Əlaqə Arxiv
news Image
2019.05.08
07:00
| A A A
Banklar yenə paytaxt və regionlar arasında fərq qoyurlar
Rəşad Həsənov: “Banklar üçün portfelin müəyyən hissəsinin regionlara yönəldilməsilə bağlı müəyyən öhdəliklər müəyyənləşdirilə bilər”

Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilir. Həmin iqtisadi rayonda kreditlər üzrə illik faiz dərəcələri martın sonuna 23,5% təşkil edib. Bu göstəriciyə görə ikinci yerdə Yuxarı Qarabağ iqtisadi rayonu - 23,4%, üçüncü yerdə isə Aran iqtisadi rayonu - 23% qərarlaşıb.

Azərbaycan üzrə kredit qoyuluşunun ölkə üzrə ümumi orta faiz dərəcəsi isə 11,8% olub. Bakı şəhəri üzrə bu rəqəm 10 faiz təşkil edib. Buradan göründüyü kimi, bölgələrə verilən kredit faizləri Bakı və Abşerona nisbətən dəfələrlə çoxdur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, banklar hələ də regionlara daha risqli ərazilər kimi baxdığından bölgələrə kredit verərkən yüksək faizlə verirlər: “Regionlarda kredit faizlərinin paytaxtla müqayisədə daha yüksək faizlə verilməsi bir sıra amillərdən qaynaqlanır. Banklar regionlara kredit verməkdə o qədər də maraqlı deyil. Çünki burada risq yüksəkliyi var.

Eyni zamanda, girovların likvidliyilə bağlı problemlər mövcuddur. Bu amil xüsusən də daşınmaz əmlaka aiddir. Daşınmaz əmlakı girov olaraq götürdükdə ödəniş həyata keçirə, yəni daşınmaz əmlakı likvidləşdirə bilmirlər. Bu baxımdan da banklar  regionlarda genişmiqyaslı kreditləşmədə maraqlı deyillər. Nəticədə həmin amil regionlara kredit verilərkən faiz dərəcəsinin artımına səbəb olur. Digər məqam isə odur ki, regionlara verilən kreditlərin əhəmiyyətli hissəsini məhz istehlak kreditləri təşkil edir.

Ümumiyyətlə, bütün ölkədə istehlak kreditləri üzrə faiz dərəcəsi daha yüksəkdir. Bunun özü də regionlar üzrə kreditlərin orta faiz dərəcəsinin yüksək olmasını şərtləndirir. Üçüncü bir tərəfdən, regionlarda ipoteka kreditləşməsi zəif gedir. Bu  baxımdan ipoteka kreditlərinin az olması ümumi yekun olaraq regionlarda faiz dərəcəsinin yüksək olmasına rəvac verir. Paytaxtda isə faiz dərəcəsini aşağı sala başlıca məqamlardan biri məhz ipoteka kreditlərinin verilməsidir.

İkinci bir tərəfdən, Bakıda verilən kreditin faiz dərəcəsinin aşağı olmasına biznes kreditləri təsir göstərir. Belə ki, Bakıda biznes krediti regionlarla müqayisədə daha aşağı faizlə verilir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditlərin də böyük qismi məhz paytaxtın payına düşür. Həmin amil də Bakı üzrə aşağı faiz dərəcəsinin formalaşmasına gətirib çıxarır. Sadaladığım bu məqamlar son olaraq ümumi nəticələrə təsir göstərir.

Likvidliyin yüksək olması səbəbindən adətən, banklar regionlara daha yüksək faizlə kredit təklif edirlər”.

Yaranmış vəziyyət kredit almaq istəyən region əhalisinin marağına cavab vermədiyindən sözügedən faiz dərəcələrinin aşağı salınması istiqamətində müəyyən addımların atılmasını vacib edir. R. Həsənov açıqlamasında bu addımların nədən ibarət ola biləcəyinə də aydınlıq gətirdi:

“Yaranmış vəziyyətdə problemin həlli yolu nisbətən mürəkkəb məsələdir. Qisamüddətli dövrdə onu həll etmək o qədər də asan deyil. Əsas məsələ odur ki, regionlarda aktivlərin likvidliyi artmalı, iqtisadi aktivliyin özü yüksəlməlidir. Bundan başqa, banklar üçün portfelin müəyyən hissəsinin regionlara yönəldilməsilə bağlı müəyyən öhdəliklər də müəyyənləşdirilə bilər. Ancaq bütün hallarda məsələnin adminstrativ yolla həllini doğru hesab etmirəm. Əsas məsələ odur ki, problem öz həllini təşviq yolu ilə tapsın. Adminstrativ yolla problemi həll etmək doğru olmaz. Regionlarda güzəştli kreditlər, ipoteka kreditlərinə mərhələli şəkildə hansısa formada çıxış imkanlarının artırılması da faizlərin aşağı salınmasına gətirib çıxara bilər”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz