Əlaqə Arxiv
news Image
2019.03.05
15:14
| A A A
Azərbaycan kredit reytinqinin yüksəldilməsi obyektiv tələbə çevrilir
Vüqar Bayramov: “Sözügedən fərmandan sonra Azərbaycan kredit reytinqinin yüksəldilməsi imkanları kifayət qədər böyükdür”

Dünyanın aparıcı reytinq agentlikləri olan "Standard and Poor's", "Moody's" və "Fitch" Azərbaycanın kredit reytinqini "BB+" səviyyəsində müəyyən edib, lakin biz bu reytinqdən narazıyıq".Bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib: "Hesab edirik ki, Azərbaycanın reytinqi 1 pillə də yuxarı, yəni əvvəlki "BBB-" səviyyəsində olmalıdır. Ölkəmizə investisiya reytinqi verilməlidir. Çünki Azərbaycan iqtisadi böhrandan sonra problemlərini, xüsusilə borc problemini uğurla həll edib, valyuta ehtiyatları kifayət qədər artıb, odur ki, ölkənin reytinqinin qaldırılması üçün zəmin yaranıb". Qeyd olunanlar fonunda gözləmək olarmı ki, ölkənin reytinqi artırılsın və bu hal Azərbaycan iqtisadiyyatı üçün nə deməkdir?  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, problemli kreditlərlə bağlı verilən fərmandan sonra Azərbaycanın kredit reytinqinin yüksəlməsi imkanları artıb: “Əslində ölkənin reytinqinin  "BB+" səviyyəsində qərarlaşması daha çox bank sektorunda yaranan problemlərlə bağlıdır. Daimi olaraq beynəlxalq qiymətləndirici şirkətlərlə görüşlər keçirdiyimizi və beynəlxalq ekspert olaraq müzakirələrdə iştirak etdiyimizi nəzərə alsaq, nəticə etibarı ilə beynəlxalq qiymətləndirici şirkətlərin əsas narahatlığı da məhz bank sektoru və onların sağlamlaşdırılması məsələsi idi. Güman edirəm ki, ölkə prezidentinin problemli kreditlərin həllilə bağlı son fərmanı banklar üçün reytinqin yüksəlməsinə nail olmaq baxımından da bir imkandır. Nəticə etibarı ilə bu addım bankların likvidliyinin artmasına, onların sağlamlaşdırılması və  eyni zamanda Azərbaycanın kredit reytinqinin yüksəlməsinə gətirib çıxara bilər.  Bu gün əslində kredit reytinqimizin yüksəlməsinə əngəl olan əsas baryerlərdən biri bank sektorunda likvidliyin aşağı olması və eləcə də problemli kreditlərin payının çox olması kimi problemlər həll olunur. Həmin problemlərin həlli də nəticə etibarı ilə bankların sağlamlaşdırılmasına imkan verəcək. Bankların sağlamlaşdırılması fonunda da təbii ki, yenidən kredit reytinqimizin artmasının şahidi ola bilərik.

Bu baxımdan düşünürəm ki, problemli kreditlərlə bağlı verilən son fərman Azərbaycanın yalnız sosial-iqtisadi deyil, eyni zamanda,  ölkəmizin kredit reytinqinin artmasına xidmət edəcək.

Təbii ki, həmin fərmanın icrasından sonra da qiymətləndirilmə aparılacaq.   Nəzərə alaq ki, kifayət qədər tanınmış beynəlxalq qiymətləndirmə şirkətlərindən biri ola  "Fitch" şirkəti aprel ayında bakıda öz konfranslarından birini təşkil edəcək. Bu da prosesin qiymətləndirilməsi baxımından vacibdir.

Bütün hallarda sözügedən fərmandan sonra Azərbaycan kredit reytinqinin yüksəldilməsi imkanları kifayət qədər böyükdür. Banklar da bu imkandan faydalanıb likvidliyin artırılması, profisit aktivlərin payının azaldılması istiqamətində fəaliyyətlərini genişləndirməlidir. Daha sağlam və kooperativ idarəetmənin formalaşdırılmasına nail olmalıdırlar ki, Azərbaycanın 2019-cu ildə kredit reytinqinin yenidən “BBB-“ səviyyəsinə qalxmasını müşahidə edə bilək”.   

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz