Əlaqə Arxiv
news Image
2019.03.20
08:00
| A A A
Avtomobil ehtiyat hissələrinin ölkə daxilində istehsalı aktuallaşır
Azər Allahverənov: “Daxildə ehtiyat hissələrinin istehsalı avtomobillərin qiymətlərində 15-20 faizlik ucuzlaşmaya gətirib çıxara bilər”

Azərbaycanda qeyri-neft sənayesinin inkişafı fonunda yerli avtomobil istehsalına da maraq artıb. Artıq ölkənin bir sıra regionlarında avtomobil zavodları fəaliyyət göstərir. Nefçala, Gəncə və Naxçıvanda yerli avtomobillər istehsal edilir.

Nefçaladaki “Xəzər” avtomobil zavodunun il ərzində 10 min ədədə qədər maşın istehsal etmək gücü var. Bunun da 2 min ədədinin ixrac edilməsi nəzərdə tutulur. Digər tərəfdən ölkədə avtomobil istüehsalı ilə yanaşı, ehtiyat hissələrinin də daxildə istehsalı vacibdir. Bu hal həm valyutanın xaricə çıxışının qarşısını alar, həm də ölkədə yeni iş yerlərinin yaranmasına stimul verər.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun fikrincə, ehtiyat hissələrinin daxildə istehsalı yeni iş yerlərinin yaranması, valyutanın xaricə axınının azalması və xüsusən də avtomobillərin qiymətinin xeyli dərəcədə ucuzlaşması baxımından mühüm addım olardı: “Ölkə daxilində avtomobil istehsal olunursa, mütləq şərtdir ki, onun ayrı-ayrı ehtiyat hissələri də ölkə ərazisində istehsal olunsun. Çünki istər-istəməz avtomobil istismar olunarkən bu və ya digər ehtiyat hissələrinin dəyişdirilməsi xaricdən idxal olunan ehtiyat hissələri hesabına baş verəcəksə, həmin vəziyyət də istehlakçılar üçün o qədər də maraqlı olmaya bilər.

Bəlli məsələdir ki, xaricdən idxal olunan ehtiyat hissələri müəyəyn qədər baha başa gəlir. Nəticə etibarı ilə avtomobilin texniki cəhətdən saz vəziyyətdə saxlanılması kifayət qədər çox məsrəf tələb edən haldır. Ölkə hüdudlarında istehsal olunduğu halda avtomobilin müəyyən hissələri elə də çox məsrəf tələb etməyəcək.

Vaxtilə Bakı şəhərində Bakı Şin Zavodu fəaliyyət göstərirdi ki, orada da avtomobil təkərləri istehsal olunurdu. Deməli, faktiki olaraq, əslində, belə bir təcrübəyə maliyik. Bu mənada təkər istehsalını da daxildə həyata keçirə bilərik. Digə tərəfdən elə ehtiyat hissələri var ki, çox məsrəf tələb edilmədən istehsal oluna bilər. Bunlar avtomobilin mexaniki konstruksiyasında nəzərdə tutulan ehtiyat hissələridir. Düşünürəm ki, bu da əslində, mümkündür. Söhbət maşınqayırma sektorunun inkişaf etdirilməsindən gedirsə, eyni zamanda onun ayrı-ayrı hissələrinin istehsalını nəzərdə tutan istehsalat sexləri də qurulmalıdır. Təcrübə də göstərir ki, avtomobil istehsal olunan ölkələrdə orada ehtiyat hissələri də istehsal edilir. Nəticə etibarı ilə bu da həmin avtomobilin istehsal qiymətinə təsir edən haldır. Təsəvvür edin ki, ölkə daxilində avtomobil istehsal edilsə də, onun bütün ehtiyat hissələri xaricdən gətirilirsə, bu vəziyyətdə təbii onun qiyməti kifayət qədər yüksək olacaq. Ona görə ölkəmizdə də ehtiyat hissələri müəssisələrinin yaradılması bilavasitə maşının satış qiymətinə təsir göstərən hal olacaq. Hansı ki, həmin vəziyyət istehlakçıların tam şəkildə marağına cavab verən haldır.

Daxildə ehtiyat hissələrinin istehsalı qiymətlərdə hardasa 15-20 faizlik ucuzlaşmaya səbəb ola bilər ki, bu da istehalkçıların marağına cavab verir. Digər tərəfdən, maşın ehtiyat hissələrinin ölkə daxilində qurulması həmçinin yüzlərlə, minlərlə əlavə iş yerlərinin yaradılması deməkdir. Amma bu məsələ kifayət qədər mürəkkəb olduğu qədər böyük sərmayə də tələb edir. Aydiyyatı strukturlar bunun üzərində düşünməlidir və yəqin ki, düşünürlər. Bu məsələ daim gündəmdə saxlanılmalıdır ki, avtomobilin hansısa bir hissəsi ölkə hüdudları daxilində istehsal olunarsa, yaranmış vəziyyət istər-istəməz maşının qiymətinə, təmirinə də birbaşa təsir göstərəcək. Gələcəkdə proses ixrac yönümlü olduğu halda ölkə büdcəsinə deməli əlavə vəsaitlər də daxil olacaq. Bu da ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi kontekstində olduqca vacib məsələdir. Azərbaycanda bir sıra texnoparklar fəaliyyət göstərir. Dövlətin də regionların inkişaf etdirilməsilə bağlı konkret strategiyası var. Ölkəmizdə avtomobil ehtiyat hissələri müəssisələri də daha çox bilavasitə maşın istehsal edilən bölgələrdə yaradılmalıdır. Əlavə məsrəflərə, vəsaitə yol verməmək üçün. Çünki burada söhbət vahid kompleks sistemin qurulmasından gedə bilər. Hər halda bu istiqamətdə qiymətləndirməni aydiyyatı strukturlar aparmalıdır”.

Rüfət NADİROĞLU

 



 

Sizin Reklam Yeriniz