Əlaqə Arxiv
news Image
2019.03.05
09:45
| A A A
Dollar kreditlərinin sonu çatır?!
Əli Əlirzayev: “Kredit verilməsində dollar və digər xarici valyutalardan imtina manata etibarı artıracaq, dollara tələbatı isə azaldacaq” Natiq Cəfərli: “Xarici valyuta ilə kredit verilməsinin dayandırılması gələcəkdə yenidən problemli kredit mövzusunun qalxmasının qarşısını alacaq bir qərara çevrilə bilər”

Problemli kreditlərlə bağlı Prezident fərmanından sonra fikirlər səslənir ki, dollarda və digər xarici valyutalarda kreditlər verilməsinə son qoyulsun.

Qeyd edək ki, ölkədə hələ də əhalinin bir hissəsi dollar və digər xarici valyuta ilə kredit almaq, habelə gəlirlərini də məhz əcnəbi valyutalarla götürməkdə maraqlıdırlar. Xüsusən də 4 il öncə baş verən devalvasiya həmin tendensiyaya rəvac vermişdi. Məhz xarici valyuta ilə kredit verilməsi sonradan problemli kreditlərin həcminin kəskin artımına gətirib çıxardı. Yəni problemli kreditlərin yaranmasında başlıca rolu məhz xarici valyutada olan kreditlər oynayıb. Ancaq hazırda problemli kreditlərlə bağlı məsələ öz həllini tapıb. Prezidentin imzaladığı fərmanla problemli kreditlər məsələsi birdəfəlik tarixin arxivinə gedir. Bu fonda yenidən həmin risqlərin yaranmaması üçün təklif olunur ki, dollar və digər xarici valyutalarda kredit verilməsi dayandırılsın.   Bu mümkündürmü və hansı üstünlüklər vəd edir?

İqtisadçı alim Əli Əlirzayev düşünür ki, xarici valyuta ilə kredit verilməsinin dayandırılması manata etibarı artıracaq, dollara olan tələbatı isə aşağı salacaq: “Bu addım əvvəldən atılmalı idi. Bütün kreditlər milli pulla verilməli idi.

Dolların manata nisbətən bahalaşmasının bir səbəbi də onun məhz  kredit kimi paylanmasıdır. Nəticədə dollara tələbatı artırırlar. Dollara tələbat artmasaydı onun qiyməti də qalxmazdı. Ancaq tələbat artdığından iş adamları da, xaricə gedənlər də dollar alır, saxlamaq istəyənlər də bu valyutaya üstünlük verir. Ona görə də dollarla kreditlər də artır.

Ölkədə əsas alver manatla həyata keçirilir, ona görə də milli valyuta ilə kredit alışı daha məqsədəuyğundur. İxracat potensialımızı artırmaqla daha çox dollar gətiririk.  Gələn dollarları ancaq xaricə investisiya qoymaq üçün işlədə bilərik. Əhali də təəssüf ki, dollarla kredit almağa üstünlük verir. Kiçik kreditlərin dollarla verilməsi ümumiyyətlə başa düşülən deyil. Bu sərfəli də deyil. Vaxtilə istehlak kreditlərinin dollarla verilməsinin nəticəsində belə partlayış yarandı.  Xüsusən də istehlak kreditləri dollarla olmamalıdır. Kredit verilməsində dollar və digər xarici valyutalardan imtina manata etibarı artıracaq, digər tərəfdən, dolların da qiymətinin qalxmasının qarşısını alır. Əhaliyə kreditlərin manatla verilməsi bazarda dollara tələbatı da azaldar. Nəticədə manatın mövqeyi də möhkəmlənər. İstehlak krediti məsələsində dollar kreditinə ümumiyyətlə ehtiyac yoxdur. Yalnız xaricdə investisiya qoyan zaman dollarla verilməsi mümkündür”.  

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, xarici valyuta ilə kreditləşmədən imtina gələcəkdə yenidən problemli kreditlər məsələsinin gündəmə gəlməsinin qarşısını ala bilər: “İnzibati yolla dollar və digər xarici valyutalarla kredit verilməsinə son qoymaq bir qədər çətin məsələdir. Çünki bank sahəsində əsasən özəl kommersiya bankları fəaliyyət göstərir. Dövlətin nəzarəti altında cəmi 2 bank var, yerdə qalanları isə özəl sektora aiddirlər. Dövlətin isə inzibati qərarla özəl banklara hər hansı bir qadağa və yaxud məhdudiyyətin qoyulması doğru olmazdı.

Amma dövlətlə Banklar Assosiasiyasının gələcəkdə problemli kreditlərlə bağlı məsələlərin  yenidən gündəmə gəlməməsi üçün ortaq konsensusla xarici valyutalarla verilən kreditin ləğv edilməsi və onun manat ekvivalentinə çevrilməsinə dair birgə qərarları ola bilər.  Belə bir praktika mövcuddur. Ona görə də həmin istiqamətdə addım atılması mümkündür.

Amma sırf qadağalarla bunu etmək çətin olmaqla yanaşı, doğru da olmaz. Bu hal dövlətin biznes işinə birbaşa müdaxiləsi kimi qiymətləndirilə bilər. Ona görə də burada konsensus əsasında verilən qərara ehtiyac vardır. Dövlətin Maliyyə Nazirliyi və yaxud Mərkəzi Bankın xəttilə kommersiya banklarının birgə toplantısını keçirib, ortaq məxrəcə gələrək məsələni həll edə bilərlər. Əslində, bu, bankların özlərinə də xeyirlidir. Çünki xarici valyuta ilə kredit verilməsinin dayandırılması gələcəkdə yenidən problemli kredit mövzusunun qalxmasının qarşısını alan bilən bir qərara çevrilə bilər.

Azərbaycanda hazırda manat sabitdir.  Ancaq bir neçə ildən sonra dünyada gedən proseslərlə əlaqədar manatın vəziyyətinin hansı səviyyədə olduğunu indidən proqnozlaşdırmaq çətindir. Ona görə xarici valyuta ilə kreditləşmədən imtina etmək addımı özlərini sığortalamaq üçün banklara da sərfedicidir”.

Rüfət NADİROĞLU   

 

Sizin Reklam Yeriniz