Əlaqə Arxiv
news Image
2019.06.19
09:23
| A A A
Azərbaycan qazının Avropada alovlanması günü yaxınlaşır
“Cənub Qaz Dəhlizi” layihəsinin tikintisi son mərhələdədir

Ötən il yanvarın 23-də TANAP boru kəmərinə Gürcüstan-Türkiyə sərhədindən daxil olan “Şahdəniz” qazı bu il iyunun 15-də  - ölkəmizin həyatında tarixi dönüşə səbəb olan Milli Qurtuluş Günündə Avropa sərhədinə çatdırılıb. Trans-Anadolu Qaz Kəməri ilə nəql olunan Azərbaycan qazı BP-nin ölkəmizdə hjəyata keçirdiyi iri investisiya layihəsi zamanı hasil edilən məhsuldur. Məsələ burasındadır ki, qazı hasil edən və kəməri çəkib istismar edən dövlətlərin əməyinin bəhrəsini Avropanın cənub və şərq regionlarında yerləşmiş dövlətlər görəcəklər. Prinsip etibarı ilə Azərbaycanln xarici miqtisadi əlaqələri bütövlükdə Avropa İttifaqı dövlətləri ilə ölkəmizin münasibətlərinin dərinləşməsinə xidmət edir.

TANAP Türkiyənin Gürcüstanla sərhədindən başlayır və Yunanıstan sərhədində - Ədirnənin İpsala rayonunda Trans-Adriatik Boru Kəmərinə, yəni TAP-a birləşdirilməlidir. İqtisadçı-ekspertlərin rəyinə görə, Azərbaycan qazının Avropaya nəqlinin başlanması hazırda ölkəmizin ixrac etdiyi ümumi qaz həcminin 2 qat artırılmasına imkan verəcək. Bu isə dövlət büdcəsinin gəlirlərinin artırılması üçün önəmli bir mənbədir.

Enerji sahəsində strateji tərəfdaşlığı ehtiva edən layihələrin həyata keçirilməsi nəinki regionun, həm də beynəlxalq birliyin marağında olan işlərdir. “Cənub Qaz Dəhlizi”nin mühüm tərkib hissəsi olan TANAP və onun davamı kimi TAP layihələri, həmçinin Xəzər hövzəsindən Avropaya karbohidrogen ehtiyatlarının nəqlinə yönəlmiş və Azərbaycan, Gürcüstan və Türkiyənin bu layihələrin uğurlu fəaliyyət göstərməsinə imkan yaradan enerji layihələrinə tam siyasi dəstək var. Çünki, bu layihələr bu üç ölkəyə valyuta qazandırmaqla bərabər Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük zəmanətdir.

Avropa İttifaqının və onun müttəfiqi ABŞ-ın ciddi maraq göstərdiyi “Cənub Qaz Dəhlizi”nin əsas kəmərləri – TANAP və TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli neçə vaxtdır ki, dünya iqtisadçılarının diqqət mərkəzindədir. Cəmi bir neçə il əvvəl bu layihənin gerçəkləşdirilməsinə şübhə ilə yanaşılırdı. Hətta bəzi qüvvələr buna ciddi müqavimət göstərirdi. Bir qisim isə qeyri-rentabellikdən danışaraq layihənin mənasızlığına istinad etməyə çalışırdı. Lakin Azərbaycan-Türkiyə milli, iqtisadi və siyasi qardaşlığının gözəl bəhrəsi olan layihənin ilk yarısı keçən il işə düşüb. Bir neçə gün əvvəl Trans-Anadolu Qaz Kəməri Avropa sərhədinə çatııb. Artıq bu layihənin səmərəliliyinə tərəddüdlə yanaşan ölkələrin fikri dəyişib. İllik 31 miyard kubmetr təbii qaz ötürməyə qabil olan kəmərdən yararlanmağa çalışan dövlətlər təkliflər verməyə başlayıblar. Ümumiyyətlə, hələ bir neçə il əvvəldən bu məsələ ilə maraqlanan dövlətlər vardı. Lakin işlər irəlilədikcə təkliflər və arzular da konjretləşir və gündəmə gətirilir. Xüsusilə Türkmənistan, Qazaxıstan, İraq və İranın bu layihəyə marağı ciddidir. Türkmənistan ilə Azərbaycanın Xəzərin dibindən Trans Xəzər qaz kəməri çəkmək barədə ideyasının TANAP-dan sonra layihəyə çevrilmək şansı xeyli artıb.

Avropa ittifaqı (Aİ) əlavə potensial təchizatçıların Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaq marağını alqışlayır. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç keçən il bu haqda deyib: “Biz hesab edirik ki, “Cənub Qaz Dəhlizi”nin mənbəyi “Şahdəniz” yatağı ilə məhdudlaşmır. Ona görə də biz Xəzər, Mərkəzi Asiya, Yaxın Şərq, Şərqi Aralıq dənizi və Qara dəniz regionlarından potensial əlavə təbii qaz təchizatçılarının Avropaya təbii qaz nəqlinin gələcək diversifikasiyası üçün qoşulmaq marağını alqışlayırıq”.

Hazırda Avropa İttifaqı ölkələrinin təbii qaza olan tələbatı sürətlə artır. Belə ki, bu ölkələrdə ekoloji tarazlığı qorumaq məqsədilə mazut, dizel və digər bu kimi hisli yanacaq növlərindən imtina olunur. Bunların yerini təbii qaz tutur. Bu səbəbdən cəmi bir neçə il ərzində regionun qaza olan tələbatı iki dəfə artaraq ildə 400 milyard kubmetrə çatacaq. Mütəxəssislərin bu hesablamaları həm də həyacan təbili deməkdir. Ona görə ki, bu qədər qazı əldə etmək məsələsi var. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü və səyi ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” strateji mahiyyət kəsb edir. Bu mənada digər regionların bu kəmərdən istifadə arzusu yalnız alqışlanır.

“Cənub Qaz Dəhlizi”nin müştərilərinin artması Azərbaycanın birbaşa uğuru və qazancının artması deməkdir. İlk növbədə tranzit daşımalarının ölkəyə gələn valyutanın artmasına güclü müsbət təsiri olacaq. İkincisi, iqtisadi əlaqələrin genişlənməsi əməkdaşlığın üfüqlərini də uzadacaq və ölkənin imicinə yeni güc verəcək. Ölkədə tikintisi sürətlə davam edən Ələt limanının və Ələt Azad iqtisadi Zonasının yaradılması prosesi yeni impuls alacaq. Nəticə etibarı ilə daha geniş arealda ölkələri Avropanın enerji təhlükəsizliyi prosesinə qoşmaqla Azərbaycan beynəlxalq sanbalını daha da artıracaq və geosiyasi imkanlarını genişləndirəcək.

N.NOVRUZ

Sizin Reklam Yeriniz