Əlaqə Arxiv
news Image
2018.10.25
09:15
| A A A
Naxçıvana qədər uzanacaq BTQ ermənilər üçün növbəti zərbədir
Fikrət Yusifov: “Bu, qardaş Türkiyə vasitəsilə Naxçıvanla quru yolu əlaqələrimizin bərpası demək olacaq” Azər Allahverənov: “Bu kimi layihələr yükdaşımalarda, məhsulların mübadiləsində, sərnişindaşımalarında böyük əhəmiyyətə malikdir”

“Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir”. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib. Onun sözlərinə görə, hazırda layihələndirmə, eləcə də dəmir yolunun inşası üçün tenderə hazırlıq işləri aparılır: "Məlum olduğu kimi, Qars-İğdır-Naxçıvan dəmir yolu ötən ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin davamıdır. Bu xətt Qarsda tikintisi hələ davam edən logistik mərkəz ilə də bağlı olacaq".

Ekspertlərin fikrincə, sözügedən dəmir yolunun işə düşməsi Azərbaycana, xüsusən də muxtar respublikaya, həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək. Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycan üçün tək öz üzərindən tranzit yüklərin daşınması demək deyil: “Burada söhbət gələcəkdə bu yolun bir tərəfdən Təbrizə qədər uzadılaraq dairəvi yola çevrilməsindən gedirsə, digər tərəfdən onun Qarsdan İğdıra və oradan da Naxçıvana qədər uzadılması nəzərdə tutulur. Artıq tezliklə Qars-İğdır  xətt üzrə işlərə başlanılacaq. Bu isə qardaş Türkiyə vasitəsilə Naxçıvanla quru yolu əlaqələrimizin bərpası demək olacaq. Bu, olduqca ciddi bir məsələdir. Bu xəttin siyasi əhəmiyyəti onun iqtisadi əhəmiyyətindən heç də az deyil. İllər öncə erməni avanturası nəticəsində Naxçıvanla kəsilmiş dəmir yolu əlaqələrinin bərpası deməkdir.  Bu yolla həm sərnişinlər və həm də yüklər daşınması nəzərdə tutulub”.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, bunlar iki dövləti bir-biri ilə əlaqələndirən, əməkdaşlığın genişlənidirilməsinə hesablanmış layihədir: “Bu kimi layihələr yükdaşımalarda, məhsulların mübadiləsində, sərnişindaşımalarında böyük əhəmiyyətə malikdir. Nəzərə alaq ki, Qars ilə Naxçıvan arasında avtomobil yolunun uzunluğu 300 kilometrdən bir qədər çoxdur. O baxımdan layihənin  Bakı-Tiflis-Qars dəmiryoluna qoşulması Naxçıvanın da proseslərdə fəal iştirakını təmin edəcək. 
Məlumdur ki, Naxçıvan blokadada olan bölgəmizdir. Ora İran və Türkiyə vasitəsi ilə avtomobillə getmək mümkündür. Düzdür, yüklərin avtomobil yolları ilə daşınması qısa olsa da, dəmiryoluna nisbətən baha başa gəlir. Bu baxımdan dəmiryollarının daşımalarda əhəmiyyəti böyükdür. Naxçıvan üçün isə ikiqat əhəmiyyəti var. Belə ki, muxtar respublika da   beynəlxalq yükdaşımalardan yararlana biləcək. Bu da  Naxçıvanda fəaliyyət göstərən işgüzar dairələrin maraqlarına cavab verən haldır. Lahiyə həmçinin bölgənin iqtisadi inkişafına hesablanmış təşəbbüsdür. Eyni zamanda ölkəyə valyuta axını deməkdir. Bundan başqa bir sıra sahələrin inkişafına səbəb olacaq. Yəni, həm iqtisadi, həm də geosiyasi əhəmiyyəti var”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz