Əlaqə Arxiv
news Image
2019.05.28
09:00
| A A A
Azərbaycan Avropaya tam enerji paketi təqdim edir
Özünün və digər ölkələrin enerji təhlükəsizliyində ölkəmiz geniş profilli fəaliyyət sərgiləyir

Bu günlərdə Azərbaycan, Gürcüstan və Rusiyanın enerji operatorları Tiflisdə görüş keçiriblər. Tərəflər elektrik enerjisi axınının mexanizmlərini nəzərdən keçirib və üç ölkənin elektrik sistemlərinin dayanıqlığının artırılmasına və elektrik enerjisinin idxal-ixrac imkanlarının yüksəldilməsi imkan verən Birləşmiş elektrik dövriyyəsinin yaradılması ilə bağlı detalları müzakirə ediblər.

Hər bir ölkənin enerji təsərrüfatı onun daxili və xarici siyasətinin platforması, digər ölkələrlə münasibətlərinin formalaşmasında qırmızı xətdir. Bu konteksdə Azərbaycanın Avropa İttifaqının eherji təhlükəsizliyi sahəsində oynadığı rolun nə qədər əhəmiyyətli olduğu üzə çıxır. Artıq uzun illərdir ki, Amerika Birləşmiş Ştatları kimi dünya ağalığı iddiasında bulunan bir dövlətin prezidentləri hər il Azərbaycan Prezidentinə müxtəlif hadisələr və səbəblərlə bağlı göndərdikləri məktublarında və təbriklərdə ölkəmizin digər ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələ\r təqdir olunur və yüksək qiymətləndirilir. İndiyədək bu sferada neft və qaz kimi təbii ehtiyatların hasilatı və istifadəsi aid idi. İstisnasız olaraq bu sahə ciddi, əsas və həlledici arqument sayılır. Amma bir fundamental səbəb var ki, karbohidrogen ehtiyatları təbii yaranan məhsuldur, yəni bu məhsullar istehsal yox, hasil olunur. Ancaq üçüncü bir enerji növü də var ki, bu da iqtisadiyyatda çox böyük önəm kəsb edən elektrik enerjisidir. Bu enerji növünün əvvəlki iki növdən bir fərqi var ki, bu da onun insanlar tərəfindən müxtəlif qurğular vasitəsi ilə istehsal etməsidir. Bu gün Azərbaycan böyük fəxrlə bildirir ki, artıq Avropanın enerji təhlükəsizliyi sisteminə üçüncü istiqamətdə də məhsul göndərərək öz töhfəsini verir.  

Bu il mayın 1-dən etibarən “Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. Bir qədər sonra ixracatın məkanı daha da genişlənərək uzaq Avstriya və İtalyanı belə əhatə edəcək. Heç şübhəsiz, Birləşmiş Avropadan ərazicə kiçik və daha az müstəqillik tarixinə malik gənc ölkə üçün bu, ciddi sınaq və uğurdur. Müstəqillik qazananda öz əhalisini işıqla çətinliklə təmin edən bir ölkənin 27 il sonra dünyanın ən inkişaf etmiş regionlarından birinə elektrik enerjisi ixrac etməsi heyrət içərisində gülüş doğuran böyük gələcək deməkdir. Necə yəni?! Azərbaycan Avropanın işıqlandırılmasında pay sahibidir. Bu uğurun arxasında güclü siyasət, böyük işgüzarlıq, rasional strategiya və düzgün taktika durur.

Bu gün Azərbaycan islahatlar ölkəsi adlanır. İndi biz çox illər əvvəldən başlanmış islahatlıarın bəhrəsini dadırıq. Zaman dayanmadığı kimi Azərbaycan da əldə etdikləri ilə kifayətlənmir, daim irəli can atır və buna görə də islahatlar davam edir. Çünki, yenilənmə, gələcəyi duyub ona köklənmək dövlət rəhbərliyinin iş prinsipidir.

Qısa zaman kəsimində daxili bazarda elektroenergetika təhlükəsizliyini təmin etmiş ölkəmiz artıq 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Beləliklə, dünya energetika bazarında Azərbaycanın getdikcə artan rolu onun geosiyasi təsirini də artırmaqdadır. Azərbaycan 2011-cü ilin noyabr ayında “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalamaqla, bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına start verib. Energetika sahəsində aparılan  islahatlar qanunvericilik bazasının Avropa Parlamentinin Direktivinə və Əsasnaməsinə uyğunlaşdırılmasını təmin edib. Bununla əlaqədar bir sıra yeni qanunvericilik aktları hazırlanıb və təsdiq olunub.

Avropa Yenidənqurma və İnkişaf Bankının Yenikənd Su Elektrik Stansiyasının inşası məqsədilə 53,2 milyon ABŞ dolları məbləğində kredit ayırması, respublika energetiklərinin və inşaatçıların gərgin işi nəticəsində 2000-ci ilin dekabr ayında Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması ilə enerji sistemində yeni inkişaf mərhələsinin əsası qoyulub. Almaniyanın Doyçe Landens Bankının krediti hesabına isə 1 saylı Bakı İEM-də köhnə avadanlıqların əvəzinə, hər birinin gücü 53 MVt olan iki ədəd müasir buxar-qaz turbini quraşdırılıb və istismara buraxılıb.

Azərbaycan milli enerji sisteminin Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfdən Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunub. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdəndir.

MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz-turbin tipli “Şimal” ES-in istifadəyə verilməsi və respublikanın müxtəlif bölgələrində ümumi gücü 860 MVt olan yeddi (7) Modul tipli Elektrik Stansiyasının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoymaqla, sənaye mərkəzinin enerji təchizatında hökm sürən disproporsiyanı hiss ediləcək qədər aradan qaldırıb. Bu stansiyada gücü 409 MVt olan 2-ci blokunun tikintisi yekunlaşmaq üzrədir. 3 min meqavat gücündə 15 elektrik stansiyasının istifadəyə verilməsi, stansiyaların ümumi sayının 32-yə (bunlardan 15-i İES, 17-ci isə SES-lərdir), ümumi generasiya gücünün 7150,6 meqavata çatdırılması, ölkəmizin enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi energetika sənayesində həyata keçirilən iqtisadi siyasətin bariz nəticələridir. 2018-ci ildə enerji sistemi üzrə 22 521 mln. kVts elektrik enerjisi istehsal olunub. 2017-cı illə müqayisədə elektrik enerjisinin istehsalı 748,1 min kVts və ya 3,43% artıb. 2019-cu ildə isə 23 550 mln. kVts olacağı planlaşdırılıb. Qarşıdakı dövrdə yeni elektrik stansiyalarının tikintisi planlaşdırılır. Bu isə ölkəmizin energetika sənayesinin möhtəşəm yüksəlişinin təmin olunması deməkdir. Ötən il ixrac olunan elektrik enerjisinin miqdarı 1,41 milyard kilovatt-saat olub, bu ilin 4 ayında isə bu rəqəm artıq 1,05 mlrd. kv/saata çatıb.

 

N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz