Əlaqə Arxiv
news Image
2019.05.02
09:00
| A A A
Sosial islahatların daha bir paraqrafı açıldı
Təbii qazdan istifadə limitinin artırılması əhalinin rifah halına müsbət anlamda təsir edəcək

Bu günlərdə Azərbaycan hökuməti əhalinin aztəminatlı hissəsinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər daxilində mavi qazın illik satış tarifi üzrə həcmini 1700 kub metrdən 2200 kub metrədək yüksəldib. Belə ki, indiyədək ölkədəki 1,5 milyon abonent və ya 6 milyon nəfər güzəştli tariflərdən istifadə edirdi. Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent də bu imkanlardan yararlanacaq. Bu da təxminən 1 milyon 200 min nəfər edir. Əvvəlki rejimdə abonentlərin 70 faizi güzəştli tariflərdən istifadə edirdisə, bu gündən etibarən təbii qaz abonentlərinin 85 faizi bu güzəştlərdən istifadə edəcək. İstehlak həcminin belə kəskin dəyişməsi ilə əlaqədar ödənişdə ciddi maliyyə fərqi yaranacaq. Lakin bu fərq dövlətin maliyyə vəsaiti hesabına qarşılanacaq. Yeni limit may ayının birindən tətbiq olunmağa başlayıb.

2016-ci ildə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün bir kubmetr üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi. Göründüyü kimi, ölkə rəhbərinin sistemli və davamlı sosial siyasətinin davamı olaraq, növbəti humanist addım atılıb. Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilən iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcminin artırılması dövlət başçısının tapşırığına əsasən həyata keçirilib.

2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çəxəşənda Prezident İlham Əıliyev deyib: “Giriş sözümdə qeyd etdim ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır. Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”. Dövlət başçısının təbii qazdan istifadə limitinin artırılması barədə verdiyi göstəriş sosial ədalətə qayğının bariz nümunəsidir.

Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumatda qeyd edilir ki, artırılmış limitlə hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək. Məsələn, tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kubmetr qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kubmetr təbii qazı aşağı tariflə (1 kubmetr üçün 10 qəpik) istifadə edə biləcək.Abonent bu tarixədək əvvəlki limiti (1700 kubmetr) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq. Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kubmetr) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün “1 kubmetr x 20 qəpik” olmaqla həyata keçiriləcək.

Əhalinin rifah halının yaxşılaşmasına yönəlmiş sosial islahatlar paketinə daxil olan bu səpkidə addımlar müntəzəm olaraq atılacaq. Çünki, dövlətimizin sosial mahiyyəti bu ehtimalı diqtə edir və ölkə rəhbərliyinin sosial-iqtisadi strategiyasının baza prinsipidir.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz