Əlaqə Arxiv
news Image
2018.10.30
09:30
| A A A
Dünyanın Azərbaycanda yerləşən əsas nəqliyyat mərkəzi
Elman Nəsirov: “Azərbaycanın nəqliyyat sferasında apardığı uğurlu siyasət ölkəmizə daha böyük dividendlər gətirəcək”

VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı  Prezident İlham Əliyev Prezident bildirib: “Biz bir neçə il bundan əvvəl nəqliyyat sahəsində qarşıya vəzifə qoymuşduq ki, Azərbaycan nəinki bu bölgədə, dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrilsin. Bu məqsədə doğru ardıcıl olaraq getməyə başlanmışdır və bu gün tam əminliklə deyə bilərəm ki, biz buna nail ola bilmişik“.  Bəs, Azərbaycanın dünya miqyasında əsas nəqliyyat mərkəzlərindən birinə çevrilməsi ölkəmizə hansı üstünlüklər qazandırır? 

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, bu istiqamətdə atılan addımlar, infrastrukturun təkmilləşdirilməsi sahəsində görülən işlər sayəsində Azərbaycan dünyanın aparıcı nəqliyayt qovşaqlarından birinə çevrilib: “Həqiqətən də cənab Prezident İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı   Azərbaycanın dünya miqyasında mühüm nəqliyyat qovşağına çevrildiyinə də diqqəti çəkdi. Ölkəmizin bu istiqamətdə atdığı addımların da mühüm siyasi və iqtisadi əhəmiyyəti vardır. Bu nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycan Şimalla Cənubu,  Şərqlə Qərbi birləşdirir. 
Ümumiyyətlə, Azərbaycanın yürütdüyü uğurlu siyasət nəticəsində dünya ölkələrilə yüksək səviyyəli münasibətlər formalaşıb. Ölkəmiz dünya miqyasında əsas nəqliyyat mərkəzlərindən birinə çevrilməsəydi, heç bir halda Şərq-Qərb dəhlizi də işə düşə bilməzdi. Məhz Azərbaycanın Gürcüstan və Türkiyə ilə yüksək səviyyəli münasibətləri sayəsində Şərq-Qərb dəhlizinin mühüm həlqəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xətti də işə düşdü. Bu addım sayəsində artıq yükdaşımalar əvvəlki illərlə müqayisədə 100 dəfədən də çox artıb. Hansı ki, bir çx böyük dövlətlər belə həmin dəmir yolunun çəkilişində maraqlı deyildilər. 
Eyni zamanda, Azərbaycanın İran və Rusiya ilə inkişaf edən mehriban qonşuluq və dostluq  münasibətləri ona gətirib çıxarıb ki, Şimal-Cənub nəqliyyat dəhlizi də artıq işə düşmək ərəfəsindədir. Azərbaycan bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Müəyyən tamamlanma işləri ancaq İran ərazisində qalıb. Bu işlər tamamlandıqdan sonra artıq Şimal-Cənub nəqliyyat dəhlizi də bütün gücüylə işləməyə başlayacaq. Bu isə nəticə etibarı ilə Azərbaycanın böyük həcmdə gəlir əldə etməsi demək olacaq. 
Azərbaycan neft və qaz ölkəsi olaraq məşhurlaşıb. Amma hər ikisinin tükənən məhsul olduğunu nəzərə alsaq, Azərbaycanın nəqliyyat sferasında apardığı uğurlu siyasət ölkəmizə daha böyük dividendlər gətirəcək. Yəni, bu uğur ölkəmizə nəqliyyat sferası vasitəsilə nəticə etibarı ilə hər zaman, tükənmədən, fasiləsiz olaraq gəlir gətirməsi demək olacaq.Bu istiqamətdə atılan addımlar, infrastrukturun təkmilləşdirilməsi sahəsində görülən işlər nəticə etibarı ilə Azərbaycanın dünyanın aparıcı nəqliyayt qovşaqlarından birinə çevrilməsini şərtləndirib. Bunun sayəsində Azərbaycan eyni zamanda Şərqlə Qərb arasında mühüm bir körpü funksiyasını da həyata keçirir. Bu, ölkəmizin əldə etdiyi mühüm və tarixi bir nailiyyətidir. Nəinki bugünkü, hətta gələcək nəsillər də həmin siyasətin doğurduğu yüksək, böyük nəticələrdən faydalanmaqda davam edəcəklər”.
Rüfət NADİROĞLU  

 

Sizin Reklam Yeriniz