Əlaqə Arxiv
news Image
2018.10.22
10:41
| A A A
ABŞ istiqrazlarına azalan sərmayə dollara da mənfi təsir edir
Fikrət Yusifov: “ABŞ iqtisadiyyatı nə qədər güclü olsa da, dövlət borcunun bu qədər artaraq, ümumi daxili məhsuldan da çox olması yaxın və uzaq perspektivdə Amerika Birləşmiş Ştatların maliyyə sisteminə yaxşı heç nə vəd etmir” Əkrəm Həsənov: “Bu hal dolların mövqelərinin, məzənnəsinin zəifləməsinə gətirib çıxara bilər”

Rusiya, Çin, bir sıra ərəb ölkələri ABŞ-ın dövlət istiqrazlarına investisiyaları sürətlə azaldır. Ekspertlərin sözlərinə görə, bu gözlənilən idi. Amma belə vəziyyət dolların mövqeyinə təsir edə bilər. Hətta müəyyən qədər məzənnə enmələri də mümkündür. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki,  Rusiya və Çinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərində son illər yaranmış gərginlik getdikcə artmaqdadır: “Donald Tramp prezident seçildikdən sonra bu münasibətlərdəki gərginlik özünün pik nöqtəsinə qədər arta bilib. Bu gün ABŞ Rusiya və Çin iqtisadiyyatına zərbələr vurmaqla, onları zəiflətmək istəyir. Belə olan halda bu ölkələrin ABŞ-n istiqraz kağızlarını almaqdan imtina etməsi başadüşüləndir. 
Digər bir məsələ isə Amerika Birləşmiş Ştatların dövlət borcunun kosmik sürətlə artmasıdır. Belə ki, 2010-cu ildən başlayaraq bu ölkənin dövlət borcu hər il orta hesabla 2,2 trilyon dollar artır. Daha doğrusu, bu borc son 9 ildə 19,6 trilyon dollar artaraq, 2010-cu ildəki 1 trilyon 362 milyard dollardan 2018-ci ildə 21 trilyon dollara çatıb. ABŞ iqtisadiyyatı nə qədər güclü olsa da, dövlət borcunun  bu qədər artaraq, ümumi daxili məhsuldan da çox olması yaxın və uzaq perspektivdə Amerika Birləşmiş Ştatların maliyyə sisteminə yaxşı heç nə vəd etmir. Ərəb ölkələri də konyukturaya uyğun seçim edən ölkələrdir. Heç şübhəsiz ki, onlar da bu durumu dəyərləndirə bilirlər”.
Digər iqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, ABŞ istiqrazlarından imtina məsələsində hər bir ölkənin fərqli səbəbləri ola bilər: “Məsələn, bəzi dövlətlərin  vəsaitlərinin azalması mümkündür. Çünki son illər neftin qiymətində kəskin enmələr oldu. Buna görə neft ixrac edən ölkələrin investisiyalarının həcmi azalıb. Bəziləri isə sadəcə qorxudan edə bilər. Çünki hazırki ABŞ rəhbərliyinin fəaliyyətində qeyri-müəyyənlik var. Bu baxımdan dövlətlər vəsaitlərini müxtəlif ölkələrə yatırmağa çalışırlar”.
Əkrəm Həsənov fikrincə, bu hal dolların mövqelərinin, məzənnəsinin zəifləməsinə gətirib çıxara bilər: “Nəzərə alaq ki, dolların mövqelərinin güclü olması həm də bununla bağlıdır. Belə ki, dünya dövlətlərinin əksəriyyəti aktivlərini ABŞ istiqrazlarında saxlayırlar. Lakin dolların kəskin dərəcə ucuzlaşmasına heç bir əsas yoxdur”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz