Əlaqə Arxiv
news Image
2018.11.20
10:15
| A A A
Qeyri-neft sektorunun inkişafında daha bir mühüm addım
Musa Quliyev: “Müxtəlif iqtiqamətlər üzrə idxaldan asılılığımız tamamilə minimuma enəcək” Əli Əlirzayev: “Onların fəaliyyətə başlaması ölkəmizin gələcəkdə ixrac potensialının artmasına stimul yaradacaq”

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta son səfəri fonunda yeni çoxsaylı zavodlar işə salındı. Prezidentin Sumqayıta son səfəri fonunda işə salınan müəssisələrdən biri də Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodudur. Hansı ki, bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək. Bu məhsullar arasında yayma valları, 3D printer vasitəsilə hazırlanan detallar, dəyirman kürələri, müxtəlif növ maşın avadanlıqları üçün detallar var. Zavodun illik istehsal gücünün 12 min  ton olması gözlənilir. Zavodda İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac olunacaq. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisium, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. Zavodda ekoloji tələblərə uyğun, mükəmməl konstruksiyalı qaz-toz təmizləyici qurğu işə salınıb. Dövlət başçısı həmçinin noyabrın 16-da Sumqayıta səfəri gedişində buradakı Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib. Burada 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal ediləcək. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal ediləcək. Bununla ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizi daxili istehsal hesabına ödəniləcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.Sumqayıt bu günlərdə açılan zavodlardan biri də Kimya Sənaye Parkının rezidenti inşaat kimyəviləri zavodudur. İnşaat kimyəviləri zavodu 1910-cu ildə yaradılan və dünyanın 100-ə yaxın ölkəsində müəssisələri fəaliyyət göstərən İsveçrənin şirkətlər qrupuna daxildir. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. 

Milli Məclisin deputatı Musa Quliyevin fikrincə, Sumqayıtda işə salınan yeni müəssisələr Azərbaycan iqtisadiyyatının daha da inkişafına, qeyri-neft sektorunun çəkisinin artmasına, bir çox məhsullar üzrə ölkəmizin idxaldan asılılığının kəskin azalmasına gətirib çıxaracaq: “Sumqayıt Azərbaycanın ən böyük sənaye mərkəzlərindən biridir. Düzdür, keçən əsrin 90-cı illərin əvvəllərində Sovet dövründə burada tikilən bir çox sənaye müəssisələrinin çoxu, o cümlədən kimya zavodlarının fəaliyyəti dayandı. Amma 2000-ci illərin ortalarından başlayaraq bu proses müsbət istiqamətdə inkişaf etməyə başlayıb. 
Hazırda Sumqayıtda Azərbaycanın ən böyük texnoparkı olan sənaye mərkəzləri yaradılıb. Burada da müxtəlif istiqamətlər üzrə iş yerləri və istehsal müəssisələri fəaliyyətə başlayıb. Cənab Prezidentin Sumqayıta olan son səfəri zamanı da açılan yeni müəssisələr, zavodlar, texnoparklar Azərbaycan iqtisadiyyatının inkişafına heç şübhəsiz, müsbət təsir göstərəcək. Müxtəlif iqtiqamətlər üzrə idxaldan asılılığımız tamamilə minimuma enəcək. Yeni iş yerləri yaranacaq, qeyri-neft sektorunun inkişafına böyük töhfə verəcək”.
İqtisadçı alim Əli Əlirzayev də qeyd etdi ki, Prezidentin Sumqayıt səfəri fonunda orada açılan yeni zavodlar ölkə iqtisadiyyatının daha dərin inkişafına təkan verəcək: “Ölkəmizdə yeni-yeni müəssisə və zavodların açılması yaxşı haldır. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Ölkə iqtisadiyyatının inkişafı isə həm də əhalinin maddi rifah halının daha da yaxşılaşacağı anlamına gəlir. Bu mənada Sumqayıtda açılan yeni müəssisələr də inkişafa xidmət edəcək. Həmin şəhərdə açılan zavodlar yeni iş yerlərinin yaradılması baxımından, əhalinin evlərinə pul qazanaraq aparması baxımından çox vacibdir. 
Digər sözügedən müəssisələr ölkəmizdə qeyri-neft sektoruna diqqətin artdığının daha bir bariz nümunəsidir. Belə ki, Sumqayıtda açılan bu müəssisələr ölkəmizdə qeyri-neft sektorunun həcminin həm kəmiyyət baxımından, həm də ümumi istehsalda çəkisinin artmasına ciddi töhfə verəcək. Bu müəssisələr bildiyiniz kimi, qarşıya xaricə çıxmaq məqsədini qoyub. Ona görə də onların fəaliyyətə başlaması həm də ölkəmizin gələcəkdə ixrac potensialının artmasına stimul yaradacaq”. 
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz