Əlaqə Arxiv
news Image
2019.03.01
07:00
| A A A
Yüksək texnologiyaların ixracatında Azərbaycan nümunəsi
Vüqar Bayramov: “Ölkəmizin yüksək texnologiyaların ixracı sahəsində tutduğu mövqe Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yaradır”

Yüksək texnologiyaların ixracatında ən böyük artım göstərən Avropa ölkələrinin siyahısı hazırlanıb. Britaniyanın “London Loves Business” nəşrinin hazırladığı siyahıda Azərbaycan orta hesabla 41,1 faizlik illik artım tempi ilə ikinci sırada qərarlaşıb. Qeyd edək ki, son illər Azərbaycan sözün həqiqi mənasında yüksək texnologiyalar sahəsində də mühüm uğurlara imza atıb. Artıq 2013-cü ildən başlayaraq bir sıra digər ölkələr kimi Azərbaycan peyki də kosmosda öz yerini tutub. Hansı ki, onun imkanlarından təkcə Azərbaycanın özü deyil, digər dünya dövlətləri də istifadə edir. 

Yüksək texnologiyaların ixracatında Azərbaycanın bu uğurunu hansı amillər şərtləndirir və ölkə bundan hansı üstünlüklər əldə edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, Azərbaycanın yüksək texnologiyaların ixracı sahəsində əldə etdiyi uğurlar ilk növbədə kosmosda peykimizin olması və çoxsaylı digər dövlətlərin də ondan yararlanması ilə bağlıdır: “Yüksək texnologiyaların ixracatı çox vacibdir. Nəzərə alsaq ki, Azərbaycanın bu istiqamətdə mövqeyinin yaxşılaşması, artım faizinə görə önə çıxmasının əsas səbəbləri ölkəmizin kosmosda peyklərinin olması ilə bağlıdır. Yəni kosmosda peykə malik olmaq yüksək texnologiyaların ixracı baxımından daha əlverişli vəziyyəti formalaşdırır. Nəzərə alaq ki, kosmosdakı peykmizdən təkcə Azərbaycan deyil, digər ölkələr də istifadə edir. Bu da nəticə etibarı ilə imkan verir ki, Azərbaycan məhz həmin xidməti ixrac etməklə yüksək texnologiyaların ixracına nail ola bilsin. Belədə Azərbaycan kosmosda peyk quraşdırmaqla daha çox ölkələrin dövlətimizin həyata keçirdiyi həmin xidmətdən istifadə etməsini reallaşdıra bilib”. 

Ekspertin sözlərinə görə, belə bir yüksək nəticə fonunda yüksək texnologiyaların ixracı Azərbaycana dayanıqlı valyutanın axını baxımından vacibdir. Yəni V. Bayramovun fikrincə, Azərbaycanın yüksək texnologiyanın ixracı prosesində oynadığı mühüm rol sayəsində ölkəmizə daha çox dayanıqlı valyuta daxil olacaq:  “Yüksək texnologiyaların ixracı Azərbaycan və ümumiyyətlə inkişaf etməkdə olan ölkələr üçün çox vacibdir. Bu addım xüsusən də daha dayanıqlı valyuta axınının cəlb edilməsi baxımından vacibdir. Bu kontekstdən ölkəmizin yüksək texnologiyaların ixracı sahəsində tutduğu mövqe Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yaradır. Nəticə etibarı ilə bu vəziyyət imkan verir ki, Azərbaycan yalnız ənənəvi məhsul ixracatından deyil, həm də innovativ hesab edilən məhsul və xidmətlərin ixracatından da gəlir əldə edə, valyuta ehtiyatını artıra bilsin. Ona görə də yüksək texnologiyaların ixracatı prosesinin davamlı olması istiqamətində potensialımızın genişləndirilməsi olduqca vacibdir. Ona görə də bu istiqamətə daha çox sərmayə qoyuluşuna nail olmalıyıq ki, həmin sektorun inkişaf və ixrac imkanları daha da genişlənsin. Xüsusən də dövlət büdcəsi hesabına daha çox sərmayə qoyuluşunun həyata keçirilməsi gələcəkdə Azərbaycan üçün daha innovatik məhsulların ixracı baxımından yeni imkanlar yarada bilər”.

Rüfət NADİROĞLU  

 

 

 

 

 

Sizin Reklam Yeriniz