Əlaqə Arxiv
news Image
2018.10.31
09:00
| A A A
Regionlardakı inkişaf bölgələrə yeni kredit axınına böyük təkan verib
Natiq Cəfərli: “Bu, çoxşaxəli inkişaf modeli üçün ən vacib elementlərdən biridir” Ayaz Quliyev: “Bu amil regionların iqtisadi inkişafında mühüm rol oynayacaq”

Azərbaycan Mərkəzi Bankı 2018-ci ilin ilk ilin 9 ayında kredit portfelinin regionlar üzrə bölgüsünü açıqlayıb.  Cari ilin oktyabr ayının 1-ə cəmi verilən kreditlərin həcmi 12 milyard 302 milyon 424,5 min manat olub. Bunun 10 milyard 31,4 milyon manatı və ya 81,5% Bakı şəhərinin payına düşür. Qeyd edək ki, bu,  son illər ərzində kredit qoyulaşlarında Bakı üzrə ən aşağı göstəricidir. Əvəzində regionlarda verilən kreditlərin həcmi artıb. Ekspertlərin sözlərinə görə, bunu şərtləndirən səbəblər var. 

Bu,  xüsusən son illər regionlara artan diqqətdən irəli gəlir. Belə hal isə regionların inkişafına müsbət təsir edəcək. İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, bu, son illər regionlara diqqətin artmasının nəticəsidir: “Xüsusən də aqroparkların yaradılması istiqamətində işlər görülür. Yaxın zamanlarda 45 aqroparkın yaradılması gözlənilir. Artıq bir neçəsinin açılışı olub. Hər birində 100-dən çox işçi heyəti olan təsərrüfatlardır. Bunların gələcək perspektivinin ixracyönümlü olduğunu nəzərə alaraq, bankların bu tipli sahələrə kredit ayırmağa başlayıblar. 
Hələlik yeganə problem kreditlərin qısamüddətli olmasıdır. Aqrar sahə çalışanlar dayanıqlı inkişafa nail olmalıdırlar ki, uzunmüddətli kreditlər ala bilsinlər. Amma hələlik qısamüdətli olsa da, aqrar sahəyə  kreditlərin verilməsini müşahidə edirik. Bunun nəticəsi olaraq kreditlərin payında Bakının xüsusi çəkisi son illərin ən aşağı həddinə düşüb. Buna baxmayaraq, hələ də Bakının kifayət qədər böyük üstünlüyü var. Regionlarda kreditləşmənin payının artması tendensiyası davam etsə, iqtisadi disbalans da aradan qalxmış olar. Bu da çoxşaxəli inkişaf modeli üçün ən vacib elementlərdən biridir. 
İqtisadiyyat yalnız bir ərazidə toplanmamalıdır. Sevindirici haldır ki, çoxşaxəli inkişaf istiqamətində addımlar atılmaqdadır. Bir müddət sonra bunun effektini görməyə başlayacağıq”.
Ekspert əlavə etdi ki, hələlik ümumi daxili məhsulun (ÜMD) və büdcənin formalaşmasında regionların payı azdır: “Bakının və Abşeronun əhəmiyyətli rolu var. Bu da neft faktoru ilə bağlıdır. Lakin son üç ildə bu tendensiyanın azalmasını müşahidə edirik. ÜDM-nin və büdcənin formalaşmasında regionların payı artmağa başlayıb. Bu tendensiya bir müddət davam etsə, regionların iqtisadi inkişafına ciddi dəstək olacaq. Bununla regionların cəlbediciliyi artacaq. Nəticədə iqtisadi aktivlik Bakı və Abşerondan regionlar üzrə hərəkət edəcək. Bu da xüsusən turizm və aqrar sektorun inkişaf etdirilməsi ilə baş tuta bilər”.
Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) İdarə Heyətinin sədri Ayaz Quliyev bildirdi ki, artıq qeyri-real sektora kredit verilməsi prsoesi dayandırılıb: “Verilən kreditlərin hamısı real sektora istiqamətlənib.  Hansı ki, bunların böyük əksəriyyəti əsasən regionların payına düşür. Amma təəssüf ki, ümumi kredit həcmi azalıb”.
Ayaz Quliyev qeyd etdi ki, bu amil regionların iqtisadi inkişafında mühüm rol oynayacaq: “Nəzərə alaq ki, artıq regionlarda əksər sahələrdə inkişaf var. Bu da sahibkarlıq obyektlərinin yaradılması ilə əlaqədardır. Bu məsələdə həmçinin Sahibkarlığa Kömək Milli Fondunun da verdiyi kreditlər rol oynayır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz