Əlaqə Arxiv
news Image
2019.05.08
15:39
| A A A
Ağdaşda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər görülür

Yanvar ayının ilk günlərindən başlayaraq Ağdaş rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Movqe.az-a bildiriblər ki, Ağdaş rayonunda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

Hazırda rayonun Ərəbocaq kəndi ərazisində yerləşən “Türyançay” fermer təsərrüfatında saxlanılan 1800 baş iribuynuzlu (qarayara, dabaq, nodulyar dermatit və s.) və 18 baş təkdırnaqlı (qarayara, monqo və s.) heyvanda nəzərdə tutulan profilaktik tədbirlər aparılır.

Həmçinin cari ilin müvafiq dövründə Ağdaş rayonunda 77263 baş iribuynuzlu, 73323 baş xırdabuynuzlu və 1297 baş təkdırnaqlı (o cümlədən 11182 baş at, 115 baş ulaq) heyvan arasında qarayara, 218 baş iribuynuzlu heyvanda və 7137 baş sahibli itdə quduzluq, 12848 baş xırdabuynuzlu heyvanda çiçək, 493 baş xırdabuynuzlu (“Rev-1” ştammı ilə) və 694 baş iribuynuzlu (“Ştamm-19”) heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 102621 baş (“H” ştammı ilə) quş və 442542 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Fevral ayından Ağdaş rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 75774 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Ağdaş Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 69374 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 36300 kvadratmetr sahədə profilaktik, 1400 kvadratmetr sahədə isə məcburi dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 6877 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib.

Qeyd edək ki, rayonda baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Ağdaş rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda dabaq, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Sizin Reklam Yeriniz