə iqtisadi inkişafın daha da sürətlənməsi deməkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, aqroparkların, iri feremr təsərrüfatları, sənaye parklarının  məqsədyönlü şəkildə inkişaf etdirilməsi  Azərbaycanın kənd təsərrüfatına bir dinamizm gətirə bilər: “Azərbaycanın kənd təsərüffatındakı ciddi problemlərdən biri kiçik təsərrüfatların “hakimiyyəti”dir. Kiçik təsərrüfatlarda yeni texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və nəticədə böyük həcmdə məhsul istehsalına nail olmaq imkansızdır. Buna görə də  iri fermer təsərrüfatlarının,   aqroparkların və sənaye parklarının  inkişaf etdirilməsi həm kiçik  təsərrüfatlarla bağlı problemlərin həllinə kömək edə bilər, həm də kənd təsərrüfatında çoxmərhələli istehsal prosesini həyata keçirməyə imkan verəcək.  
Bununla yanaşı,  fermerlərin kənd təsərrüfatı texnikası, gübrə və  digər zəruri preparatla  daha yaxşı təmin olunmasına şərait yarada bilər. Bütün bunlar sistemli şəkildə həyata keçirildiyi təqdirdə, ekstensiv təsərrüfat üsullarının intensiv təsərrüfat üsulları  ilə əvəz edilməsi məsələsinin həlli  asanlaşa bilər. İri fermer təsərrüfatlarının,   aqroparkların və sənaye parklarının  inkişaf etdirilməsi fermerlərin məhsul satışında qarşılaşdığı problemlərin həllinə, həmçinin aqrosənayeni müasir tələblər səviyyəsinə  qaldırmaq məsələsinə də öz töhfəsini verə bilər”. 
İqtisadi və Sosial İnkişaf mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, aqrar sahədə müstəqilliyin ilk illərində geriləmələr müşahidə olunurdu: “Ancaq iqtisadiyyatın ayrı-ayrı sahələrinin müqayisəli qiymətləndirilməsi onu göstərir ki, kənd təsərrüfatı nisbətən üstünlüyə malik ola bilib. Lakin aqrar sektorda əldə edilən göstərici iqtisadiyyatın digər sahələri ilə müqayisədə aşağıdır. Digər sektorlarda mənfəət səviyyəsi aqrar sektorla müqayisədə daha yüksəkdir. Aqroparkların yaradılmasında əsas məqsəd məhz bu problemin aradan qaldırılmasıdır. Həmçinin ixrac potensialının gücləndirilməsinə hesablanmış addımdır. 
Artıq bir neçə aqropark fəaliyyət göstərir. Aqroparkların yaradılması  indiki məqamda mühüm əhəmiyyət kəsb edir. Nəzərə alaq ki, istehsalçılar topdan və pərakəndə satışla məşğul olan müəssisələrə nisbətən daha az qazanırlar. Bu da istehsal prosesini zəiflədən amildir. Aqroparklar isə dəyər zəncirinin halqalarını bir-biri ilə əlaqələndirməklə, istehsal prosesindən əldə olunan gəliri artırır. Bu da mənfəət normasının yüksəlməsinə, investisiya qoyuluşunun artımına, yeni innovasiyaların tətbiqinə şərait yaradır. Bütün bu proseslər  da son nəticədə aqrar sektorun inkişafına təkan verir. 
Eyni zamanda innovativ vasitələrlə istehsalla məşğul olmaq daha çox gəlir əldə etmək imkanı yaradır. Ancaq yerli istehsalçılar bu gəlirlərdən məhrumdurlar. Aqroparklar məhz bu istiqamətdə müəyyən qədər inkişafı sürətləndirəcək. Odur ki, aqroparklar aqrar sektorun inkişafına öz töhfəsini verəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz