Əlaqə Arxiv
news Image
2019.06.04
09:40
| A A A
Kreditlə avtomobil almaq müşkülə çevrilib
Natiq Cəfərli: “Bu vəziyyət avtomobil bazarına ciddi şəkildə mənfi təsir göstərir” Azər Allahverənov: “Banklar avtokredit məsələsinə risq amilini nəzərə almaqla ehtiyatla yanaşırlar”

Azərbaycanda fəaliyyət göstərən banklar avtomobil kreditləri verməkdən hələ də əsasən qaçmaqda davam edirlər.  Ölkədə fəaliyyət göstərən 30 bankdan cəmi 12-si avtomobil almaq üçün kredit verir. Ancaq onlar da əvvəlki illərlə müqayisədə kredit vermək üçün şərtləri ağırlaşdırıblar. İlkin ödəniş artırılıb. Bir çox banklar ilkin ödəniş olaraq 30 faizi əvvəlcədən götürür, hətta bəziləri bu zaman 50 faizdən aşağı düşmürlər. Faiz dərəcəsi də yüksəkdir. Avtomobil kreditləri üzrə şərtlərin sərtləşməsinə səbəb nədir? Yaranmış bu vəziyyət avtomobil bazarına nə vəd edir?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, banklar əvvəlki illərin təcrübəsindən dərs alaraq özlərini sığortalamaq üçün avtomobil kreditləri üzrə şərtləri ağırlaşdırıblar: “Əslində, problemli kreditlər yaranarkən onun strukturunun əsas hissəsini, az qala üçdə birini avtomobil kreditləri tuturdu. Yəni banklar tərəfindən avtomobil kreditlərilə bağlı ciddi problemlər yaşandı. Banklar da keçmişdə baş verənlərdən dərs çıxararaq avtomobil kreditləri üzrə şərtləri həddən artıq sərtləşdiriblər. Həm bahadır, kredit faizləri yüksəkdir. Həm də şərtlər çox ağırdır. Bu da bankların özlərini sığortalamasından irəli gəlir”.

Ekspertin fikrincə, bankların avtomobil krediti şərtlərini sərtləşdirməsi bütün hallarda maşın bazarında satış həcminin xeyli dərəcədə azalmasına gətirib çıxarıb: “Bu vəziyyət avtomobil bazarına ciddi şəkildə mənfi təsir göstərir. Bu bazarda satış həcmləri kifayət qədər aşağı düşüb. Devalvasiyadan öncəki dövrdə, 2012-2013-cü illərdə Azərbaycanda ilə 70-80 min avtomobil satılırdı ki, onun da yarısı kreditləşmə yolu ilə realizə olunurdu. İndi isə bu  rəqəm dəfələrlə, az qala 10 dəfəyə yaxın azalıb. Bu da öz növbəsində avtomobil bazarının dövriyyəsinin zəifləməsinə, avtomobil satış  mərkəzlərinin qazanclarının, gəlirlərinin azalmasına səbəb olub.

Əslində, bu müstəvidə bankların sərt mövqeyə keçmələrini müəyyən mənada anlamaq olar. Çünki yaxın keçmişdə problemli kreditlərlə bağlı ciddi fəsadlar yaşayıblar. Amma vətəndaşları da anlamaq lazımdır. Bank faizlərinin yüksək, şərtlərin ağır olması vətəndaşların avtomobil kreditlərinə çıxış imkanlarını xeyli məhdudlaşdırıb. Bütün bunların nəticəsində avtomobil bazarında ciddi durğunluq yaranıb, satış həcmləri dəfələrlə aşağı düşüb”.  

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov düşünür ki, bankların avrokredit verilməsi şərtlərini sərtləşdirmələri bu məsələyə ehtiyatla yanaşmalarından irəli gəlir: “Bankların avtomobil kreditlərilə bağlı sərtləşdirici qərar vermələri başa düşüləndir. Ən azından ona görə ki, avtokreditlər sahəsində gərgin vəziyyət yaranmaqdadır. Çünki kifayət qədər çox sayda avtomobil məhz kreditlər vasitəsilə əldə olunub. Məlum iki devalvasiyadan sonra isə həmin avtomobilləri kreditlə alan insanlar krediti qaytarmaqda əziyyət çəkdilər. Nəticə etibarı ilə kifayət qədər böyük miqdarda vəsait hələ də borc şəklində banklara ödənilməyib. Məhz bunu nəzərə alan Mərkəzi Bank vaxtilə tövsiyə etdi ki, avtomobil kreditləri dayandırılsın. Belədə demək olar ki, bütün banklar 2015-ci ildən sonra avtokrediti dayandırdı. Yalnız 2017-2018-ci ildə sonra maliyyə bazarındakı silkələnmələr dayandıqdan sonra bankların bir qismi avtokredit verilişini bərpa etdi.

Əksər banklar isə vaxtilə verdikləri kreditləri geri almaqda çətinlik çəkdiklərindən bu məsələyə ehtiyatla yanaşmaqda davam edirlər. Milyonlarla manat vəsait hələ də problemli avtokredit səviyyəsində qalmaqdadır. Bilirsiniz ki, yalnız 10 min dollara qədər olan problemli kreditlərlə bağlı güzəşt sərəncamı verildi. Avtokreditlərin böyük hissəsi isə 10 min dollardan yuxarı olanlar idi. Ona görə də avtokreditlə bağlı olan insanlar bu sərəncamdan yararlana bilməyiblər. Banklar da bu məsələyə risq amilini nəzərə almaqla ehtiyatla yanaşırlar”.

A. Allahverənov qeyd etdi ki, avrokreditlərin verilməsi şərtlərinin ağır olması onsuz da durumu ağır olan avtomobil bazarına daha da pis təsir göstərir: “Avtomobil bazarında indi də durğunluq hökm sürməkdədir. Maşın bazarında satan çox, alan isə yoxdur. Buna baxmayaraq qiymətlər də ucuz deyil. Bunun da səbəbi əksər avtomobilin xaricdən gətirilməsilə bağlıdır. İkinci və üçüncü əl avtomobil satışında isə müəyyən irəliləyişlər var. Amma bu maşınları almaq niyyətində olanlar çox olsa da, onları satmaq niyyətində olanlar azdır. Nəticə etibarı ilə də maşın bazarında durğunluq qalır.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz