Əlaqə Arxiv
news Image
2019.05.28
07:00
| A A A
İcbari tibbi sığorta ən uğurlu sosial layihələrdən birinə çevrilir
Əli Əlirzayev: “İcbari tibbi sığortanın tətbiqi Azərbaycan səhiyyə sistemində əlçatanlığın təmin edilməsilə yanaşı, keyfiyyətin də yaxşılaşmasına zəmin yaradacaq” Fuad İbrahimli: “Bu addım birmənalı şəkildə səhiyyə sisteminə müsbət töhfə verəcək”

"Azərbaycanda bütün sahələrdə olduğu kimi icbari tibbi sığorta da dünya standartlarına uyğun qurulacaq. Məqsəd səhiyyə sisteminin maliyyələşməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, əhalinin sağlamlığını qorumaqdan ibarətdir. Bu, həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətdən istifadə imkanlarının artırılmasına şərait yaradır". Bu fikirləri səsləndirən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, icbari tibbi sığorta Prezident İlham Əliyevin həyata keçirdiyi ən uğurlu sosial layihələrdən biridir: “Artıq 3 ildir ki icbari tibbi sığorta pilot layihə kimi icra edilir. Mingəçevir, Yevlax və Ağdaşda həyata keçirilən pilot layihə sübut edir ki, Azərbaycanda 2020-ci ildə bütün ölkə ərazisini əhatə edəcək tam icbari sığortaya keçmək üçün hər cür şərait yaradılıb".

Deputat qeyd edib ki, pilot layihənin icrası ilə bağlı rayonlarda demək olar ki, heç bir şikayət yoxdur: "İstər tibb personalı, istərsə də əhali tərəfindən məmnunluq indeksi 100 faizə yaxındır".

İqtisadçı alim Əli Əlirzayevin fikrincə, icbari tibbi sığortanın tətbiqi Azərbaycan səhiyyə sistemində əlçatanlığın təmin edilməsilə yanaşı, keyfiyyətin də yaxşılaşmasına zəmin yaradacaq: “Hazırda bütün dünyada tibbi sığorta məşğurdur. Ondan geniş şəkildə istifadə olunur.

Tibbi sığorta əslində, insanlar üçün bir qarantiya rolunu oynayır. İkinci bir tərəfdən, bu, bir həyat səviyyəsidir. Bu sahədə sığorta sistemi tətbiq olunandan sonra hər bir insanın xəstələnmə risqləri dövlət təminatı ilə öz həllini tapacağından artıq heç kim xəstələndiyi halda maliyyənin olmamasından narahatlıq keçirməyəcək. Tibbi sığorta sistemi stimul üzərində qurulur. Bu fonda həkim ələbaxanlıq etməyəcək. Tibbi sığortaya çəkiləcək xərcin bir hissəsi həkimə çatacaq ki, bu fonda da onlar da prosesdə maraqlıdırlar. Yəni, bu əsasda həkimin çəkdiyi əziyyət tamamilə qiymətləndiriləcək və ona görə də həkimlər işlərində daha məsuliyyətli olacaqlar.

Ən əsasın isə odur ki, tibbi sığortanın tətbiqi səhiyyə sistemində rəqabət mühiti yaradacaq. Sığorta sistemilə işləyən xəstəxanalar rəqabət mühiti şəraitində keyfiyyət göstəricilərini artırmaqla daha çox pasiyent qəbul edə biləcəklər. Tibbi sığorta sisteminin tətbiqi müalicə üçün xaricə axının da qarşısını xeyli dərəcədə alacaq. Nəticə olaraq xəstəxana və onun xidmətinin keyfiyyət göstəriciləri də yaxşılaşacaq”.

İqtisadçı-ekspert Fuad İbrahimli də bildirdi ki, gələn il üçün atılması gözlənilən bu addım birmənalı şəkildə səhiyyə sisteminə müsbət töhfə verəcək: “İcbati tibbi sığortanın tətbiqi şübhəsiz ki, lazım və vacibdir.

Azərbaycan bazar münasibətləri dövründə yaşayırsa, icbari tibbi sığortanın tətbiqi də həmin münasibətlərin ayrılmaz tərkib hissəsidir. Ona görə də mütləq şəkildə lazımdır. Bu addım birmənalı şəkildə səhiyyə sahəsinə öz müsbət töhfəsini verəcək. Ən azından ona görə ki, hər hansısa bir icbari sığorta hadisəsi baş verdikdə artıq müraciət edən vətəndaşın ödəniş qabiliyyəti müzakirə predmeti olmayacaq. Əksinə, tibbi sığortanın tətbiqilə dərhal paketə uyğun ödənişlər həyata keçiriləcək.

Addımın səhiyyə sahəsində ciddi effekt verməsi üçün həmçinin bu sahə üzrə ciddi mütəxəssislərin yetişməsi də vacibdir. Burada söhbət ilk növbədə həmin sahə üzrə peşəkar həkimlərin olmasından gedir. Amma dünya praktikasına əsasən, onu demək olar ki, icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə artıq bu münasibətlərdə şəffaflıq bərqərar olub. Düşünürəm ki, Azərbaycan vətəndaşları da prosesin müasir dövrün tələblərinə uyğun qurulması ilə qısa zamanda tibbi sığortanın tətbiqi fonunda səhiyyə sahəsində ciddi keyfiyyət dəyişikliyinin nəticələrini öz üzərlərində hiss edəcəklər”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz