Əlaqə Arxiv
news Image
2019.05.27
16:14
| A A A
“Azərsu” ASC Qobustan rayonunun 3 kəndində mərkəzləşdirilmiş su təchizatı sistemi yaradır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyət tərəfindən icra olunan növbəti layihə çərçivəsində Qobustan rayonun 3 kəndində mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır.

Qeyd edək ki, Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Qobustan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün rayonun Təsi kəndinin yaxınlığında 6 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərə 14,4 km magistral su xətti çəkilib. Eyni zamanda kəmərin marşrutu boyu yerləşən Təsi və Bədəlli kəndlərində nasos stansiyası quraşdırılıb, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 2 ədəd su anbarı inşa edilib. Yaradımış yeni infrastrukturun imkanlarından istifadə etməklə 2012-ci ildə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərini su ilə təmin etmək üçün magistral xətlər çəkilib, kəndlərdə əhalinin ümumi istifadəsi üçün bulaq və su dayağı quraşdırılaraq sakinlərin suya olan tələbatı qismən ödənilib.

Növbəti mərhələdə bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına qərar verilib. Bu məqsədlə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ümumi uzunluğu 17 km olan paylayıcı su şəbəkəsi inşa edilir. Hazırda su xətlərinin tikintisi yekunlaşmaq üzrədir. Yeni yaradılan şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Kəndlərdə su təchizatının dayanıqlığını təmin etmək məqsədilə hər birinin tutumu 50 kubmetr olan 2 ədəd su anbarı tikilir.

Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bununla da Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin 4 minədək sakini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaqlar.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamları və investisiya layihələri çərçivəsində son 2 ildə 46 rayonun 211 kəndində 330 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin edilib. Bu kəndlərdə su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparıldığından əhalidən ödəniş tələb olunmur. Ümumilikdə son illər Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və regionlarda icra olunan içməli su layihələri dövlət başçısının əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına göstərdiyi diqqətin bariz nümunəsidir.

Sizin Reklam Yeriniz