Əlaqə Arxiv
news Image
2018.10.31
07:30
| A A A
Dollara qarşı səlib yürüşü genişlənir
Cəfər İbrahimli: “Əvvəlki illərə nisbətən fərqli mexanizm təşəbbüsləri çoxdur” Samir Əliyev: “Dollardan imtina bir neçə ölkənin istəyidir”

Dollardan imtina son zamanlar ən aktual məsələsinə çevrilib. Ölkələrin ciddi təşəbbüsləri var. Bu dəfə isə Yaponiya və Çin dollara qarşı mübarizə aparmaq üçün müqavilə bağlayıblar. Müqavilə 2021-ci ilə qədər qüvvədə olacaq və 30 milyard dollar dəyərindəki milli valyuta mübadiləsinə yer açacaq.

Qeyd edək ki, Rusiya, İran, Türkiyə və Avropa İttifaqı da dollara qarşı müəyyən gedişlər edir, müqavilələr imzalayırlar. İndiyə qədər fikirlər səslənirdi ki, atılan addımlar dolların mövqeyinə təsir etməyəcək. Amma son dövrlər dollara qarşı geniş hərəkətlənmənin olması fonunda ABŞ valyutasının mövqeyi barədə fikirlər birmənalı deyil. 
İqtisadçı-ekspert Cəfər İbrahimli bildirir ki, uzun müddətdir, ticarətin milli valyutalarla həyata keçirilməsi, alternativ köçürmə sistemlərinin yaradılması istiqamətində bir sıra təşəbbüslər var: “Son dövrlər bu kimi təşəbbüslərin sayı çoxalıb. Hətta Rusiya SWIFT sisteminə alternativ sistem qurur. Bunlara baxmayaraq, ortalıqda hələ real nəsə görünmür. 
Onu da nəzərə alaq ki, mövcud mexanizmi dəyişdirmək o qədər də asan məsələ deyil. Düzdür, iki ölkə arasında müəyyən əməliyyatları milli valyuta ilə həyata keçirmək olar. Amma bunu qlobal şəbəkəyə yaymaq, dollara, SWIFT sisteminə alternativ sistem yaratmaq uzun müddət tələb edən məsələdir. O baxımdan Azərbaycanın valyuta ehtiyatlarına təhlükə  görünmür. Nəzərə alaq ki, İran da nefti dollarla satır və öz birjasında bunu reallaşdırmaq istəyir. Dünyada neftin qiymətini müəyyənləşdirən ABŞ və London birjası var. İranın birjası isə öz daxili bazarları üçün işləyir, qlobal bazarlara təsir edə bilmir. Yəni, yaratdığı birjadan gözləntiləri qaneedici deyil. Həmin birja ilə daxili bazara satmaq şansları var. Əgər pul transferinə mənaelər yəni, sanksiyalar varsa, həmin məhsulu satmaq çətin məsələdir. Odur ki, dollara qarşı tendensiya olsa da, təsirləri hiss edilmir. Sadəcə, əvvəlki illərə nisbətən fərqli mexanizm təşəbbüsləri çoxdur”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, dollardan imtina bir neçə ölkənin istəyidir: “Amma ortada ciddi nəticə yoxdur. Bu cür  təşəbbüslər olsa da, dünyada ticarət dövriyyəsinin təxminən 80% dollarda həyata keçirilir. 
Həmçinin  birjalarda əmtəələr neft, qızıl və s. dollarda ticarət olunur. Eyni zamanda dünyadakı valyuta ehtiyatlarının yarıdan çoxu dollarda saxlanılır. Yəni, dollar böyük paya malikdir. Bunun da səbəbi arxasında ABŞ iqtisadiyyatının dayanmasıdır. 
Nəzərə alaq ki, ABŞ dünyada ən çox qızıl ehtiyatına malik olan ölkədir. Qızılın çoxluğu isə valyutanın möhkəmliyi üçün olduqca vacib amildir”. Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz