Əlaqə Arxiv
news Image
2019.06.05
09:00
| A A A
Türkiyədən sonra Azərbaycan Rusiyada böyük enerji layihəsi reallaşdırır
SOCAR-ın Rusiya iqtisadiyyatına qoyduğu investisiya ölkəmizə böyük mənfəət qazandıracaq

Biz SOCAR-ın Rusiyadakı Antipin neft emalı zavodunu alması barədə yazmışdıq. Bu günlərdə Rusiyanın “Kommersant” qəzeti alqı-satqı müqaviləsinin bəzi detallarını əldə edib öz səhifələrinə çıxarmağa nail olub. Qəzetin gəldiyi nəticəyə görə SOCAR-ın Kiprdəki qolunun iştirakı ilə “Sberbank” birlikdə “SOCAR-Enerqoresurs” AAC – birgə müəssisəni yaradıblar. Hazırda müflisləşmə həddində olan zavodda 60% paya sahib olacaq Azərbaycan şirkəti emal və satışla məşğul olacaq. Məsələ burasındadır ki, zavodun sahibləri onu “Sberbank”dan götürülən kredit hesabına tikib və işlədiblər. Lakin krediyi bağlaya bilmədiklərinə görə zavodun səhmlərinin 80%-i bankın hesabına keçib.

Antipin zavodunun iş prinsipi belə qurulub ki, sahibkar müəssisəni neftlə təmin edir, emal prosesinin xərcini ödəyir, sonra hazır məhsulu özü realizə edərək gəlirini götürür. Prinsipcə, belə bir zavodun bağlanması ehtimalı minimumdur, çünki zavodun əsas məhsulu AVRO-5 standartına uyğun benzin istehsalıdır və bu məhsul da çənlərdə yığılıb qalan deyil. Ancaq, ehtimal etmək olar ki, zavodun işinin təşkilində baş verən nöqsanlar belə bir halın yaranmasına səbəb olub. Azərbaycan şirkətinin bu işə qarışması iki ölkə arasında sürətlə yüksələn əlaqələrdən qaynaqlandığı, eyni zamanda SOCAR-ın uğurlu sərmayə qoyuluşu strategiyasının nəticəsi olduğu qənaətini yaradır.

Ötən il Türkiyədə STAR zavodunu işə salan Azərbaycan şirkəti özü üçün xaricdə saqnballı imic formalaşdıra bilib. STAR zavodunun bu il 10 milyon ton neft emal etməklə tam istehsal gücünə çatması planlaşdırılıb. 6,3 milyard dollar dəyəri olan bu layihə Antipinsk zavodunun dəyərindən iki dəfə çoxdur. Rusiya kimi böyük bazara daxil olmaq SOCAR üçün əlverişlidir və görünür buna görə şirkət mənsubları əıə düşən imkandan dərhal yararlanmağı bacarıblar. Belə ki, apreldə bağlanma təhlükəsi ilə üzləşən zavodun artıq SOCAR kimi güclü və nüfuzlu sahibi var.       “Kommersant”ın məlumatına görə, birgə müəssisənin baş direktoru Fərid Cəfərovdur. Neftin emalı və satışı üzrə zəngin təcrübəyə və mükəmməl texnologiyalara, habelə bazar imkanlarına malik Azərbaycan şirkətinin şimal qonşumuza qoyduğu investisiyaları uğurla idarə edəcəyinə şübhə yoxdur. Üstəlik, Antipinsk NEZ-ın yerləşdiyi Orenburq vilayəti Orta Asiya dövlətlərinə, Monqolustan və Çinə yaxın olduğu üçün Rusiya ilə yanaşı bu ölkələrdə də məhsulun satışını həyata keçirmək perspektivi aydın görünür.

Yeni müəssisənin nizamnamə kapitalı cəmi 10 min rubl olsa da SOCAR artıq iyul ayından istehsalı tam qaydaya salmaq üçün çalışır. Birgə müəssisə Rusiyanın iri özəl neft şirkətləri olan LUKOYL və “Surqutneftqaz”dan almağı planlaşdırır. Azərbaycanın varlı şirkəti ilə əməkdaşlıq yəqin ki, həmin neft hasilatçılarının da marağındadır. Çünki, xammalın pulunu vaxtında və tam ödənməsi hər bir ticarət sövdələşməsinin, necə deyərlər, “ruhunu” təşkil edir.

Beləliklə, SOCAR-ın Rusiya səfəri başlayır. Tezliklə Rusiyanın avtomobul yollarında “SOCAR” brendi ilə yanacaqdoldurma stansiyalarının yan-yana düzülməsi başlanmış işin “pərvazlanan ilk qaranquşları” olacaq. Yaxın gələcəkdə isə Asiyanın yollarında belə stansiyaların fəaliyyətə başlaması isə, güman edirik ki, heç də təəccüb doğurmayacaq.

N.NOVRUZ   

 

Sizin Reklam Yeriniz