Əlaqə Arxiv
news Image
2019.05.31
09:40
| A A A
Azərbaycan enerji resursları ilə yenidən dünyanın diqqət mərkəzinə gəlir
Fuad İbrahimli: “Əlavə yataqlardan enerjinin hasil olunması ilə ölkəmizlə bağlı yeni bir maraq yaranacaq və investisiya cazibədarlığı artacaq”

 

"Yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik". Bunu Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib. Bəs, yeni yataqlardan enerji resurslarının hasil edilməsi ölkənin neft və qaz sektoruna yenidən beynəlxalq diqqəti artıra bilərmi? Bu hal ölkəmizə hansı dividendlər vəd edir?

İqtisadçı-ekspert Fuad İbrahimli qeyd etdi ki, yeni yataqlardan enerji resurslarının çıxarılması fonunda Azərbaycana beynəlxalq diqqətin yenidən artacağı birmənalıdır: “Yeni yataqlardan enerji resurslarının hasil edilməsi birmənalı olaraq ölkəmizin neft-qaz  sektoruna beynəlxalq diqqətin yenidən artmasına gətirib çıxaracaq. Ölkəmizin ən böyük nailiyyəti karbohidrogen ehtiyatlarımızı iqtisadi dövriyyəyə cəlb etməyə nail olmasıdır. Azərbaycanın müstəqilliyini formalaşdıran da o olub ki, ölkəmiz özünün kaqrbohidrogen ehtiyatlarını iqtisadi dövriyyəyə cəlb edə bilib.

Nəzərə alaq ki, bir çox  dövlətlər öz enerji resurslarını iqtisadi dövriyyəyə cəlb etsə də, müharibə, münaqişə, sanksiyalarla bağlı olaraq ondan bəhrələnə bilmirlər. Hazırda İran və Venesuela ilə bağlı vəziyyəti bu fonda xatırlamaq kifayətdir. Azərbaycan isə öz siyasətilə belə qalmaqalllardan uzaq olub. Bu da ölkəmizdə aparılan siyasətin səliqəli və sahmanlı qurulmasından qaynaqlanır. Belə olan vəziyyətdə əlavə yeni yataqların kəşfi və onların iqtisadi dövriyyəyə cəlb olunması birmənalı şəkildə ilk növbədə həmin layihələrə investisiya cazibədarlığını artıracaq. Onun da bazasında makroiqtisadi səviyyədə Azərbaycana xaricin marağı daha da yüksələcək. Amma bir məsələni də unutmayaq ki, 2016-cı ildən başlayaraq postneft dövrünə keçidi elan etmişik. Yəni bundan sonra qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirməklə Azərbaycan özünün makroiqtisadi tarazlığını qoruyacaq. Bu tandemdə ölkəmiz daha artıq mənfəət əldə edəcək. Bununla bağlı Azərbaycan hərtərəfli bazaya da malikdir. Əsas göstrəricimiz odur ki, bu sahədə karbohidrogen ehtiyatlarımızı artıq iqtisadi dövriyyəyə cəlb edə bilmişik. Əlavə yeni yataqlardan enerjinin hasil olunması ilə ölkəmizlə bağlı yeni bir maraq yaranacaq və investisiya cazibədarlığı artacaq”.

Həmsöhbətimiz düşünür ki, yeni yataqlardan enerji resurslarının çıxarılmağa başlanılması fonunda  ölkəmizdə artıq fəaliyyət göstərən xarici şirkətlərlə yanaşı, bu sahədə ixtisaslaşmış digər əncəbi ölkə şirkətləri də, məsələn, Çndən olan təşkilatlar da prosesə maraq göstərə bilərlər: “Artıq 25 ilə yaxındır ki, neft-qaz sahəsində mövcud olan iri transmili şirkətlər Azərbaycanda fəaliyyət göstərir. Müxtəlif dövrlərdə onların bəzilərinin payı artıb, bəzilərininki isə azalıb. Bir-birilərinə pay alqı-satqısını həyata keçiriblər. Bəzi şirkətlər də fəaliyyətlərini başa vurub bazardan çıxıb. Amma yenə də onlar üçün Azərbaycan maraqlı məmləkət kimi qəbul olunmaqdadır. Bu mənada düşünürəm ki, yeni yataqlara ilk növbədə Azərbaycanın bu bazarında hazırda iştirak edən xarici şirkətlər maraq göstərəcəklər.  Əlavə olaraq da neft-qaz sahəsində ixtisaslaşmış Çin şirkətlərinin Azərbaycana gəlməsi maraqlı olardı. Çin şirkətləri son zamanlar bu kimi məsələlərə daha ürəkdən yanaşırlar. Bu ölkənin şirkətləri qısa zamanda dayanıqlı şirkətlərə çevriliblər. Bu nöqteyi-nəzərdən yeni enerji yataqlarında daha çox Çin şirkətlərinin fəaliyyət göstərməsi düşünürəm ki, gələcəkdə Bakı ilə Pekin arasında iqtisadi əlaqələri daha da genişləndirə bilər. Yəni bu sektorda Çindən olan şirkətlərin də olması Azərbaycana müsbət töhfələr verə bilər”.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz