Əlaqə Arxiv
news Image
2018.10.24
09:15
| A A A
Regionların inkişafı kəndlə şəhər arasındakı fərqi aradan qaldırır
Azərbaycanlıların yaşayış yeri seçmək problemi sıradan çıxır

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların inkişafı ilə bağlı üç Dövlət Proqramı qəbul edilib və uğurla icra olunub. Son illərdə iqtisadiyyatda qeyri-neft sektorunun inkişafına prioritetlik statusu verildikdən sonra kənd və rayonlarımızın da abadlaşdırılması prosesi yeni səviyyəyə yüksəlib. Xüsusilə yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, kəndli-fermer təsərrüfatlarına geniş meydan verilməsi əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı yaşayış məskənlərinin simalarının da inanılmaz dərəcədə gözəlləşməsi müşahidə edilir.  Bu istiqamətdə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri regionlarımızın müasir səviyyəyə çatmasına imkan yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, yaradılan və yaradılacaq aqroparkların, iri fermer təsərrüfatlarının və müasir heyvandarlıq komplekslərinin iqtisadi inkişafımızda çəkisi böyükdür. Bir faktı qeyd etmək yerinə düşər ki, sovetlər birliyi qurulanda “sovet hakimiyyəti + bütün ölkənin elektrikləşdirilməsi” şüarı ortalığa atılmışdı. Amma hökm sürdüyü 70 il ərzində bu şüarı tam mənası ilə yerinə yetirmək mümkün olmadı. Ancaq müstəqil olandan sonrakı 25 il ərzində Azərbaycan 100 faizlik elektrikləşdirməyə nail olub ki, bu da dünya üzrə böyük nailiyyət sayılır. Respublikanın yaşayış məskənlərində qazlaşdırma faizi isə 100 faiz həddinə çatmaqdadır. Kənd yollarının 50 faizi asfaltlanıb və indi ən ucqar kəndlərə belə yol çəkilişi uğurla genişləndirilir. Hazırda regionların inkişafı üzrə IV Dövlət Proqramənin layihəsi üzərində gərgin iş gedir. Yaxın aylarda bu proqram qəbul edilməlidir.

Dövlət başçısının bu günlərdə İmişli rayonuna səfəri bir subyektin simasında regionların ümumi inkişafının panoramının necə gözəlləşdiyinin təcəssümüdür. Belə ki, tək bir rayonda həyata keçirilən neçə-neçə yeni önəmli infrastruktur layihələrinin açılışı olub. Bu layihələr nəticəsində İmişli və qonşu rayonların iqtisadiyyatına yeni təkan veriləcək.
Dövlət başçısının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələrin açılışı ölkədə gözəl bir ənənəyə çevrilib. Çünki, bu obyektlərin açılışı zamanı ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşlərdə yeni təşəbbüslər irəli sürülür və əhalinin daha çox nəyə ehtiyacı olduğu müəyyənləşdirilir. Planlar da bu ehtiyaclar üzərində qurulur. Məsələn, indiyədək İmişlidə sosial infrastrukturla bağlı bir çox önəmli obyektlər istifadəyə verilib. Onların arasında Olimpiya Kompleksi, 130 çarpayılıq mərkəzi rayon xəstəxanası, Gənclər Mərkəzi, digər layihələr var, 25 məktəb əsaslı şəkildə təmir edilib və yenidən tikilib. 
Prezidentin budəfəki gəlişində isə İmişlidə “ASAN Həyat” mərkəzi, “Azərışıq”ın yeni idarəetmə və nəzarət mərkəzi, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Qarağacı-Bəhrəmtəpə hissəsi, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu, İmişli Rayon Məhkəməsinin yeni binası, Bayraq Muzeyi istifadəyə verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə yeni inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçası ilk sakinlərini qəbul edib.
“ASAN Xidmət” Azərbaycanın intellektual məhsuludur. Azərbaycan bu intellektual məhsulu artıq xarici ölkələrə də ixrac edir. İmişlinin “ASAN Həyat” mərkəzində yerli vətəndaşlar, xüsusilə gənclər üçün 180-dən çox iş yeri yaradılıb. Qırxdan çox könüllü “ASAN xidmət” mərkəzində işləyəcək. Bu mərkəzdə 300-dən çox müxtəlif xidmətlər göstəriləcək. Bu layihə rayonun sosial, ictimai xidmət sahələrində böyük irəliləyiş olmaqla yanaşı əhaliyə xidmət səviyyəsinə görə iri meqapolislərdən geri qalmayacaq.  
Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında əldə olunan  ciddi irəliləyişlər məhsuldarlığı və ölkənin ixrac potensialını gücləndirdiyi kimi əhalinin rifah halının yüksəlməsini də təmin edir. Kadrların intellektuaı səviyyəsi, dünyagörüşü genişlənir. 
Digər tərəfdən göründüyü kimi, Azərbaycanın regionlarının inkişafı şəhər həyatı ilə ayaqlaşır və səviyyə etibarı ilə ona yaxınlaşır. Ölkəmizin sosial həyatında aradan qalxan bu fərqlilik insanların regionlara meyillənməsinə şərait yaradır və bu da öz növbəsində yeni yaradılan iş yerlərində kadr ehtiyatını təmin edir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz