Əlaqə Arxiv
news Image
2018.10.12
09:00
| A A A
Uçotsuz fəaliyyət, vergidən yayınma dövrü başa çatır
Rəşad Həsənov: “Problemin həlli vergi yolu və sosial müdafiə xərcləri vasitəsilə büdcəyə gələn gəlirlərin həcminə əhəmiyyətli dərəcədə təsir göstərəcək”

Vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra maraqlı məqamlara toxunaraq bildirib ki, Azərbaycanda yaradılmış əlverişli iqtisadi mühit, böyük daxili istehlak bazarının mövcudluğu, ixracın təşviqi üçün görülən tədbirlər insanları sahibkarlıq fəaliyyətinə stimullaşdırır: “Lakin bu sahədə hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq. Bu kimi halların qarşısının alınması olduqca vacibdir. Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergiödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır”. 

Bu fonda uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərininə qarşı mübarizənin genişlənməsi gözlənilir. Belə neqativ halların aradan qaldırılması məşğulluq və vergi xətti ilə gəlirlərin həcminə necə təsir edəcək?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, əmək bazarında qeyri-leqal fəaliyyətin azaldılması məşğulluq və vergi yolu ilə gələn gəlirləri həcminin daha da artmasına rəvac verəcək: “İlk növbədə onu qeyd edim ki, Azərbaycanda qeyri-rəsmi məşğulluq və gizli iqtisadiyyatla mübarizəyə yanaşmanın özündə qüsurlar var. Həmin metodlar daha çox inzibati üsullarla problemin həllinə hədəflənib. Halbuki, bu istiqamətdə ən vacib olan təşviqedici mexanizmlər demək olar ki, yoxdur. Eyni zamanda, iqtisadiyyatda məmur biznesinin olması ölkədə qeyri-leqal əmək bazarının formalaşmasında əsas faktorlardan biridir. Hətta ölkə başçısı son müşavirədə bununla bağlı öz iradlarını qeyd etdi. Düşünürəm ki, «Məşğulluq haqqında» Azərbaycan Respublikası qanununa edilən dəyişiklikllər bağlı bu istiqamətdə müəyyən qədər inkişafa doğru dəyişikliklərə gətirib çıxara bilər. Burada problemin daha da konkretləşdirilməsi və onun tərifinin verilməsini müşahidə etdik. Həmçinin, rəqəmsal ödəniş sistemlərinin inkişafı ilə bağlı strategiyanın özündə də müəyyən məqamlar vardır. 
Vergi islahatlarının nəzərdə tutulması və onun vergi yükünün azaldılmasına hədəflənməsi qeyri-rəsmi məşğulluqla mübarizədə müəyyən qədər yeni çalarlar formalaşdırır. Azərbaycanda indilikdə vergi yükü yüksəkdir. Hazırda ölkədə qeyri-leqal əmək bazarını təşviq edən əsas məqamlardan biri məhz budur. Bu istiqamətdə daha effektli mübarizə aparıb real nəticələrə nail olmaq üçün sadəcə bir yol, yəni inzibati yolla kifayətlənmək olmaz. Eyni zamanda, təşviq mexanizmlərinin formalaşdırılması, genişləndirilməsi yolu ilə də problemin həllinə çalışmalıyıq. Elə etmək lazımdır ki, işə götürənlər leqal biznesdə maraqlı olsun. Bu istiqamətdə təşkilatımız modelləşmə aparıb. Onun nəticələrindən məlum olur ki, Azərbaycanda məcburi dövlət sosial sığorta ödənişlərinin sahibkar üzərində olan hissəsini 11 faizə qədər azaldılması, işçinin üzərində olan hissənin isə 4 faiz artırılması son nəticədə əmək bazarının miqyasının leqallaşması imkanlarını iki dəfəyə qədər artıra bilər. Hesablama Palatasının verdiyi məlumata görə, ölkədə 1 pensiyaçıya 1,2 sığorta ödəyicisi düşür. Bu, bir tərəfdən, ölkədə qeyri-leqal əmək bazarının geniş olduğunun göstəricisidir, ikincisi,  pensiya təminatı sisteminin dayanıqlığının zəifliyinə gətirib çıxarır. Hazırda vergi islahatları nəticəsində vergi yükünün azaldılmasına yönəlik yanaşma mövcuddur. Həmçinin, mexanizmlərin sadələşdirilməsi nəzərdə tutulur. Məcburi dövlət sosial sığorta ödənişləri, vergi öhdəliklərinin birləşdirilməsilə vahid vergi növünün yaradılması istiqamətində də işlər gedir. Sonda bu istiqamətdə faiz nisbətinin aşağı salınması nəzərdə tutulur. Belə olarsa, sahibkarların öz fəaliyyətlərini leqallaşdırmaq istiqamətində istəkləri artar. Bu da son nəticədə əmək bazarında leqallıq səviyyəsinin  yüksəlməsinə gətirib çıxaracaq. 
Belə vəziyyət də öz növbəsində məşğulluq və vergi xəttilə dövlətə gələn gəlirlərin həcminə müsbət təsir göstərəcək. Bu istiqamətdə gəlirlər artacaq. Azərbaycanda məşğul əhalinin indilikdə 100 nəfərindən deyək ki, 57-si qeyri-qanuni şəkildə fəaliyyət göstərirsə, bu, o deməkdir ki, kifayət qədər ciddi vergi yayınmaları, sosial sığorta ödənişlərindən yayınmalar var. Azərbaycanda qeyri-formal əmək bazarı iki istiqamətdə inkişaf edir. Bir tərəfdən, əmək müqaviləsi demək olar ki, ümumiyyətlə, leqallaşdırılmır. İkincisi, qismən də olsa əmək fəaliyyətində rəsmiləşdirilmələr aparılır, amma bu halda əksini tapan rəqəmlər reallıqdan uzaq olur. Yəni sahibkar işçiyi min manat əmək haqqı verirsə, onun ancaq 200 manatını rəsmiləşdirir, yalnız bu həcmə uyğun vergi verir, sığorta ödənişi həyata keçirir. Bunun nəticəsidir ki, indilikdə sosial müdafiə fondu xərclərinin təxminən 37 faizi dövlət tərəfindən ödənilir. Problemin həlli isə bu mənada vergi yolu və sosial müdafiə xərcləri vasitəsilə büdcəyə gələcək gəlirlərin həcminə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Bu halın dövlət büdcəsinin strukturunda, həmçinin qeyri-neft sektorunun payının artmasına da müsbət təsiri olacaq. Bunun üçün də səmərəli və kompleks formada mübarizə metodu ortaya qoyulmalıdır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz