Əlaqə Arxiv
news Image
2019.03.01
19:02
| A A A
Yardımlıda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır

Cari ilin ilk günlərindən başlayaraq ölkə ərazisində olduğu kimi, Yardımlı rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Movqe.az-a bildiriblər ki, cari ilin tədbirləri başlayandan indiyə kimi Yardımlı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda fəaliyyət göstərən sahibkar Nurəddin Abazaliyevə məxsus “Mehdi kəndli (fermer) təsərrüfatı”nda 60 baş iribuynuzlu və 500 baş xırdabuynuzlu heyvan arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, rayonun ayrı-ayrı təsərrüfatlarında 28522 baş iribuynuzlu, 3524 baş təkdırnaqlı heyvanda qarayara, 26500 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 2889 baş həyət itində quduzluq, 10 min baş körpə cücədə (“Las-sota” ştammı ilə) və 27500 baş ev quşunda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin 2800 baş iribuynuzlu heyvan vərəmə, 1600 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinəyə cəlb olunub, iribuynuzlu və xırdabuynuzlu heyvanlarda parazitlərə qarşı (işlənmə) baytarlıq-sanitariya tədbirləri aparılaraq 1750 kvadratmetr sahədə dezinfeksiya işi görülüb.

Artıq Yardımlı rayonunda heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb.

Ümumiyyətlə, Yardımlı rayonunun ərazisində 28537 baş iribuynuzlu, 87552 baş xırdabuynuzlu, 2403 baş təkdırnaqlı, 3073 baş it, 126356 baş ev quşu və 4920 arı ailəsi mövcuddur.

Yardımlı rayonunda bundan sonra isə ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri davam etdiriləcək. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması nəzərdə tutulub.

Tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Sizin Reklam Yeriniz